Zümrüd Bəxtiyar: «Kompleksdən kənar bir aktrisayam»
  

   Zümrüd Bəxtiyar. Bu ad çoxlarımıza ekran-efirdən tanışdır. Hüseyn Mehdiyevin «Məkanın melodiyası», Orxan Fikrətoğlunun “Ərazi” və Şamil Nəcəfzadənin «Qala» filmlərində yaddaqalan rolların ifaçısıdır. Bunlardan əlavə 15-ə yaxın qısametrajlı filmlərdə də çəkilib. Özü isə «Qala» filmindəki rolunu uğurlu hesab edir. «Yuğ» Teatrının aktrisasıdır. Müəllimi elə bu teatrın rəhbəri Vaqif İbrahimoğludur. O, həm də aparıcıdır. Bir müddət «Qoy oturmuşuq» (ANS) proqramında aparıcılıq etmişdir. İndi isə «Çatlama» verilişində aparıcılığını davam etdirir. 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində ona bəzi suallar verdik.
  

   - Rol aldığınız filmlərin əksəriyyətində cəmiyyətin mənfi qəbul etdiyi qadınların obrazlarını yaratmısınız. Artıq həmin rolların ifaçısı kimi tanınırsınız. Özünüz bu cür planlaşdırmışdınız, yoxsa təsadüfən belə alındı?
   - Düzü planlaşdırmamışdım. Kompleksdən kənar olan bir aktrisayam. Rejissorlar mənim komplekssiz olduğumu görüb filmlərinə dəvət etdilər. Özü də bu filmlərdən ikisi dövlət sifarişi ilə lentə alınıb. Mən öz işimlə məşğulam. Bəzi aktrisalar əvvəl bu tip rollardan imtina edirlər, özlərini müsbət ampluada görürlər. Yalnız məşhurlaşdıqdan sonra bu addımı atırlar. Bilirlər ki, məşhurluqları bunu sığortalayacaq. Amma əsl aktirisa hər hansı rolu vaxtında oynamalıdır.
   - Teatrda neçə ildir fəaliyyət göstərirsiniz?
   - Artıq 9 ildir «Yuğ» Teatrında çalışıram. Vaqif İbrahimoğlunun tələbəsi olmuşam. O, məni birinci kursda oxuyarkan teatra dəvət edib. İlk rolum da İbrahim İbrahimlinin «Canımda can» tamaşasında olub. Həmin tamaşada şəffaf pərdənin arxasında kişinin xəyalındakı çılpaq qızı oynamışam. Məncə, bu səpkili rol səhnəmizdə ilk dəfə oynanılırdı. Həmin roldan sonra mən adıçəkilən filmlərə dəvət aldım. Maraqlıdır ki, ardınca «Sən həmişə mənimləsən» tamaşasında Nargiləni oynamışam. Müxtəlif xarakterli obrazları oynamaq mənim üçün şərəfdir.
   - Bir qədər də aydınlaşdıraq. Sizin filmlərdə və tamaşalarda yaratdığınız obrazları hər aktrisa oynamır. Əslində həmin rolları oynamaq elə də asan deyil. Adama elə gəlir ki, siz kinoda bu «bazarı» ələ almısınız.
   - Hərdən mənə deyirlər ki, Hollivudun aktrisaları bunu ən son məqamda edirlər, yəni bir çox filmlərdə çəkildikdlən və məşhurlaşdıqdan sonra. Sənətində minindən biri olmaq istəmirəm. Teatrlarımızda aktrisalar çoxdur. Amma noolsun?! Aralarında məndən istedadlıları da var. Rejissorlara mənimlə işləmək ona görə asandır ki, mən aktirisanın oynaya biləcəyi bütün obrazları oynayıram. Bu, o demək deyil ki, dəyərimi bilmirəm. Mənim üçün önəmli birinci ssenaridir. Ssenarinin nəyə xidmət etməsi vacibdir. Oynadığım «Qala», «Məkanın melodiyası» filmləri xarici festivallarda iştiak edib. Teatr isə iş yerimdir. Ora mənim üçün kinodan fərqli olaraq başqa bir aləmdir.
   Sadəcə, elə aktrisalar var ki, mənfi rolları özlərinə rəva bilmirlər. Qorxurlar ki, yaddaşlarda oynadıqları obrazlar kimi qalarlar. Düşünürəm ki, cəmiyyətimizin qəbul etmədiyi bir qadın rolunu oynayıb, ardınca gözəl bir ana obrazını yaratmaq daha maraqlıdır. Kişinin xəyalındakı çılpaq qızı oynadıqdan sonra Füzulinin əsərində oynamışam. Bunun nəyi pisdir?
   - Tamaşaçılarınızın yaddaşında oynadığınız obrazlarla qalmaqdan narahat deyilsiniz?
   - Mən kütləni nəzərə almıram. Amma elə insanlar var ki, onların fikirləri maraqlıdır. Həmin insanlarla dostluq edirəm və onların lazımi məsləhətlərindən də bəhrələnirəm. İnanın ki, işdən-gücdən başım ayılmır. Teatrda məşqlər, televiziyada verilişlər. Öz işimlə məşğulam, kim nə deyir, desin. Tanıyanlar tanıyır, bu mənə bəsdir. Mən ailəmi düşünən insanam. Bu rollara pula görə çəkilməmişəm. Maddiyyat mənim üçün çox kiçik bir şeydir. Vallah, mənim üçün paltarımı hardan almağımın elə də önəmi yoxdur.
   - Aktrisa kimi intellektinizi artırmaq üçün nələri oxuyursunuz?
   - Əgər «Yuğ» Teatrının aktrisasıyamsa, üstəgəl Vaqif İbrahimoğlunun tələbəsiyəmsə, deməli, fərqim olmalıdır. Sonuncu dəfə Frans Kafkanın hekayələrini, Markesin «Yüz ilin tənhalığı»nı oxumuşam. Son zamanlar etiraf edirəm ki, kitab almamışam. Amma evimdə kitab çoxdur. Uşaqlıqdan Tolstoyu, Dostoyevskini, Dümanı, Hüqonu oxumuşam. Orxan Pamuku oxumaq istərdim.
   - Kitaba 50 manat pul verənlərdənsiniz?
   - Kitaba? Hə, kitaba 50 manat verərəm.
   - Bir aktrisa kimi hazırda nə istəyirsiniz?
   -Yaxşı filmlərə çəkilmək istəyirəm. Deyəsən, bu hələ Bakıda mümkün deyil. Həmişəlik TV-də çalışmaq fikrim yoxdur. Mən istəyirəm ki, bizim aktyorlar metroda, avtobusda basabasda çarpışmasınlar, əlçatmaz olsunlar, əvvəlki kimi.
   - Məgər aktyor metroya düşə bilməz?
   - Yox, o mənada demirəm. Əsla, konservativ də düşünmürəm. Amma aktrisalar dünyada necədirsə, bizdə də elə olmalıdır.
   - Aparıcısı olduğunuz «Çatlama» verilişinin əsl mənası nədir?
   - Məna çoxdur. Əgər kimisə sevindirirəmsə, çatlaşdırıramsa, bu mənə xoşdur.
   - 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə kişilərə nə deyə bilərsiniz?
   - Kişi o adamdır ki, ən azından özünü sevdiyi qədər qadınını da sevsin, özünə qulluq elədiyi qədər qadınına da qulluq eləsin. Vəssalam, bu qədər.
   - Bayramınız mübarək! 

    İntiqam