Vüqar Vaqifoğlu
  
   Çevir məni başına
  
   Əgər varsa günahım,
   Xatirimə bağışla.
   Desən ki, uç göylərə,
   Qayıdaram yağışla.
   Səpələnib başından,
   Süzülərəm qaşına,
   Çevir məni başına .
  
   Çəmənimdə aç, çiçək,
   Qoxulayım ətrini.
   De, kim saxlar mənim tək
   Gülüm, sənin xətrini
   Gəl, daş ataq ömrümün
   Gəribliyin daşına
   Çevir məni başına
  
   Qəribsəmiş könlümü,
   Gəl, ovundur ay gözəl.
   Ulduzlar əl eyləyir,
   Gülümsəyir, Ay, gözəl
   İstəyirsən məni sən,
   Dəli, Məcnun say, gözəl
   Çox çətin ki, ürəyim
   Bu fikirdən daşına,
   Çevir məni başına.
  
   Həyat eniş-yoxuşlu,
   Bu yollardan keçəm mən.
   Bu dünyada yaxşını
   Yamanından seçəm mən.
   Özün yaxşı bilirsən,
   Gülüm, sənsiz heçəm mən.
   Səninlə yaz gətirrəm,
   Sevgimizin qışına.
   Döndər məni başına,
   Çevir məni başına.
  
   Zirvələr ucalmaq öyrədir mənə
  
   Torpağa bağlayıb kökümü mənim,
   Üç görmək istəyib ikimi mənim.
   Ölçməmiş-biçməmiş yükümü mənim,
   Dumanı geyinib yalın əyninə
   Zirvələr ucalmaq öyrədir mənə.
  
   Ünvanı bəllidir, adı bəllidir,
   Bilən yox yaşını yüzdür, əllidir.
   Əlini uzadıb mənə əl edir,
   Qalın buludları alıb çiyninə
   Zirvələr ucalmaq öyrədir mənə.
  
   Bir başı bəlalı sevgi də vardı,
   Bilmədim heç onu kimlər apardı.
   Axtaran olsaydı, bəlkə, tapardı
   Vaxt hanı qayıdam bir də o günə
   Zirvələr ucalmaq öyrədir mənə.
  
   O gördüyüm arxın suyu kəsilmiş,
   Sən demə, o da bir quru səs imiş.
   Görüb-götürdüyüm onda bəs imiş
   Qoy görüm başıma nə gəlir yenə?!
   Zirvələr ucalmaq öyrədir mənə.
  
   Tapqırı qırılıb, çulu düşməmiş,
   Bir atın yüyəni mənə yetərmiş.
   Əkib-əkəcəyim hələ bitməmiş,
   Bilmirəm, hələlik nə deyim sənə,
   Zirvələr ucalmaq öyrədir mənə.
  
   Dəyirmançı deyiləm ki…
  
   Yaxşı gündə yada yaxın,
   Yaman gündə sına məni.
   Necə olsa, dosta sığın
   Darda qalsan, qına məni.
  
   Babadağıyam, sənsə duman,
   Mən ümidəm, sənsə güman.
   Qəlbim səndən sevgi uman,
   Qıyma, qəlbim sına mənim.
  
   Çox sınadıq bəxtimizi,
   Tale ayrı saldı bizi.
   «Bir azca döz» - sözün düzü
   Gətiribdir, cana məni.
  
   Sən sualsan - cavabınam,
   Ayın, ilin - hesabınam.
   Oxunmamış kitabınam -
   Oxu, çatdır, sona səni.
  
   Bir ocaqsan, közünəm mən,
   Gül dodaqsan sözünəm mən
   Təpə-dırnaq dözüməm mən
   Tay tutma gəl, ona məni
  
   Biz bir idik, yüz olmuşuq,
   Dilə düşüb söz olmuşuq.
   Gündüz nəyə gərək işıq -
   Qoyma yana-yana məni.
  
   Çəkilən mən, çəkən də sən,
   Tikilən mən, tikən də sən,
   Sökülən mən, sökən də sən
   Salma dondan-dona məni
  
   Vüqar, dənmi döyülsünmü?!
   Hər daş altda üyülsünmü?!
   Dəyirmançı deyiləm ki,
   Zaman salıb una məni.
  
   Həyatda biganə ola bilmirəm!
   «Çox yaşamaq istəyirsənsə, çox şeyə qarşı biganə ol!» -
    deyən bir həkimə cavab
  
   Tutaq ki, yaşadım sən deyən kimi,
   Biganə kəsildim qohuma, yada.
   Qorudum həyatda qalan ömrümü,
   Mənə bir faydası oldu dünyada.
  
   Yaşadım əlli il, altmış il, nəsə,
   Ürək dediyini özü eşitdi.
   Həyatda yaşamaq tək bu idisə
   Onda qazancımdan kimə nə düşdü?!  

   Ürək hər arzuya olsa da hakim,
   Hər şeyi ürəkdə daşımaq olmur.
   Axı, bu dünyada qayğısız, həkim,
   Vallah, insan kimi yaşamaq olmur.
  
   Özünə yurd salar ürəyimdə qəm,
   Arzumu ümidsiz daşıyıramsa.
   Həyatda biganə ola bilmirəm,
   Əgər insan kimi yaşayıramsa.
  
   Yaram gözün açdı həsrət
  

   Xəyal qanad aldı yeldən,
   Uçub xəbər tutsun eldən.
   Dəniz gözüm, şirin dildən -
   Duyğularım çaşdı-neynim?!
  
   Bağrıma od bükdü qürbət,
   Yaram gözün açdı həsrət.
   Gözlərimə çökdü zülmət
   Bəxtim çürük, puçdu - neynim?!
  
   Demə, ömür ötər gendə,
   Doğmalar uzaq düşəndə.
   İtirmişəm məni, məndə
   Qismət, nəhsə tuşdu-neynim?!
  
   Vaqifoğlu, dağlıyam mən,
   El-obama bağlıyam mən
   Bir yaz, bahar çağlıyam mən,
   Ruhum yenə coşdu neynim?!