Dünya kinosunda qadın rejissorların imzalarına hələ kinonun səssiz dövründə rast gəlinirdi. Yüzlərlə kişi rejissorların arasında onlar tək-tək gözə dəysə də, ötən əsrin iyirminci illərində Fransa kinosunda avanqardın atası sayılan Lui de Lukun tələbəsi Jermen Dulak artıq impressionist filmlər çəkirdi. Onun «İspan bayramı», «Gülümsəyən madam Böde» filmləri kino tarixində özünəməxsus yer tutur. Bolqarıstanda Binka Jelyaskovanın antifaşist ruhda çəkdiyi «Biz necə də gənc idik» filmi 1961-ci ildə Beynəlxalq Moskva Kino Festivalında mükafata layiq görülmüşdü. Fransız yazıçı-ssenarist, rejissor Margerit Dyuranın «Qanqadan olan qadın» (1974), «Kəlküttə səhrasında onun adı Venetsiyadır» (1976) filmləri olduqca məşhur idi. Çex Vera Plivova-Şimkova «Kino necə çəkilir?» (1977), «Tom Soyyerin macəraları» kimi filmlər çəkirdi. Yaponiyada Kinuyo Tanaka «Sevgi məktubu», «Ay çıxmadı», «Cənab O-Qin» kimi qadınlara xas romantika ilə dolu filmlərlə məşhurlaşmışdı. Rus qadın rejissoru Larisa Şepitko «Dəvə gözü» filminə görə Karlovı-Varı Beynəlxalq Festivalının, «Yüksəlmə» filminə görə isə Qərbi Berlin festivalının «Fipressini» mükafatını qazanmışdı. Sadaladıqlarım kifayət edər. «Qadın kinosu» deyilən bir anlam yaranıb Müasir dünya kinematoqrafiyasında artıq «qadın kinosu» deyilən bir anlam yaranıb. Onların çəkdiyi filmlər nəinki müxtəlif beynəlxalq festivalların qalibi olur, prokat uğuru qazanır, həm də dünya kino prosesindən heç də kənarda qalmır. Əksinə, ona təsir göstərmək gücündədirlər. Hollivudda Nensi Mayersin çəkdiyi filmlər məşhurdur. Onun «Qadınlar nə istəyir?» komediyasına, demək olar ki, dünyanın hər yerində kişilər də maraqla baxır. Odessalı kinorejissor Kira Muratova Rusiyanın ən nüfuzlu «Triumf», «Nika» mükafatlarını qazanıb. Kişi rejissorların əksəriyyətində çatışmayan bir cəsarət nümayiş etdirərək vaxtı ilə sovet senzurasından keçən «Boz daşlar arasında» adlı bütöv bir filmdən imtina edərək adını titrlərdən çıxarıb. Cəmi 23 yaşı olan iranlı Samirə Mahmalbafın «Məktəb löhfələri» filmi hələ üç il əvvəl «Kann»da münsiflər heyətinin mükafatına layiq görülmüşdü. Onun Kannda nümayiş etdirilən sonuncu «Sübh tezdən saat beşdə» filmi əfqan qadınlarına həsr olunmuş antiamerikan ruhludur. Nəhayət, avstraliyalı Ceyn Kempion dünya kino tarixində yeganə qadın kinorejissordur ki, çəkdiyi «Fortepiano» filminə görə «Qızıl palma budağı»na layiq görülüb. Hələ 11 il əvvəl isə 1982-ci ildə çəkdiyi tələbə işinə görə Kempion Beynəlxalq Kann Festivalının mükafatını qazanmışdı. Rusiyada qadın rejissorların sayı daha çoxdur. Bəs bizdə? Onların sayı bir əlin beş barmağı qədər deyil. Bədii kinoda işləyən və müsqəqil olaraq filmlər çəkən cəmi dörd qadın rejissorumuzun adı çəkirlir: Qəmər Salamzadə, Zeynəb Kazımova, Gülbəniz Əzimzadə və Leyla Səfərova. Qadın rollarını çox vaxt kişilərin yaratdığı kinomuzun səssiz dövründə ilk azərbaycanlı qadın rejissoru olan Qəmər Salamzadə «Qızıl kol» (1930) filmində rejissor köməkçisi kimi çalışırdı. Hansı ki, həmin vaxt dünya kinosunda Jermen Dulak artıq öz kino nəzəriyyəsini yaradırdı. Uzun müddət bizdə qadına müstəqil olaraq film etibar etmədilər. O vaxt film çəkmək yalnız kişilərə həvalə olunurdu. Maraqlıdır ki, indi də əksər kişi rejissorlarımız bu sahədə çalışan qadınlara şübhə ilə yanaşırlar. Müxtəlif vaxtlarda kinoda gah rejissor assisenti, gah da rejissor köməkçisi kimi çalışan Q.Salamzadə yalnız 1937-ci ildə (bir çox kişi sənətçilərimiz repressiya uğrayandan sonra) «Dəcəl dəstə» adlı səsli bir fıilmdə Aleksandr Popovla yanaşı filmin rejissorlarından biri kimi çalışır. Müstəqil olaraq isə ona bədii film çəkmək qismət olmur. Güman ki, onun belə iddiası vardı. Həmin filmdə rejissor köməkçisi ikinci bir qadın rejissorumuz Zeynəb Kazımova olur. Hər iki qadın daha sonra «Səbuhi» filmində rejissor assisenti kimi fəaliyyət göstərirlər. Dünyanın müxtəlif ölkələrində nümayiş etdirilən «Arşın mal alan» (1945) filmində rejissor assisenti olmuş Z.Kazımovaya nəhayət, 1961-ci ildə «Həyat öyrədir» adlı qısametrajlı bir film çəkməyi tapşırırlar. Film hansısa bir kolxozunun sürücüsündən bəhs edir. Bundan sonra Z.Kazımova «Kimi daha çox sevirik?» kinoalmanaxına daxil olan «Dağ meşəsindən keçərkən» (1964) novellası əsasında film çəkir. Sonradan hər iki rejissor öz fəaliyyətini sənədli kinoda davam etdirərək bir daha bədii kinoya qayıtmırlar. Nəhayət, Gülbəniz Əzimzadə... Qadın rejissorlarımız arasında daha çox tanınan və filmlərinin də sayı yetərincə olan Gülbəniz Əzimzadədir. O, kino fəaliyyətinə müstəqil olaraq çəkdiyi, «Ömrün səhifələri» almanaxına daxil olan «Nəğmə dərsi» filmi ilə başlayır. Daha sonra Anarla birgə «Dantenin yubileyi» filmini çəkir. Bu filmdən sonra yazıçı ilə rejissorun birgə bir neçə işləri olur: «Ötən ilin son gecəsi», «İmtahan» kimi bədii televiziya filmləri. Daha sonra Gülbəniz xanım «Təkcə adanı özünlə apara bilməzsən», «Qaladan tapılan mücrü», «Avqust gələndə» kimi uşaq filmlərinə, «Qətl günü», «Müqəddəs oda yanaram», «Ümid» kimi aktual mövzulu filmlərə quruluş verdi. Həmişə müstəqil film çəkməyə can atan G.Əzimzadə filmlərində ciddi məsələlərə toxunsa da, onun qadın qəhrəmanlarında rejissorun öz qadın məni görünmür. Onun Yusif Səmədoğlunun eyniadlı romanı əsasında çəkdiyi «Qətl günü» filmi tarixin üç zaman kəsiyini əhatə edir. Orxan Fikrətoğlunun ssenarisi əsasında çəkilən «Ümid» filmi isə Qarabağ mövzusuna həsr olunub. Göründüyü kimi, qadın üçün olduqca ağır mövzulara toxunan rejissorun bu filmlərinin nə dərəcədə alınıb-alınmamasından danışmağa ehtiyac hiss etmirəm, hər halda əksər kişi rejissorlarımızın çəkdiyi bir çox filmlərdən daha uğurludur. Bu filmlər azərbaycanlı tamaşaçı tərəfindən sevə-sevə baxılır. Son Son illərdən isə 1990-cı ildə debütant-rejissor Mehriban Ələkbərzadənin çəkdiyi «Güzgü» filmini misal gətirə bilərik. Toy adət-ənənələrimizdən bəhs edən film 2002-ci ilin avqust ayında keçirilən «Bizim naməlum kino» festivalının qalibi olmuşdur. Son illər Mehriban Ələkbərzadəyə tammetrajlı bədii film çəkmək də qismət oldu – «Məhkumlar». Azərbaycanda qadın rejissorlar var, amma «qadın rejissorluğu», «qadın kinosu» deyilən bir şey hələ yoxdur. Ümumiyyətlə, bizim qadınlar kinonun müxtəlif sahələrində bacarıqla çalışmış və özlərini təsdiq edə bilmişlər. Rəssamlardan Firəngiz Qurbanova (yeri gəlmişkən, o, Azərbaycanda cizgi filmləri çəkən yeganə qadın rejissor, animatordur), Fatma Qurbanova, səs operatorlarından Nataliya Nuriyeva, Tatyana Kərimova, səs rejissorlarından Ruhəngiz Qasımova (o, həm də kino bəstəkarı idi), ssenari müəlliflərindən Alla Axundova, Tatyana Bəkirzadə və başqalarının adını çəkmək olar. Hazırda ADMİU-nin rejissorluq fakultəsində qızlar da təhsil alır. İndi gənclər arasında qadın rejissorların olması gələcəkdə bu sahənin inkişafından xəbər verir. İntiqam






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar