“I love Baku” brendi ziyarətçilərin diqqətini xüsusilə cəlb edir

Xəbər verdiyimiz kimi, sentyabrın 19-dan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə “Azərbaycan şəhərciyi” fəaliyyət göstərir.

Parisin mərkəzində, Eyfel qülləsinin yanında açılmış “Azərbaycan şəhərciyi” fransızların və bu şəhərdəki turistlərin sevimli məkanına çevrilib. Burada ölkəmizin tarixi və mədəniyyəti, adət-ənənələri, müasir həyatı ilə yaxından tanış olmaq mümkündür.
2014-cü ildən etibarən artıq 3-cü ildir ki, reallaşdırılan layihə Fransa sakinləri və turistlər arasında böyük maraq doğurduğundan bu dəfə “Azərbaycan şəhərciyi”nin konsepsiyası genişləndirilib.
Şəhərcikdə qonaqlara Azərbaycanın ilk rəsmi hədiyyə və suvenir brendi olan “I Love Baku” təqdim olunur. Bu bölmədə milli ənənələrimizdən qaynaqlanaraq müasir zövqü oxşayan müxtəlif suvenirlər əldə etmək olar.
“I love Baku” ölkəmizin tanınmış ilk hədiyyə və suvenir brendidir. Brendin adət-ənənələrimizi əks etdirən hədiyyə və suvenirləri ziyarətçilərin diqqətini daha çox cəlb edir. Brendin suvenirləri üzərində Qobustan petroqrifləri, Azərbaycan xalçaçılıq motivləri, qədim miniatürlərimiz əks olunur.
Şəhərciyin kitabxana zonasında ziyarətçilərin ölkə barədə təəssüratları bir qədər də zənginləşir. Burada Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri nümayiş etdirilir və qonaqlara hədiyyə olunur.
Şəhərcikdə milli mətbəx ənənələrini təbliğ edən Heydər Əliyev Fondunun “Azərbaycan mətbəx mədəniyyəti” adlı yeni nəşrində yer alan şəkillərin müəllifi Fransada yaşayan tanınmış amerikalı fotoqraf Peter Lippmanndır.
“Azərbaycan şəhərciyi”ndə ilk dəfə olaraq “Qız qalası” Beynəlxalq İncəsənət Festivalı da təşkil olunub. Festival 2013-cü ildə Kann şəhərindən sonra ikinci dəfədir ki, Azərbaycandan kənarda keçirilir.
Parisdə “Azərbaycan şəhərciyi” sentyabrın 25-dək fəaliyyətini davam etdirəcək.