SSRİ-nin və Rusiyanın xalq artisti Mixail Ulyanov teatr səhnəsində və ekranda obrazlar qalereyası yaradıb. O, zavod direktoru Abrikosov, kolxoz sədri Yeqor Trubnikov, Dmitri Karamazov, marşal Jukov və onlarca belə qəhrəmanları oynamaqla tamaşaçı sevgisini qazanıb. Mixail Aleksandroviç Ulyanov 1927-ci il noyabrın 20-də Omsk vilayətinin Berqamak kəndində doğulub. O, 1944-46-cı illərdə Omsk Dram Teatrının nəzdindəki studiyada səhnə fəaliyyətinə başlayıb.  1950-ci ildə isə Şukin adına Moskva Teatr Məktəbini bitirdikdən sonra Vaxtanqov adına teatrın truppasına qəbul olunur.

M.Ulyanov adlı-sanlı teatrın səhnəsində bir sıra yaddaqalan rollar ifa edib; Poqojin (F.Dostoyevskinin "İdiot"  əsərində) Stepan Razin (V.Şukşinin "Mən sizə azadlıq gətirmişəm"də), Yedigey (Ç.Aytmatovun "Əsrdən  artıq uzanan gün"), habelə V.Şekspirin "Antonio və Kleopatra" və  "III Riçard" tarixi  xronikalarındakı baş qəhrəman rollarını göstərmək olar. Bunlardan əlavə, Ulyanovun aktyorluq yaradıcılığında N.Poqodinin "Silahlı adam"da Lenin və M.Şatrovun "Brest sülhü"ndə Stalin kimi böyük tarixi şəxsiyyətlərin obrazları xüsusi yer tutur.

Aktyorun  komediya tamaşalarında da oynadığı rollar onun qeyri-adi istedada malik olduğunu sübut edir.  K.Qottinin "Turandet şahzadəsi"ndə Brigella, A.Ostrovskinin "Günahsız müqəssir"ində İsmaqa, M.Qorkinin "Vəhşilər" pyesində Tsıqanov, həmçinin televiziya və kinoda  ifa etdiyi rolları üst-üstə toplasaq, Ulyanovun geniş artistlik diapozonuna, güclü səhnə temperamentinə, daxili dramatizmə, eyni zamanda kəskin xarakterlər yaratmaq bacarığına heyrətlənməmək olmur.

Kinodramaturq G.Kapralov Mixail Ulyanovun həyat və yaradıcılığına həsr etdiyi "Talant, sovest i strast" ("İstedad, vicdan və ehtiras") adlı kitabında görkəmli incəsənət xadimini belə xarakterizə edib: "Mixail Ulyanov XX əsrin ortalarında səhnə fəaliyyətinə başlayıb. Onun incəsənətdə keçdiyi yarıməsrlik yaşa nəzər saldıqda, aktyorun yaradıcılıq palitrasının rəngarəngliyinə adam valeh olur. Obrazlı desək, onu planetin orbiti ilə müqayisə etmək olar. Ulyanov "planeti"nin cızdığı xəttə əsasən sovet cəmiyyətinin yarandığı gündən indiyə kimi baş verən hadisələri və insan talelərini öyrənmək olar".

M.Ulyanovun teatr səhnəsində və kinoda ən çətin və böyük məsuliyyət tələb edən işi - V.İ.Lenin obrazını canlandırmaq olub. 60-cı illərin sonunda o, teatrsevərləri N.Poqodinin "Silahlı adam" pyesində inqilab  rəhbərinin rolu ilə tanış edib. Əlbəttə, görkəmli sənətkarın Vaxtanqov teatrında və digər  teatrların səhnələrində oynadığı tamaşaların sayı olduqca çoxdur. Lakin demək lazımdır ki, M.Ulyanova dünya şöhrəti qazandıran onun kinoda yaratdığı obrazları olub.

Səssiz kino dövründə məşhur amerikalı aktrisa Merm Pikford "Gələcək kino artistlərinə on vəsiyyət" etmişdi: "Qabaqcadan əmin olun ki, sizin əsl dramatik istedadınız var. Kinoda işə başlamamışdan əvvəl çalışın səhnə işinin mahir, peşəkar bilicisi olasınız".

M.Ulyanov dramatik istedada malik olmasına teatr məktəbində təhsil aldığı zaman əmin olmuşdu. Vaxtanqov adına teatrda oynadığı rollar isə onun səhnə işinin mahir bilicisi olduğunu təsdiq və sübut edirdi. Bununla belə, kinonun öz xüsusi tələbləri var. Kinokameranın aktyorun sifətinə, gözlərinə yaxınlaşması, iri planda göstərilməsi, sifət əzələlərinin və baxışların hərəkətini ani olaraq dəyişməsini tutmaq, incə və dərin psixologizmi çox zəif hiss edilən emosional keçidlərlə rolu yarımtonda ifa etmək bacarığı - bütün bunlar teatr səhnəsində gözə görünmür. Bu keyfiyyətlərə malik olan aktyor Ulyanovu kinorejissorlar məmnuniyyətlə filmlərə dəvət edirdilər. Çox böyük daxili və xarici imkanlara malik olan Ulyanovun çəkildiyi ekran əsərləri məhz buna görə uzun ömürlü olurdu. Mixail Aleksandroviç özü də dəfələrlə qeyd edirdi ki, "kinoya müdaxilə etməkdən ötrü" çəkildiyi ilk rolların onun üçün böyük əhəmiyyəti var idi. 

.Ulyanovun ilk dəfə kinoda çəkildiyi rol komsomol katibi Kolıvanov ("Onlar birinci olublar"(1956))  olub. Ardınca "Mənim yaşadığım ev" (1957), (geoloq Kaşirin); "Könüllülər" (1958), (kommunist Kaytanov); "Sadə əhvalat" (1960), (raykom katibi Danilov) filmlərində aktyorun güclü temperamenti, cəsarətli və ciddi oyun üslubu, obrazın psixoloji cəhətlərini incə nüanslarla ifa etmək bacarığı özünü göstərirdi. Bu filmlərdən sonra tamaşaçı onu bəyəndi, sevdi və unutmadı. Ulyanovun ilk kino rollarını müasirlərimizin portretlərinin yalnız eskizləri kimi qəbul etmək olar. Sonra "Yolda döyüş" (1961) filmində mühəndis Baxirevin roluna çəkilir. Yeni həyat uğrunda, onunla bərabər  mübarizəyə qoşulan ehtiraslı döyüşçülər Ulyanova bir aktyor və vətəndaş kimi daha yaxın və doğmadır.

Uzun illər kolxoz təsərrüfatına rəhbərlik edən Yeqor Trubnikov Ulyanovun güclü ifası ilə milyonların yaddaşına həkk olunub. İki qardaşın savaş səhnəsi amansız həqiqətin təzahürü kimi ekranda təsvir edilir. Bü film 1966-cı ildə Lenin mükafatına layiq görülüb.

"Karamazov qardaşları" (1969)  ekran əsərində Dmitri Karamazovun rolunu oynayan Ulyanov öz qəhrəmanı haqqında belə deyib: "Mən istəyərdim ki, onu ağıllı və divanə, ziddiyyətli və məqsədyönlü, coşqun ehtiraslı və sakit, pozğun və bakirə uşaq kimi dərk edim və oynayım". Yeri gəlmişkən, qeyd edək ki, bu filmin 3-cü seriyasının rejissoru K.Lavrovla bərabər M.Ulyanov olub.

Dörd dəfə Sovet İttifaqı Qəhrəmanı, marşal Georgi Konstantinoviç Jukovun roluna M.Ulyanov bir neçə ekran əsərində çəkilib: Y.Ozerovun "Azadlıq" kinoepopeyasında (1970-72), "Moskva uğrunda döyüş" (1974), "Blokada" (1975-78), "Azadlıq əsgərləri" (1983) və başqa filmlərdə. Ulyanov bu filmlərdə mətin iradəli, uzaqgörən sərkərdənin obrazını ustalıqla yaratmışdı. Xüsusilə, Jukovun Baş qərargahda, Smolnıda və cəbhə xətlərində iştirakı ilə çəkilən kadrlar unudulmazdır.

1971-ci ildə "Azadlıq" filminin çəkilişləri davam etdiyi vaxtlarda müxbirlərdən biri Ulyanovdan Jukovun obrazını kinolentdə əks etdirmək üçün onun hansı keyfiyyətlərini daha vacib hesab etdiyini soruşmuşdu. Ulyanov cavab vermişdi ki, ilk növbədə onu bu rola cəlb edən Georgi Konstantinoviçin tərcümeyi-halının diapazonu olub: kəndli oğlu, çar ordusunun keçmiş əsgəri, mərd kəşfiyyatçı, Birinci Dünya  müharibəsində iki "Georgiyev" ordeni alması, ardınca sovet ordusu sıralarında şöhrət qazanmış sərkərdə, maraqlı obraz.

Üçüncü reyxi darmadağın edən Sovet İttifaqının tarixində marşal Jukovun xidmətləri misilsizdir.  Hamı onu canlı əfsanə hesab edirdi. Mən böyük həvəslə bu rola çəkilməyə razılıq verdim.Bacardığım qədər çalışdım ki, ekranda bu obrazın həm xarici oxşarlığını, həm də qəhrəmanın güclü iradəsini və ən çətin anlarda düzgün və dəqiq qərarlar verməsini göstərim. Usta sənətçi bu sınaqdan Jukovun hücumları kimi sürətlə və əzmlə çıxa bildi.

1973-cü ildə Mixail Ulyanov "Ən axırıncı gün" filmində milis sahə müvəkkili Kovalyovun rolunu oynamaqla bərabər, rejissor kimi də debüt edib. Görkəmli kinorejissor Qriqori Kozintsev bu barədə belə yazıb: "Ulyanovun ilk rejissor işi olan "Ən axırıncı gün" filminə baxdım. Bu artist çoxdan mənim rəğbətimi qazanıb. Onda yalana, ədabazlığa, ibarəli sözlərə və riyakarlığa ikrah hissi var. O həmişə təbiidir, heç vaxt dəyişmir. Ulyanov qeyri-adi qüvvəyə, dərin hissiyyata və duyma qabiliyyətinə malikdir.

Mərhum sənətkar Ulyanov publisistik məqaləsini "Bizim dramaturqumuz zamandır"  adlandırmışdı. Bu fikir aktyorun bütün həyat və yaradıcılığını çox dəqiq ifadə edir. Daim yaradan, "Dramaturq-zaman"ın çağırışına qulaq asan Ulyanov "yazılan rolları" oynamaqda davam edirdi. Zaman isə  həyatın və incəsənətin təntənəsi naminə onun qarşısında geniş yaradıcılıq üfüqləri açırdı. Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı laureatı, SSRİ xalq artisti Mixail Ulyanovu sənət yolları ilə aparan istedad, vicdan və ehtiras idi.

Həsən Tağıyev







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar