Ayaz Salayev: “Bu sosial-kulturoloji filmdir”
   
   Ayaz Salayevin “Ehram TV” filminə qadağa qoyulması barədə son zamanlar mətbuatda gəzən söhbətə “Azərbaycanfilm” kinostudiyasının direktor Xamis Muradov və rejissorun özü aydınlıq gətirib.
   Ayaz Salayev özü deyir ki, ona heç bir təzyiq olmayıb və filmin çəkilişi davam edir. Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin rəsmləri də mətbuata açıqlamasında bildiriblər ki, rejissora təzyiq olunmayıb və heç bir qadağa yoxdur.
   Ayaz Salayev isə bütün söhbətlərə «Azadlıq» radiosuna dedikləri ilə nöqtə qoyub:
   - Filmə qadağa yoxdur. “Ehram TV”də siyasi məqamlar da yoxdur, bu, sosial-kulturoloji filmdir. Mən siyasət haqda düşünsəydim, siyasi publisistika ilə məşğul olardım. İndi, sadəcə, bəzi məqamlar üzrə müzakirələr gedir. Filmlə bağlı mənə hansısa təzyiq olmayıb. İlkin ssenarinin dəyişməsi o qədər də əhəmiyyət daşımır, iş prosesində bu baş verir. Yaxşı rejissor kimi bu situasiyada filmin daha yaxşı olmasını təmin edəcəm. Filmdə homoseksual məhəbbət və erotik məqamlar var. Amma homoseksual məqamlar o qədər əhəmiyyətli deyil ki, onları “səhnə” adlandırmaq olsun. Bu səhnələrlə bağlı heç vaxt məsələ qalxmayıb”.
   Qeyd edək ki, rejissorun 1995-ci ildə çəkdiyi birinci filmi - “Yarasa”da da erotik səhnələr daha çox idi. İndiyə kimi “Yarasa” onlarla mükafat alıb, Avropa kinoteatrlarında göstərilib.
   “Ehram TV” isə Ayaz Salayevin ikinci bədii filmidir. Filmin çəkildiyi “Azərbaycanfilm” kinostudiyasının direktoru Xamis Muradov mətbuata açıqlamasında deyib ki, deyilənlərin əsası yoxdur, filmə heç bir qadağa qoyulmayıb, üzərində iş gedir.

   İntiqam