Müstəqillik dövrünün filmləri
   
   Bir əsrdə ikinci dəfə müstəqillik qazandığımız tarixi günün ərəfəsindəyik. Dövlətin müstəqilliyi ilə yanaşı, insanın da öz müstəqilliyi var - kimi (dost, həyat yoldaşı, tərəfdaş, qonşu və başqaları) seçmək hüququndan tutmuş nələrədək (iş, peşə, əşya, oxumağa kitab, baxmağa film, dinləməyə musiqi - bu siyahını nə qədər istəsək uzada bilərik) seçim sərbəstliyimiz var. Əslində insanın əsl hərəkət sərbəstliyi, yaradıcılıq azadlığı, fikir müstəqilliyi onun vətəndaşı olduğu dövlət müstəqillik qazanmadan mümkün deyil. 
   
   Əgər yaradıcılıq, xüsusən də kino yaradıcılığı məsələsinə bu prizmadan yanaşsaq, son 17 ildə çəkilmiş tam və qısametrajlı bədii filmlərimizi nəzərdən keçirsək, o zaman müstəqil Azərbaycanda çəkilmiş bədii lentlərin sovet Azərbaycanında çəkilənlərdən xeyli fərqləndiyini hiss edərik.
   
   Psevdotarixilikdən tarixin pafoslu vəsfinə
   
   Bu gün bizim dövlət müstəqilliyimizi hansı hadisələrin fonunda qazandığımızdan uzun-uzadı danışmağa ehtiyac yoxdur. Lakin bu da bir həqiqətdir ki, Qarabağ münaqişəsinin qaynar dövründə müstəqillik qazanmağımız bizim kinematoqrafın mövzu seçiminə, tarixi mövzuya münasibət məsələsinə öz təsirini göstərdi. Əgər əvvəllər çəkilmiş tarixi-vətənpərvərlik filmlərində Azərbaycanın nicatı Rusiya ilə birləşmədə ("Fətəli xan"), avropalaşmaqda ("Səbuhi"), xilafətə qarşı çıxmaqda ("Babək", hərçənd ərəb xilafətinin məqsədi işğalçılıq yox, islam dinini yaymaq olub), xalqımızın nicatının yalnız bolşevik Rusiyasında (belə filmlər çox olduğundan adlarını çəkmirik) olduğu göstərilirdisə, savaş mövzusu da Böyük Vətən müharibəsinə həsr olunurdusa, müstəqillik dövründə vəziyyət tamam dəyişdi. Hərçənd insaf naminə deməliyik ki, sovet vaxtında da heç bir ideoloji basqı duyulmayan "Tütək səsi", "Dədə Qorqud", "Nəsimi" kimi filmlər də çəkilmişdi.
   Müstəqil Azərbaycanda tarixi kino janrının bir başlıca mövsuzu var - Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının bütövlüyü uğrunda 200-250 il öncə başlamış mübarizə! Bunu biz "Fəryad"da da görmüşük, "Qala"da da, "Hökmdarın taleyi"ndə də, "Cavad xan"da da görürük.
   1993-cü ildən bəri çəkilən filmlərlə maraqlananda qəribə bir paradoksla rastlaşdıq. Münaqişənin ilk illərində Qarabağ savaşına dair xeyli qısa və tammetrajlı film çəkilib. Amma onların heç biri "Fəryad" qədər yadda qalmır. Çoxlarına hətta nə vaxtsa mavi ekranda tamaşa etməyimiz də yadımızda deyil. Hərçənd onların bəzilərini münasib tarixi günlərin ildönümlərində nümayiş etdirirlər. Səbəbi? Ola bilsin ki, pafos, bəsit kino texnikasının, sırf kino texnologiyası baxımından inandırıcı görünməyən döyüş səhnələri, vətənpərvərliyin süni vəsfi... Yəqin ki, müharibə aparan ölkədə savaşa ilk kino-münasibət məhz belə olur. Hər halda bizim 1990-cı illərdə çəkilmiş müharibə filmlərimizdə 1941-45-ci illərdə çəkilmiş sırf təbliğat xarakterli sovet filmlərinin ruhu duyulur - düşmən çox zəifdir, axmaqdır, biz hamıdan güclüyük, qüdrətliyik, vətənpərvərik, amma qələbəyə hələ çox var...
   
   "Sarı gəlin" və "Girov" mübahisəsi "Qala"da bitir
   
   Qarabağ savaşına başqa bir rakursdan - sadə kəndli, humanist insan taleyindən baxışların qabarıq verildiyi iki filmimiz də var ki, onları yada salmamaq olmaz. Daşnak təxəyyülünün düşmənə çevirdiyi iki sadə insanın - bir azərbaycanlı ilə erməninin cəbhəçi taleyinin qabardıldığı "Sarı gəlin" filmi o qədər çeşidli fikirlərə, mübahisələrə səbəb oldu ki, həmin filmdən təxminən 8-9 il sonra ekrana çıxan "Girov" da sadə zavallı erməni ilə humanist azərbaycanlı motivini davam etdirsə də, bir qədər sakit qarşılandı. Lakin ötən il təhvil verilmiş "Qala" filmində artıq sadə insanların vətən uğrunda savaşa tam gerçək, ayıq və doğru münasibəti qabardıldı.
   
   Sevilənlər, naməlumlar
   
   Həyat davam edir, hansı dövrdə yaşamağımızdan, milli mənsubiyyətimizdən asılı olmayaraq, zaman və məkan fövqündə duran mövzular var ki, onların ekran həlli həmişə maraqlıdır. 1993-cü ildən sonra da məhz belə əbədi tematikaya - insan taleyinə, məhəbbətə həsr olunmuş maraqlı filmlər az çəkilməyib. "Təhminə", "Özgə vaxt", "Həm ziyarət, həm ticarət", "Güllələnmə təxirə salınır", "Ovsunçu", "Nə gözəldir bu dünya", "Yük", "Məkanın melodiyası", "Küçələrə su səpmişəm" belə əbədi mövzulara həsr edilib. Onların arasında beynəlxalq miqyaslı kinofestivallarda mükafat alanları da var, orta statistik azərbaycanlı tamaşaçının doğma telekanallarda bircə dəfə seyr edə bilmədikləri də.
   Yeri gəlmişkən, naməlumlar barədə...
   Azərbaycan filmlərinin İnternet portalında bir neçə axtarış aparandan sonra qəti əmin oldum ki, mənim də filmlərimizə bələdlik baxımından orta statistik həmvətənlərimdən o qədər də fərqim yoxdur. Həmin siyahıda müstəqil ölkəmizdə istehsal olunmuş elə filmlərin adlarına rast gəldim ki, annotasiyaları olmasaydı, onların bizim kinomuz olduğuna inanmazdım…
   "Təbəssüm", "Adəmin yaranması", "Müqəddəs torpaq", "Çalışan adam", "Xalqlar dostluğu muzeyi", "Ləqəbi "İKA"dır"... Bu siyahını uzatmaq olar... Həm də onların yaradıcı heyətinin siyahısında elə insanların adları var ki, bu filmlərin tamam maraqsız, zəif, böyük və ya mavi ekranda nümayiş etdirməyin qeyri-mümkünlüyünü düşünmək ağlabatan deyil. Amma nə gizlədək ki, özbaşınalıq həddinə çatan "yaradıcılıq" sərbəstliyinin bəhrəsi olan filmcikləri televiziya ekranlarımızda da, video-audio mağaza və kirayə məntəqələrində də görmək problem deyil. Hər halda bu, başqa bir yazının mövzusudur. Vətən tarixinin önəmli günlərində qanqaraldan, utanc gətirən nümunələrdən danışmaq istəməzdik. Qalsın başqa vaxta.
   
   Gülcahan MİRMƏMMƏD







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar