“Kinomuz bu gün” deyən kimi onun bitməyən dərdləri yada düşür. Problemin həlli yollarını bu sahəyə aid gənc kadrlar hazırlayan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyəti ilə birgə aydınlaşdırmağa çalışdıq.   

    Quruluşçu rejissor, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Ədalət Ziyadxanov: “Ümumiyyətlə, film kommersiya xarakteri daşıyır. Kino elə bir sahədir ki, burada kiçik məbləğdə sərmayə qoymaqla, böyük miqdarda pul götürmək mümkündür. Sadəcə, risk etməyi bacarmaq və bundan qorxmamaq lazımdır. Bizim problemimiz də məhz bundadır. Görünür, biz hələ o səviyyəyə gəlib çatmamışıq. Kinomuza maddi dəstək göstərməyə gücü çatanlar var, lakin bunu etmək istəyənlər yoxdur. Addımbaşı bir yeni çoxmərtəbəli binaya rast gəlinir. Həmin yaşayış binasına qoyulan sərmayə Azərbaycan kinosu üçün qoyulsaydı, nələr olardı? O zaman hər cəhətdən yüksək səviyyəli bir film ərsəyə gələrdi. Kinomuzun və ümumilikdə Azərbaycanın bu günkü teleefir məkanının növbəti problemi daha çox əyləncəyə üstünlük verilməsindədir. Hamı əyləncə xarakterli şeylər dalınca qaçır. Amma deyim ki, heç onun da öhdəsindən lazımınca gələ bilmirlər.
   Kinomuzun bugünkü problemləri birbaşa maliyyə vəsaiti ilə bağlıdır. Və bu zaman keyfiyyət artıq 2-ci plana keçmiş olur.
   Ancaq inanıram ki, tezliklə kinonun da problemləri yüksək səviyyədə həll olunacaq. Gənc nəslin potensialı belə deməyə əsas verir. Hazırda bu işlə məşğul olan cavan rejissorların işlərinə fikir verirəm. Məsələn, bu yaxınlarda şəxsən tanımadığım gənc rejissorlardan Elməddin Alıyev və Xəyyam Abdullayevin “Koramal” filmini izlədim və bu film məni çox maraqlandırdı. Digərlərindən fərqli olaraq, mən bu filmdə təkrarçılıq görmədim. Yeniliyə can atıldığının şahidi oldum ki, bu da çox yaxşıdır. Axı biz, adətən, hardansa, nədənsə götürülən və özünküləşdirilən, səmimiyyətdən çox süniliyin müşahidə olunduğu şeylərə baxmağa alışmışıq. Çünki əksəriyyət bilmir ki, filmin gözəlliyi onun milliliyində, milli koloritlərinin çoxluğundadır.
   Bundan başqa mən İctimai Televiziyada yeni filmlərin, serialların yarandığını, bizim köhnə nağıllarımıza müraciət olunduğunu eşitmişəm. Düşünürəm ki, klassik əsərlərimizi film dili ilə ekrana çıxarmaq çox vacib məsələdir.
   Müəyyən mövzular var ki, mən o mövzularda milli filmlərin çəkilməsini istəyirəm. Məsələn, nadanlığımız, yalanla mübarizə aparmamağımız. Bu mövzularda əla filmlər yaratmaq olar. Amma, görünür, yalan və yanlışlarımızı üzə çıxarmaqdan hələ də qorxuruq.
   Son olaraq demək istərdim ki, Azərbaycanın yüksək səviyyədə çəkilmiş kinoları var. Bu kinoları kim yaradıb? Biz yaratmışıqsa, deməli, biz bunu bacarırıq. Bu bacarığımızı üzə çıxarmağın vaxtı gəlib çatıb”.
   Günay Fətəliyeva (tələbə, ADMİU, ədəbi yaradıcılıq və ekran dramaturgiyası-IV kurs): “Mənim fikrimcə, kinomuzun bugünkü vəziyyətinə elə də bədbin yanaşmaq lazım deyil. Son zamanlar kinomuza qarşı artırılan diqqət və qayğı danılmazdır. Yeni və maraqlı filmlərimiz var. Məsələn, bu yaxınlarda premyerası keçirilən “Cavad xan” filmi şəxsən mənim çox xoşuma gəldi. Ən çox da aktyor oyunundan razı qaldım. Düşünürəm ki, bu gün kinomuzun ən böyük problemi maliyyə vəziyyəti ilə əlaqədardır. Professional rejissorlarımızın azlığı da kiçik problemlərdən deyil. Amma yenə də nikbin olmağa dəyər”.
   Zemfira Quliyeva (tələbə, ADMİU, ədəbi yaradıcılıq və ekran dramaturgiyası-IV kurs): “Kinomuzun bir çox çatışmayan cəhətləri var, lakin mənə elə gəlir ki, ən önəmlisi, yaxşı ssenarist çatışmazlığıdır. Yaxşı film elə yaxşı ssenaridən başlayır. Bizim universitet hər il bir qrup rejissor yetişdirir. Lakin bu o demək deyil ki, onların hamısı rejissorluqla məşğul olur. Hər bir işdə olduğu kimi bu işdə də, yalnız istedadlılara yer var”.
   Firdovsi Naibov, əməkdar incəsənət xadimi, ADMİU-nun teatr rejissorluğu kafedrasının müdiri, professor: “Əvvəla, mən qətiyyətlə deyərdim ki, Azərbaycan kinosu həmişə digər ölkələrin kinolarından fərqlənib. Nə qədər çox durğunluq yaşasa da, hələ də fərqlənir. Bilirsiniz, hər dövrün kino aləminə öz diktəsi var. Ictimai həyat həmin ölkənin kinematoqrafına da istər-istəməz öz təsirini göstərir. Məncə, bizim kinomuzun bugünkü çətinliyi də elə müharibə şəraitində olmağımızla əlaqədardır. Elə sovet dövrünü götürək. Baxmayaraq ki, biz güclü təsir altında idik, çox qiymətli, dünya kino miqyasına uyğun kinolar yarada bilirdik. Əslində müstəqilliyimizdən bu yana olan 20 il üçün bugünkü vəziyyət o qədər də pis deyil.
   Dövrün tələb etdiyi mövzularda normal filmlər çəkilir. Amma Azərbaycan üçün bu gün çox vacib olan Qarabağ mövzusunda dünyaya çıxarılası layiqli bir filmimiz hələ də yoxdur, təəssüf ki! Bəzi filmlərdə bu mövzuya yer verilir, lakin çox səthi və epizodik xarakter daşıyır.
   Digər bir problemimiz kinoteatrlarla bağlıdır. Əvvəllər paytaxtımızın küçələrini kinoteatrlara görə tanıyırdılar. O vaxtlar Bakıda 1 milyon əhali var idisə, indi 4 milyonu keçib. Lakin kinoteatrlar artmaq əvəzinə yoxa çıxıb. Məni ən çox narahat edən məsələlərdən biri də budur.
   Bütün bunlara baxmayaraq, mən də bu durumumuzun müvəqqəti xarakter daşıdığına və tezliklə aradan qalxacağına inanıram”.   

   Könül NƏCƏFOVA