Bu sözləri söyləmiş ilk professional Azərbaycan kinorejissorunun 100 yaşı tamam olur
   
   I yazı
   
   Səməd Mərdanov 1909-cu ildə Tiflis (indiki Tbilisi) şəhərində anadan olmuşdur. O, görkəmli kino və teatr xadimi Mustafa Mərdanovun qardaşıdır. 1935-ci ildə ÜİDKİ-nin rejissorluq fakültəsini (S.Eyzenşteynin emalatxanasını) bitirmişdir. S.Mərdanovun institutu bitirməsi tarixi barədə məlumat müxtəlif mənbələrdə ayrı-ayrı rəqəmlərlə oxuculara təqdim olunmuşdur. Məsələn, "Kommunist" qəzetində (6 avqust 1939-cu il) bu rəqəm 1931-ci il, "Azərbaycan Sovet Ensiklopediyası"nda (1982, Bakı, VI cild) 1935-ci il, "İstoriəya sovetskoqo kino" fundamental kitabında (1973, Moskva, II cild) 1936-cı il qeyd olunmuş, 1986 və 1970-ci illərdə Moskvada çapdan çıxmış "Kinoslovar"larda isə bu barədə ümumiyyətlə heç bir rəqəm göstərilməmişdir.
   
   S.Mərdanovun yaradıcılığı milli kino sənətimizin inkişafına əhəmiyyətli təsir göstərmişdir. O, hələ tələbə ikən ilk dəfə "Köçərilər" (1933) sənədli filmini çəkmişdir. İlk Azərbaycan səsli kinosu və kinokomediyalarından olan "Mavi dənizin sahilində" (1935, quruluşçu rejissor B.Barnet, "Azərfilm" və "Mejrabpomfilm" (Moskva) kinostudiyalarının birgə istehsalı) filminin rejissorudur. Nədənsə, "İstoriya sovetskoqo kino" kitabının 2-ci cildində (müəllif Azərbaycan alimi N.Hacınskayadır) "Mavi dənizin sahilində" filmində yalnız qəhrəmanlardan birinin -Yusifin azərbaycanlı olması ilə əlaqədar belə fikir səslənir ki, guya bu, milli film ola bilməz. Ona görə də müəllif rejissor V.Turinin çəkdiyi "Bakılılar"ı (1938) ilk milli səsli bədii film hesab edir. Digər azərbaycanlı alim Ə.Əliyeva da "Elm" nəşriyyatının çapdan buraxdığı "Rassvet Azerbaydjanskoqo Sovetskoqo İskusstva" toplusunda (1986) N.Hacınskayaya istinad edib belə bir hökm verir ki, Azərbaycan kinosunun ilk səsli bədii filmi "Bakılılar"dır. S.Mərdanovu isə "Mavi dənizin sahilində" filminin ssenari müəlliflərindən biri kimi təqdim etmişdir. İki studiyanın birgə istehsalı olduğu üçün Azərbaycanda ilk səsli bədii filmin tarixinin süni şəkildə bir neçə il geri çəkilməsinə heç bir lüzum yox idi. 1935-ci il aprelin 23-də "Ədəbiyyat qəzeti"ndə dərc edilmiş xəbərin son cümlələrinə diqqət yetirək: "Bu şəkli (yəni filmi - A.K.) "Azərkino" ilə "Mejrabpomfilm" birlikdə çəkir. Bu, "Azərkino"nun ilk böyük səsli şəkli olacaq". Əlavə izahata ehtiyac yoxdur.
   Bundan sonra S.Mərdanov müstəqil olaraq "Kəndlilər" bədii filminə (1939) quruluş vermişdir. Bu bədii film Azərbaycan kinosunun qızıl fonduna daxil olmuşdur.
   S.Mərdanov 1939-cu il avqustun 6-da Bakıda vəfat etmişdir. Çox təəssüf ki, bu filmi ekranda görmək quruluşçu rejissora müyəssər olmamışdır.
   Kinorejissor S.Mərdanovun adına bu gün kinematoqrafiya ilə bağlı nəşrlərin səhifələrində nadir hallarda rast gəlirik. Yalnız çox nadir hallarda nümayiş olunan 30-cu illərdə istehsal edilmiş filmlərin müəllifləri sırasında onun adı görünür. Halbuki çox az film yaratmasına baxmayaraq, onu sağlığında nəinki Azərbaycanda, həm də keçmiş Sovetlər İttifaqında yaxşı tanıyır və sevirdilər. Təkcə ona görə yox ki, yaradıcılıq bioqrafiyasında bir neçə mükəmməl filmin adı yazılmışdı. Həm də ona görə ki, hələ tələbəlik illərindən incəsənət aləmində ağıllı, savadlı, yüksək mədəniyyətli gənc sənətkar kimi tanınmışdı. Əgər belə olmasaydı tələbə rejissoru Moskvadan çağırtdırıb "Köçərilər" sənədli filminin çəkilişini ona tapşırmazdılar. Və yaxud dövrünün görkəmli teatr rejissoru V.Meyerxold S.Mərdanovu yeni hazırladığı "Sonuncu həlledici" tamaşasında işləmək üçün truppasına dəvət etməzdi.
   O, Moskvada təkcə məşhur kino ustalarından kinematoqrafın incəliklərini əxz etməklə kifayətlənmirdi, incəsənətin başqa sahələri ilə də maraqlanırdı. Bununla əlaqədar kinorejissor M.Mikayılovun "Axtarışlarla keçən ömür" məqaləsindən bir parçanı yada salmaq yerinə düşərdi: "…Bir gün Tretyakov qalereyasına getmişdim. Tablolardan birinin qarşısında dayanıb baxırdım. Salonda adam çox olsa da, sakitlik idi. Birdən Azərbaycan dilində astadan danışan bir adamın xoş səsi qulağıma dəydi: "Nə gözəl kompozisiya! Rənglərə bax! Adamı valeh edir! Bu şəkil deyildir, həyatın özüdür! Əhsən sənətkara! Kaş ki, bizim də belə rəssamlarımız olaydı!" Dönüb baxdım. Bu sözləri öz yoldaşına deyən gur, qara saçlı, orta boylu, xoşsifət, sadə geyinmiş bir gənc idi. Onlara yaxınlaşıb salam verdim. Gənc salamımı alıb gülümsündü. Tanış olduq. Salonu gəzə-gəzə gəlib gözəl rus rəssamı Repinin böyük bir lövhəsi qarşısında dayandıq. Səməd iri, qara gözlərini qıyaraq dalğın-dalğın tabloya baxmağa başladı: -Dünyada qəribə sənətkarlar olubdur, -dedi. Sonra məlum oldu ki, Səməd nəinki rəsmlər çəkir, həm də musiqi ilə məşğul olur və gözəl tar çalır…"
   Azərbaycan kinosunun yaradıcılarından A.M.Şərifzadə, A.Quliyev, M.Mikayılov ilk günlərdən onu qayğı ilə əhatə etdilər. Bu şəxsiyyətlər hələ o vaxt S.Mərdanovun simasında Azərbaycan kinosunun gələcəyini görürdülər. Keçirilən hər bir yığıncaq və konfransda S.Mərdanov barəsində böyük yaradıcılıq potensialına malik perspektivli sənətkar kimi danışırdılar. Nadir hallarda bunun əksi də olurdu. 1937-ci il martın 4-də "Azərfilm" studiyasında keçirilmiş geniş istehsalat müşavirəsində kinooperator M.Mustafayev çıxış edərək demişdir: "Mərdanov burada əyləşib. Deyin görək, niyə yaradıcı kollektiv Mərdanova diqqət yetirmir? O, 1932-ci ildə Dövlət Kinematoqrafiya İnstitutunu bitirib. Nəyə görə beş il ərzində heç bir iş görməyib? Beşinci ssenarini yenidən işləyir, deməli, onun qəti iş üsulu yoxdur. Beş ildir ki, veyil-veyil gəzir. Beş il ərzində yəqin ki, öyrəndiklərini, hətta montajı belə unudub. Bu məsələ ilə məşğul olmaq lazımdır".
   Əvvəla S.Mərdanov 1932-ci ildə yox, 1935-ci ildə institutu bitirmişdir. İkincisi isə tələbəlik illərində o, "Köçərilər" sənədli və "Mavi dənizin sahilində" bədii (B.Barnetlə birgə) filmlərini çəkmişdi. "Kəndlilər" haqqında isə götür-qoy edirdi. Gələcəkdə S.Vurğunun "Xanlar"ını, M.F.Axundzadənin "Aldanmış kəvakib"ini ekrana çıxarmaq istəyirdi. Diqqət verin, bu sözlər Azərbaycanda qanlı repressiyanın tüğyan etməyə başladığı bir vaxtda deyilirdi. İkincisi də bu gözəl və mehriban insan haqqında "beş ildir ki, veyil-veyil gəzir. Bu məsələ ilə məşğul olmaq lazımdır" eyhamları ictimai kürsüdən səslənirdi. Bu elə ağır və müdhiş dövr idi ki, bir yandan "oxuma, tar, səni sevməyir proletar" deyilirdisə, əks tərəfdən "oxu, tar, oxu, tar, səni kim unudar?...misraları dildən-dilə gəzirdi. S.Mərdanovun tarından qopan muğamın melodiyaları isə məhz bu vaxt onun Saraykin küçəsindəki mənzilindən pərdə-pərdə ətrafa yayılırdı.
   Səməd mülayim və təmkinli bir insan idi. Onun bu xasiyyəti nəinki həyatda, elə yaradıcılığında da köməyinə çatırdı. "Boris Barnetin həyatı və filmləri" kitabında belə sətirlər vardır: "Çəkiliş qrupuna Azərbaycan studiyasının nümayəndələri daxil edilmişdi - ikinci rejissor Səməd Mərdanov, ikinci operator M.Mustafayev, iki rejissor assistenti. Bunlar seçmə adamlar idilər: gözəl, təvazökar və işə canyandıran.
   Təsadüfi deyil ki, görkəmli kinorejissor T.Tağızadə ilə söhbətlərimin birində o, S.Mərdanovdan söhbət açaraq belə demişdir: "Özümüzünkülərdən mərhum rejissor S.Mərdanovun mənim yaradıcılığıma təsiri böyükdür. Çox istedadlı sənətkar idi. Heyif ki, dünyasını tez dəyişdi. O, B.Barnetlə "Mavi dənizin sahilində", özü müstəqil "Kəndlilər" filmlərini çəkmişdir. Əgər yadınızdadırsa, birinci filmin qəhrəmanı Yusifin dəniz sahilində ayağına tikan batır. O, ufuldayıb ayağını yuxarı qaldırır və klarnetdə şux Azərbaycan oyun havasının ahənginə uyğun axsaya-axsaya yeriməyə başlayır: bu, əla rejissor tapıntısı idi. Elə bilirsən bunlar Borisin ağlına gələ bilərdi? Bu, Mərdanovun tapıntısı idi. Onun filmlərində belə tapıntılar çoxdur. Bu baxımdan mən onu özümə müəllim hesab edirəm".
   Səməd Mərdanovun vəfatından bir neçə gün sonra, yəni avqustun 2-də "Kino" qəzetində (Moskva) mərhumun xatirəsinə nekroloq dərc olunmuşdu. Nekroloqu Bakı və Moskva kinematoqrafçıları imzalamışdılar. Burada yazılmışdı: "Bakı studiyasının gənc kino rejissoru Səməd Haşım oğlu Mərdanov Azərbaycan xalqının istedadlı oğullarından biridir. Xəstəlik Mərdanovu "Kəndlilər" filminin çəkilişinin qızğın çağında haqladı. Səməd Haşım oğlu xəstəliyi inadla özündən uzaqlaşdırmağa çalışaraq, film üzərindəki işini ömrünün son günlərinə kimi demək olar ki, dayandırmadı. Hələ bu yaxınlarda o özünün yaradıcılıq planlarından qızğınlıqla danışırdı. O, səmimi, istedadlı, hərtərəfli biliyə malik sənətkar idi. Qoy sənətkarın ilhamı, həyatının məğlubedilməz qüvvəsi, Mərdanovun inadkarlığı və yaradıcılıq prinsipiallığı Azərbaycan kinematoqrafiyasının işçiləri üçün nümunə olsun".
   Səməd Mərdanov cəmisi 29 il ömür sürdü. Bu qısa ömrün səkkiz ilini kinematoqrafa həsr etdi.Təsadüfi deyil ki, həmkarları arasında kinodan söz düşəndə o, qürur hissi ilə "həyatım mənim, kinematoqraf!" deyirdi.
   
   Aydın KAZIMZADƏ,
   əməkdar incəsənət xadimi







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar