Seçdiyi peşəsini  xarakteri ilə uzlaşdırıb, insanın şəxsiyyətini müəyyənləşdirmək olar. Bəlkə də elə buna görə  Fazil Salayev  rəssamlıq fırçasını aktyorluq sənəti ilə əvəzlədi.  O, Ə.Əzimzadə adına Bakı Rəssamlıq Texnikumunu bitirmişdi. İstedadlı aktyor teatr və kino aləmində yaratdığı bir-birindən maraqlı obrazlarla yadda qaldı. Fazil Salayev Azərbaycan teatr və kino sənətindəki hər bir çıxışı ilə cəmiyyətin diqqətini çəkməyi bacardı.

Onun ifasını birnəfəsə izləyirik desəm, yanılmaram. İstər teatr, istərsə də kino yaradıcılığında yersiz söz və hərəkətlərə yer vermədən tamaşaçıda komediyaya olan marağı daha da qabartdı. Musiqili Komediya Teatrında və Akademik Dram Teatrda yaddaqalan obrazlar qalereyası yaradan Fazil Salayev hər bir janrın tələbinə uyğun olan jestlər yaradaraq əsərin mahiyyətini, rejissor ideyasını  tamaşaçıya səlis çatdırmağı bacardı. O çəkildiyi 40-a yaxın filmdə də istedadını dönə - dönə təsdiqlədi.
1980-ci illərin təqdirəlayiq televiziya proqramlarından biri olan "Komediyalar aləminə səyahət" verilişində  komik aktyor  Əliağa Ağayevlə Fazil Salayev dueti bu gün də tamaşaçılar üçün doğma olduğu qədər də əziz və dəyərlidir. Çünki dövrünün mikroaləmini, mövhumatçılığı satirik boyalarla, məzmunlu replikalarla tənqid atəşinə tutan komik cütlüyün orijinal ifa və jestləri fərqlidir, yaddaqalandır. Görkəmli sənətkarlarla tərəf-müqabil olmuş, böyük teatr məktəbi keçmiş aktyorun kino yaradıcılığı bu meyarlar fonunda monumentaldır.


Fazil Salayevə kinoda kiçik və epizodik rollar həvalə olunub, ancaq o, hər bir  rolu yaddaqalan formada təqdim edib. Obrazların doğru ünvanlanması aktyorun istedadının əyani təsdiqi deməkdir. Görkəmli rejissor Həsən Seyidbəyli bir neçə filmində aktyora həvalə etdiyi kiçik rollar çərçivəsində Fazil Salayev fenomenini xarakterik obrazlar ifaçısı kimi təqdim edir. O çəkmiş olduğu  "Möcüzələr adası", "Sən, niyə susursan?" filmində istedadlı gəncin aktyorluq məharətini doğru istiqamətləndirərək ona tapşırdığı epizodik rolların fonunda komik cizgiləri aşkar edir. Bundan sonra mütəmadi olaraq digər rollara dəvət alan Fazilin aktyor yaradıcılığında komik obrazlar çoxluq təşkil edir. Fazil Salayevin dar çərçivədə personajlarını unudulmaz etməsi onun daha böyük rollara vəsiqə alması demək idi.  "Mozalan" satirik kinojurnalında Fazil Salayevin ifasında mikrorayonda yaşayan bir kişini səhərədək yatmağa qoymayıb, sonda isə onu ruhi xəstəyə çevirən insanlardan söhbət açan qısametrajlı filmin bu gün də geniş tamaşaçı auditoriyası var. Təbii ki, filmin yadda qalmasında seçilən mövzunun daim aktual olması və aktyorun personajlara bənzərsiz traktovkalar verərək ekranda vəziyyətə uyğun ciddi komediya yaratmasıdır. Aktyorun "Mozalan" satirik kinojurnalında yaratdığı Sərxoş obrazı da ("Arzu" novellası) xarakterik və düşündürücüdür. Metroya minməyi arzulayan sərxoşun qeyri-normal hərəkətlərini pantomim jestlərlə təqdim edən aktyor elə ilk baxışda ictimai nizamsızlığa meyilli insanı gülüş hədəfinə çevirir. Özünü haqlı sayan sərxoş metroya düşə bilməməyində daim qanun keşikçilərini günahlandırır. Eyni zamanda    aktyor sadə bir arzunun reallaşmasını əngəlləyən sərxoşluğu yaddaqalan komik nüanslarla ifşa edir, içkinin əsiri olan iradəsiz,  aciz bir insanın cəmiyyət üçün yararsızlığını məharətlə göstərir. O,  komediyanın mənbəyini xarakterdə axtarmır, vəziyyətlə də səciyyələndirərək bütünlükdə hadisənin vaqe olduğu mühitə maraq yaradır. Məsələn,  "Alma almaya bənzər" filmində onun personajı köməkçi vasitədir. Amma aktyorun maraqlı ifaçılığı sayəsində obraz təvazökar bağbanın əziyyətini qiymətləndirilməsini tələb edən, haqqını tapdanmağa qoymayan  demokratik bir personaj, süjetin aparıcı qüvvəsi kimi diqqət çəkir. Onun yaratdığı obrazlar ona görə yaddaqalandır ki, o, prototipin xarakteristikasını hərtərəfli səciyyələndirərək filmin ümumi kompozisiyasına aydınlıq gətirirdi. Məsələn, "Sən, niyə susursan? " filmindəki Ramazan obrazında 5 dəqiqəlik kadrda qanundan qaçan cinayətkarların cəmiyyət üçün olan növbəti bir təhlükəli taktikası (yalançılıq) məharətlə göstərilir. Kiçik bir obrazın fonunda bizim üçün müəmmalı qalan tipajın ümumi xarakteristikası səciyyələnir, polis işçisinin Rasimə peşmanlıqla dediyi "sən bilirsən kimə kömək etmisən?"  sözlərindən də caninin necə "peşəkar" olduğu  təsdiqlənir. Filmdə obrazın yeri az olsa da, ancaq personajın həyatdakı mövqeyi maraq doğurur, uzun müddət düşünməyə vadar edir.


O, ifa etdiyi hər bir rolunda orijinal, yaddaqalan yeniliklər təqdim edirdi. Aktyorun müxtəlif tipli yaradıcılığında mental qaydalara, milliliyə dərin hörmət hissi duyulur. Məsələn, Şamil Mahmudovun çəkdiyi "Şərikli çörək" filmində o, dram aktyoru kimi də karyerasına dərin hörmət qazandırır. Bu obrazın fonunda aktyor müharibənin acısını, insanın maddi və mənəvi dünyasına vurduğu zərbəni  epizodik rolunda psixoloji çalarlarla kifayət qədər xarakterizə edir. Məhəmməd müharibədə aldığı kontuziyadan  hövsələsiz və əsəbidir. Əslində isə o, insanlığa xas olan müsbət xüsusiyyətləri özündə cəmləşdirməyə, müharibənin beyninə yeritdiyi əsəb virusunu ram etməyə çalışan bir adamdır. Filmdə obrazın muğam sədaları altında xəyala dalması da təsadüfi deyil. İlk baxışda yalnız yaşaması  üçün çalışdığını zənn etdiyimiz adi bir qırçının ac olduğu halda əsrarəngiz musiqinin sədaları altında süfrədən əlini çəkərək dərin düşüncələrə qərq olduğunu gördükdə,  xəyalları puç olmuş bir insanın sönmüş arzularına yas tutduğunu görürük. Müharibənin insanı nə dərəcədə cılızlaşdıra, acizləşdirə bilməsi aktyorun xəyala dalmış baxışlarında çox asan oxunur. Filmdə qırçı Məhəmməd rolu epizodik olsa da, obrazın traktovkasında, aktyorun məharətli ifası sayəsində filmin ümumi mahiyyəti, məntiqi mənası açıqlanır.


Fazil Salayevi qayğısız insan adlandırırdılar. Həyatda çətinlik çəkməməyinə baxmayaraq, yaratdığı bütün prototiplər  həyat qayğıları ilə çırpınan, neqativ halları ələ salan, replikalarla ədalətsizliklərə hayqıran personajlardır.  Ən əsası isə odur ki, o, aktyor həyatını seçməklə insanların qəribə talelərini, anlaşılmaz xüsusiyyətlərini  bəyaz çərçivə daxilində göstərməyi, düşündürməyi bacardı.

Şəhla Bürcəliyeva,
kinoşünas