Noyabrın 14-dən 21-dək Belarusda keçiriləcək “Listopad” XVI Minsk beynəlxalq kinofestivalında Azərbaycan “Günaydın, mələyim” filmi ilə təmsil olunacaq.
   Xalq artisti, rejissor Oqtay Mirqasımovun çəkdiyi film müharibə və onun ağır nəticələrindən bəhs edir. Filmdə əsas rolları xalq artistləri Bəsti Cəfərova, Fuad Poladov, Telman Adıgözəlov, əməkdar artistlər Ayan Mirqasımova, Şamil Süleymanov və başqaları ifa etmişlər. Kinofestivalda 18 bədii, 24 sənədli və 8 uşaq filmi nümayiş etdiriləcəkdir.
   Xatırladaq ki, festivalın münsiflər heyətinə Rusiyanın tanınmış kinorejissoru Pavel Çuxray rəhbərlik edəcək.