Sentyabrın 12-13-də Şəkidə “Azərbaycan Respublikasında demoqrafik inkişaf: əhali məskunlaşmasının perspektivləri və regional problemləri” mövzusunda elmi-praktik konfrans keçiriləcək. Tədbirin təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutu, Prezident yanında Bilik Fondu, Şəki Şəhər İcra Hakimiyyəti və AMEA Şəki Elmi Mərkəzidir.
Tədbirin keçirilməsində məqsəd ölkədə demoqrafik inkişaf problemləri, əhali məskunlaşmasının səmərəli ərazi təşkili, məskunlaşma areallarının ekocoğrafi problemlərini müzakirə etməkdir. Əhalinin milli-etnik tərkibinin formalaşması, multikulturalizm və tolerantlıq, əhalinin məşğulluq problemi, turizm-rekreasiya ehtiyatlarından istifadə, əhalinin iş yerləri ilə təminatı və s. kimi məsələlər nəzərdən keçiriləcək.
Bölmə iclasları “Şəki-Zaqatala iqtisadi rayonunun demoqrafik vəziyyəti və sosial-iqtisadi inkişaf problemləri”, “Şəki-Zaqatala iqtisadi rayonunda təbii-dağıdıcı hadisələr və onlardan mühafizə tədbirləri” və “Şəki-Zaqatala iqtisadi rayonunda təbii-iqtisadi və landşaft-ekoloji potensialdan səmərəli istifadə edilməsi” mövzularına həsr olunacaq.