Eyzenşteyn «Arşın mal alan» haqqında
   
   Oxuculara təqdim olunan bu yazı 64 il bundan əvvəl qələmə alınsa da, son illərə qədər əlyazma şəklində qalıb, heç bir ölkənin mətbuat orqanında dərc olunmamışdı.
   
   Bu yazı XX əsr dünya kinosunun korifeyi, rejissor Sergey Eyzenşteynin Azərbaycanın ilkin variantdakı məşhur «Arşın mal alan» filmi barəsində olan şəxsi qeydləridir. O da məlumdur ki, Eyzenşteyn çox vaxt sənət, həyat barəsində olan fikirlərini mətbuat üçün deyil, şəxsən özü üçün yazırdı. Amma bununla belə, Eyzenşteyn şəxsən özü üçün yazdığı yazılarda da tam sərbəst deyildi. Çox güman ki, buna da səbəb evində axtarış aparıla biləcəyindən ehtiyatlanması idi. Bu mənada Eyzenşteyn «Arşın mal alan» barəsində yazanda da ehtiyatlı olmalıydı. Buna isə bir neçə səbəb var idi. «Arşın mal alan» filminin ekranlara çətinliklə yol açdığı, az qala qadağan olunmaq təhlükəsi qarşısında qaldığı güman ki, tamaşaçıların əksəriyyətinə bəlli deyil. «Arşın mal alan» o vaxt çəkilmiş bütün sovet filmlərinin içərisində inqilaba qədərki dövrü işıqlı, xoşbəxt göstərən ilk film idi. Odur ki, Eyzenşteynin bu yazısı filmə deyil, ilk növbədə o vaxt filmin qəbul olunmasında əngəllər törətməyə cəhd edən bədii şuraya ünvanlanıb. Bu mənada yazı nümunəvi əhəmiyyət kəsb edir. Və ümumiyyətlə, deyilmiş fikirlərin bizim üçün maraqlı cəhəti yalnız «Arşın mal alan» haqqında olması ilə deyil. Şərq aləminə hörmətlə yanaşılmasındadır. Beləliklə, kinoşünas Ayaz Salayevin tərcüməsində Eyzenşteynin «Arşın mal alan» filmi barəsində olan şəxsi qeydlərini nəzərinizə satdırırıq.
   
   * * *
   «Demək belə, qardaşlar, iyulun 5-də bədii şuranın iclasında əməlli-başlı hay-küy düşmüşdü. Yarandığı gündən bədii şurada belə bir hadisə olmamışdı. Və bütün bunlar hamı üçün gözlənilməz bir səbəbdən, yəni qabaqcadan dəfələrlə göstərilmiş və heç bir çaxnaşma yaradacağı gözlənilməyən bir filmə görə baş verdi. Bədii Şura “Bakı” kinostudiyasında istehsal olunan «Arşın mal alan» filmini müzakirəyə çıxardı. İlk olaraq filmə hücum çəkən yoldaş R. olub. (Nəzərə alaq ki, iclas qapalı keçirildiyinə görə çıxış edən natiqlərin baş hərfləri şərti xarakter daşıyır. Bu şərtilik həmçinin yazı müəllifinin sonda qoyduğu şəxsi imzasına da aiddir. Məqalənin sonunda imza yerində gedən inisiallar həqiqətən Eyzenşteynin özünə məxsusdur: S.M.E. - yəni Sergey Mixailoviç Eyzenşteyn. Bu mənada, deməli, R. hərfi də şərti deyil. Ümumiyyətlə, Eyzenşteyn bu priyomdan təkcə yazılarında deyil, filmlərində də istifadə edib. Yəni onun məxfi saxladığı deyil, gizlətmək istədiyi şərtilik xarakteri daşıyır. Deməli, o, hamıya yalan kimi təqdim etdiyi vasitələrlə əslində həqiqəti deyirdi. Bu mənada yoldaş R. dedikdə Mixail Rommun nəzərdə tutulduğuna şübhə qalmır. - A.S.) Yoldaş R. filmi sosioloji aspektdən atəşə tutdu. O, filmin qəhrəmanlarını 1910-11-ci illərin cavan tacirləri olduqlarına və filmdə burjuaziya dövrünün ikrah doğurmayan bir şəkildə təsvir edildiyinə görə söydü. Söhbət bütün Şərq aləminə ən xırda detalına qədər bələd olan operettanın ekranlaşdırılmasından gedir. Odur ki, bu məşhur süjeti finalını dəyişib faciəvi etmək «Romeo və Cülyetta»ya xoşbəxt final yaratmağa bənzəyərdi.
   Yoldaş O. da (yəqin ki, Bədii Şuranın rəhbəri Oxlopkov nəzərdə tutulur - A.S.) öz növbəsində çılğınlıqla filmin əleyhinə qalxdı. Yoldaş O. filmin tərtibatındakı zövqsüzlüyü atəşə tutdu. Yoldaş O. bəlağətli sözlərlə guya ekranda görmək istədiyi, amma görə bilmədiyi sirli Şərqin gözəlliklərindən danışdı. Bu fikri bir neçə nəfər də dəstəklədi. Amma məncə, onlar öz iradlarında haqsız idilər.
   Qoyun dərisindən olan papaqla uzlaşan qara frak, avropasayağı yay şlyapası ilə uzlaşan ağ kostyumun fonunda qara qafqazlı bığları, Sandunov hamamı zövqündə zal - bütün bunlar hamısı filmin quruluşçu rejissorunun zövqünün çatışmazlığı yox, əksinə, 10-cu illər Bakı ticarət mühitinin əsl obrazı idi. Sırf estetik baxımdan bu yanaşma həmçinin o qədər cəzbedici və yenidir ki, hətta hardasa gömrükçü Russonun (məşhur fransız primitiv rəssamı Anri Russo - A.S.) Paris muzeyindəki şəkillərini, yaxud Pirosmanaşvilinin qara plyonkada çəkilmiş əsərlərini xatırladır. (Pirosmanaşvili və Russo məhz rəssamlıq məktəbi keçmədikləri ilə məşhur idilər və Eyzenşteynin «Arşın mal alan»la onları müqayisə etməsi bu mənada səciyyəvidir. - A.S.)
   Bakıya ilk gəlişimi xatırlayıram. Bu, mənim gördüyüm ilk Şərq şəhəri idi. O vaxt hər addımda Şəhrizadın nağıllarındakı bağları və fars miniatürləri axını ilə rastlaşacağımı fikirləşirdim. Amma mən indi filmdə nöqsan tutulan həmin o özgə Şərqlə rastlaşdım. Bəli, bu film Şərq interyerlərini bizə «Bağdad oğrusu» və «Hindistan məqbərəsi» resepti ilə göstərilmədi. Allah haqqı, adları çəkilən əsərlər «Arşın mal alan»dan çox zövqsüzdür.
   Hücumlar daha çox artistlərin ifa tərzlərinə qarşı yönəlmişdi. Amma Şərq aktyorunun ifa tərzindəki ənənəviliyi nəzərə alsaq, bunu çox ciddi mühakimə etmək düzgün olmazdı. (Yeri gəlmişkən, rus rejissorlarından məhz Eyzenşteyn Şərq aktyorluq üslubunu gözəl bilirdi. O, bütün yaradıcılığı boyu Çin, Yapon ənənəvi teatrı ilə maraqlanır və bu maraq onun bütün filmlərində aktyorların bir qədər şərti oyun tərzində özünü göstərirdi. - A.S.) Çin teatrı bizi özünün müəyyən şərtilikləri ilə, plastik ifa tərzi ilə heyrətləndirəndə biz onu Stanislavski sisteminə uyğun gəlib-gəlməməsi ilə ölçmürük. (Ömrü boyu nifrət etdiyi Stanislavski sisteminə Eyzenşteyn fürsətdən istifadə edərək daha bir təpik vurur. - A.S.) Çin musiqisini isə emosional qavramağa cəhd etmirik. «Arşın mal alan»da musiqini bütünlüklə duya bilirik. Aktyorların ifa tərzinə gəldikdə isə bizə şərti görünən ifa tərzi Şərq üçün şərti deyil, təbiidir.
   Forma etibarilə milli, özünəməxsus bu filmi bizim ölçülərlə mühakimə etmək dibindən yanlışdır».
   
   S.M.E, 1945-ci il.