Dilçilik tariximizdə ilk dəfə olaraq “Azərbaycan dilinin orfofoniya lüğəti” filologiya üzrə elmlər doktoru, Azərbaycan Dillər Universitetinin (ADU) professoru Fəxrəddin Veysəllinin rəhbərliyi və redaktəsi ilə çap olunub.
Bu barədə qəzetimizə bilgi verən F.Veysəlli bildirib ki, sözlük üzərində 10 ildir işləyir: “Belə bir lüğət alman, ingilis, fransız və rus xalqında var. Həmişə istəmişəm ki, bizim də belə bir lüğətimiz olsun. Bir neçə il bundan öncə müəlliflər kollektivi ilə işə başladıq. Bu kitab radio, televiziya işçilərinin stolüstü kitabı olacaq. Lüğətdə sözün deyiliş normasına uyğun bütün xüsusiyyətləri öz əksini tapıb. Sözlərin vurğusu, morfem tərkibi, sait və samitlərin tələffüz xüsusiyyətləri Beynəlxalq Fonetika Cəmiyyətinin əlifbası əsasında tərtib olunub. Bu da imkan verəcək ki, dilimizi bilməyən yabançılar da istənilən sözümüzü düzgün tələffüz edə bilsinlər”.
F.Veysəlli lüğətin hazırlanmasında ADU-nun fransız dili müəlliməsi Xumar Əsgərovanın ayrıca zəhməti olduğunu qeyd edib. 1052 səhifəlik kitab “Mütərcim” nəşriyyatında işıq üzü görüb.
Bundan başqa, professor F.Veysəllinin “Seçilmiş əsərlər”inin 3-cü cildi də çapdan çıxıb. Kitabda tanınmış dilçi-alimin elmi yaradıcılığında xüsusi bir istiqamət olan sosiolinqvistika, eləcə də dilimizin və dilçiliyimizin aktual məsələləri yer alıb.

S.Qaliboğlu