Sadıq Tağızadə 

Tərtər şəhər 6 saylı orta
məktəbin 11-ci sinif şagirdi

Sənsiz mən gülməyəcəyəm

Mənim Azərbaycanım, sənsiz mən gülməyəcəm,
Ağdam, Qubadlı, Zəngilan, sənsiz mən gülməyəcəm.

Sən yada əyilməzdin,  Xocalı, niyə əyildin?
Olmuşam gözləri giryan, sənsiz mən gülməyəcəm.

Laçın igidlər oylağı, Şuşa sənət qaynağı,
Səni satdı hansı nadan, sənsiz mən gülməyəcəm.

Gözəl yaylaqları vardı Ağdərə mahalının,
Hanı həminki dövran, sənsiz mən gülməyəcəm.

Zəngilan, sən yadları qoymaz idin torpağına,
Etmisən məni pərişan, sənsiz mən gülməyəcəm.

Cəbrayılla Füzuli işıq verir torpağıma,
Tanınıbdır zaman-zaman, sənsiz mən gülməyəcəm.

Sadiqin içində vətənə bir məhəbbət var,
Olmuşam, vətən, nigaran, sənsiz mən gülməyəcəm.

Qəlbimin səsi

Qəlbimin səsinə qulaq asırdım,
Səni sevməyimdən yaman danışır.
Sözlərini kəsməməkçün susurdum,
Danışır, danışır səndən danışır.

Danışır sevginin ilk baharından,
Əl-ələ tuturduq gəzirdik qoşa.
Sevinclə keçirdin, mənim yanımdan,
Günümüzü belə vurardıq başa.

Danışır, deyir sevincli olanda,
Qoşa oturardız, gülüşərdiniz.
Elə ki, çıxılmaz sual olanda,
Cavabın birlikdə bölüşərdiniz.

Qəlbim mənə deyir, ağlama bəsdi,
Ağlamaqdan mənim ürəyim əsdi.
Sadiqin qəlbindən gələn bir səsdi,
Hey sevgidən, məhəbbətdən danışır.

Dostlara

Adaşım Şirinov yaman sızlayır,
Göz yaşları  ürəyimi dağlayır.
Önümdə oturub zar-zar ağlayır,
Şirinov, dərdini-sərini bildim.

Rövşən pərvanədir, şəmsiz qalıbdır,
Sanki cavan yaşda gül tək solubdur.
O da bir bülbüldür, bağa qonubdur,
Ay Rövşən, dərdini-sərini bildim.

Ceyhun yaralıdır,  yardan yaralı,
Məhəbbət bağında olub  sıralı.
Qardaşım, sən niyə oldun xətalı?
Ay Ceyhun, dərdini-sərini bildim.

Bəs niyə heç məni döyən də yoxdu?
Sanki dərd-sərimi bilən də yoxdu.
Mənə yaxınlaşıb deyən də yoxdu,
Ay Sadiq, dərdini-sərini bildim.