Astanada keçirilən festivalda Azərbaycan guşəsi nümayiş etdirilib

Astanada Qazaxıstanın dövlət müstəqilliyinin 25 illiyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində “Dilimiz bir, diləyimiz bir” adlı mədəniyyət festivalı keçirilib.
Paytaxtın 48 saylı liseyində keçirilən festivalda Azərbaycanın Qazaxıstandakı səfirliyinin dəstəyi ilə yaradılan guşədə xalqımızın mədəniyyəti, milli mətbəxi nümayiş etdirilib. Xalçalarımız, milli mətbəximiz haqqında məlumatlar toplusu və nəşrlər xüsusi maraq doğurub.
Festival dünya xalqlarının mahnı və rəqslərindən ibarət konsert proqramı ilə davam edib. Hindistan, İndoneziya, Böyük Britaniya, Pakistan, Çin, Almaniya, Türkiyə, Rusiya və Gürcüstanı təmsil edən şagirdlər milli musiqi və rəqsləri nümayiş etdiriblər. Azərbaycanın milli mətbəxi və musiqisi tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.