Rejissor Samir Kərimoğlunun Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkdiyi “Niyyət” filminin noyabradək hazır olacağı gözlənilir. Filmin Berlin festivalına təqdim olunması nəzərdə tutulub. “Çünki bu əsərin yönü bu kinoforuma daha çox uyğun gəlir. Digər tərəfdən, film Berlində yaşayan çoxsaylı türklər üçün maraqlı olmalıdır.”- deyə yaradıcı heyət bildirir.
Filmin ssenari müəllifi Yavər Rzayev, bədii rəhbər Rüstəm İbrahimbəyovdur. Süjetə görə, qəhrəmanlardan biri qumar oynayır, içki içir, gününü boş və mənasız keçirir, o birisi isə dünyanın əyləncələrindən imtina edib bir niyyətlə yaşayır. Həyat bu iki gəncin yollarını toqquşdurur və sonda hər ikisi bir yolda addımlamağa başlayırlar.
Baş rolları Fuad Axundov, Nahidə Əliyeva, Rövşən Məmmədov və Münəvvər Əliyeva ifa edirlər.
Filimin ingilis dilinə tərcümə olunması nəzərdə tutulur.
Qeyd edək ki, Berlin festivalına film təqdim etmək üçün son müddət noyabr ayında başa çatır.
ELMIN