Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşri olan "Dövlət və din" dərgisinin 4-cü sayı işıq üzü görüb. Toplunun "Rəsmi guşə" bölümündə prezident İlham Əliyevin "Təzəpir" məscid kompleksinin yenidən istifadəyə verilməsi mərasimindəki iştirakı və nitqi, habelə din xadimlərinin çıxışları yer alıb. Oxucular toplunun bu sayında Nailə Süleymanovanın "Azərbaycanda təcvid elmi", Aynurə Məmmədovanın "Azərbaycanda Quran tədrisi və hafizlik", Günel Yusifinin "Dövlət-din münasibətlərinin tənzimlənməsində Türkiyə təcrübəsi", Radif Mustafayevin "İslamda cəmiyyət modeli", Zamin Məmmədovun "Dini qurumların qeydiyyatında yeni mərhələ" və s. yazıları ilə tanış ola bilərlər.
   Jurnalın "İslam həqiqətləri" bölməsinə Nəriman Qasımoğlunun "İslam və millilik", Anar Əliyevin "İslam sülh və barış dinidir", Tərxan Paşazadənin "İslam fəlsəfəsi" adlı məqalələri və digər yazılar daxil edilib.
   Ənənəvi "Dinlər, təriqətlər, cərəyanlar və təlimlər" başlığı altında Abutalıb Məmmədovun "Vəhhabi təfəkküründə şirkin meyarı", Anar Əlizadənin "İlkin dini təsəvvürlər səmavi dinləri inkar edirmi?" və Namiq Zeynəddinin "Siqhizm" adlı məqaləsi çap olunub.
  
   “Turan”