Londona gələn xarici turistlərin çox hissəsi, xüsusilə də qadınlar, ilk növbədə Vaterloo körpüsünü görməyə tələsirlər. Bilirsiz niyə? Çünki bu körpü onlara cavan zabitlə Mayra adlı gözəl qızın sevgisindən bəhs edən bir kinofilmi xatırladacaq. Məharətli ifaları ilə tamaşaçını həyəcanlandıran və duyğulandıran Vivyen Li və Robert Teylor milyonlarla kinosevərin məhəbbətini qazanıblar. Melodram janrında olan "Vaterloo körpüsü" gənc Mayranın sonda faciəli ölümü ilə qurtarır.
Yazıçı Saomerset Moem aktrisa barədə belə yazmışdı: "Li "seks bomba" deyil. Tamaşaçı Vivyen Linin oyununu unuda bilər, amma onun cazibəliyini və gözəl sifət cizgilərini heç vaxt unuda bilməz".
1913-cü il noyabrın 5-də Hindistanın Carcillinq şəhərində ingilis Ernest Xartlinin ailəsində Vivian Meri (əsl adı belədir) adlı qız uşağı dünyaya gəlir. Birja agenti işləyən atası mister Xartli həvəskar aktyor kimi tanınırdı. Balaca Meriyə də səhnəyə olan həvəsi atasından keçmişdi. Onların ailəsi tez-tez daimi yaşayış yerlərini dəyişdiyindən Vivian Roma, Paris və Vyana şəhərlərinin kolleclərində təhsil almalı olurdu. Elə bu səbəbdən də onun yaşadığı şəhərlərin teatr həyatı barədə məlumatı var idi. Yaşının az olmasına baxmayaraq, Meri bəzən pansion divarları arasında, darısqal bir otaqda kiçik tamaşalar hazırlamağa cəhd göstərirdi. O, diksiyasını düzgün qurmaq üçün Komedi Fransız Teatrının aktrisası ilə məşq edirdi. On səkkiz yaşına çatanda isə Meri Londondakı Kral Akademiyasının dram sənəti şöbəsinə daxil olur. Valideynləri ondan çox razı idilər. Müəllimləri də gənc miss Xartlini istedadlı və çalışqan tələbə sayırdılar. Onlar qızlarının gələcəyini məşhur aktrisa kimi görürdülər.
1935-ci il may ayının 15-də 22 yaşlı Meri "Ambassadors" teatrının səhnəsində ilk böyük uğurunu qazanır. Həmin gecə "Yaxşılıqlar maskası" komediyasının premyerasında Anriyett rolunu oynayan gənc aktrisanı tamaşaçılar gurultulu alqışlarla qarşıladılar. O gündən etibarən Meri tamaşalarda Vivyen Li adı ilə çıxış etməyə başladı. Səhərisi bütün qəzetlər gənc aktrisanın oyunu haqqında tərifli resenziyalar dərc etmişdi. Vivyen Lini "Londonun sensasiyası" və "təzə Sara Bernar" adlandırırdılar. Səhnədəki ilk çıxışından bəyənilən Li daha sonra kinoya çəkilmək üçün dəvətlər almağa başlayır.
Kinoprodüser Aleksandr Korda gənc aktrisayla beş filmə çəkilmək üçün müqavilə bağlayır. Hollivud prodüseri Devid Selznik isə Lidən yeddi illik kontraktı imzalamağa xahiş etdi. Li ardıcıl olaraq "İngiltərə üzərində alov" (1936), "Yankilər Oksfordda" və "Müqəddəs Martin döngəsi" (1938) filmlərində çəkilir. Bu ekran əsərləri aktrisanın öz üslub, mövzu və dəst-xəttinin axtarışında olduğunu göstərirdi. Onun ifasının təbiiliyi qəhrəmanlarının mürəkkəb psixologiyasına maraq göstərməsi və onların daxili aləmini açmağa çalışmasını tamaşaçılar yüksək qiymətləndirirdilər.
Vivyen Li "Küləklə sovrulanlar" (1939, rej. V.Fleminq, ABŞ, "Oskar" mük.) ekran əsərində çəkilmək üçün Amerikaya gələn zaman filmin kütləvi və batal səhnələri artıq çəkilib qurtarmışdı. Təkcə qadın qəhrəman - Skarlett O`Xara rolunun ifaçısı çatışmırdı. Çoxsaylı namizədlər arasından həmin rola Vivyen Li təsdiq olundu. Miss Skarlett obrazında Li istedadını parlaq şəkildə nümayiş etdirdi. Li bu filmdə yaradıcılığının başlıca mövzusunu - insan taleyinin həyatın ziddiyyətli və qeyri-təbii şəraiti ilə qarşı-qarşıya durmasının faciəsini açıb göstərə bilib. Filmin böyük uğur qazanması baş rolun ifaçısına da dünya şöhrəti gətirib. Yeri gəlmişkən, qeyd edək ki, "Küləklə sovrulanlar" ikiseriyalı bədii filmi XX əsrin ən yaxşı ekran əsəri hesab edilir.
Vivyen Linin 40-cı illərdə çəkildiyi rollar onun təkrarolunmaz, özünəməxsus fərdi istedadı olan aktrisa kimi məşhurlaşdırıb: - Mayra ("Vaterloo körpüsü", 1940, ABŞ), Emma ("Ledi Hamilton", 1941, rej. A.Korda), Kleopatra ("Sezar və Kleopatra", 1946, rej. T.Paskal), Anna ("Anna Karenina", 1948, rej. J.Dyüvivye) və başqa rollar. İngilis aktrisasının ifa tərzinin sadəliyi, palitrasının zənginliyi, çox incə sətiraltı sözləri ustalıqla tamaşaçıya çatdırmaq bacarığı digərlərindən fərqlənirdi. "Arzu tramvayı" kinofilmindəki Blanş Dyübua rolu (1951, rej. E.Kazan, ABŞ) "Oskar" mükafatından əlavə - Beynəlxalq Venesiya kinofestivalının və Britaniya akademiyasının mükafatlarına layiq görülüb.
"Vaterloo körpüsü" filmindəki hadisələr 1914-cü ildə İngiltərədə baş verib. Burada Vivyen Li gənc balerina Mayra Lester rolunda çıxış edir. Bu filmin fabulası azərbaycanlı kinosevərlərə də yaxşı tanışdır. Qısaca xatırladaq ki, Mayra cavan aristokrat, kapitan Roy Kroninlə ilk baxışdan bir-birinə vurulurlar. Filmin uzun ömürlü olması və ona həmişə böyük maraqla baxılmasının səbəbi - qəhrəmanların məhəbbət macərası, incə hisslər, bolluca xeyirxahlıq və ən nəhayət, kədərli faciə ilə qurtarması olub. Tamaşaçı ilə bərabər, tənqidçilər də Vivyen Linin oyunundan, onun gözəlliyi və səmimiliyindən böyük zövq alırdılar. Deyilənə görə, Uinston Çorçill bu filmə baxmağı çox sevərmiş. O, aktrisanın oyununu bəyəndiyindən ona hətta gözəl bir rəsm əsəri də hədiyyə etmişdi. Li, qəhrəmanı Mayranı, şərti obraz olmasına baxmayaraq, güclü fərd kimi canlandıra bilib. Bununla belə, o, əhdinə sadiq qalmaq üçün körpü üzərində sürətlə hərəkət edən avtomobilin təkərləri altına atılaraq həlak olur.
Aktrisanın şəxsi həyatına gəlincə, demək lazımdır ki, Vivyen Linin adı həyatda və sənətdə məşhur ingilis aktyoru Lourens Olivye ilə birlikdə çəkilir. Onlar 1940-cı ildə Kaliforniyada qeyri-rəsmi evlənmişdilər. Sakit okeanda, çox da böyük olmayan yaxtada bal ayını keçirdiukdən sonra onlar dumanlı Londona bombaların yağdığı zaman qayıtmışlar. Həmin vaxtdan cütlük kinoda və teatr səhnəsində birlikdə uğurlu və sevinc dolu günlər yaşamışlar. Onların birgə həyatı düz 20 il, 1960 ilə kimi davam etmişdi. Dost kimi ayrılsalar da, bir daha səhnədə və kinoda bir yerdə olmamışlar.
Kino Vivyen Liyə dünya şöhrəti gətirib. "Arzu tramvayı" filmində iştirakına görə o, ikinci dəfə "Oskar" mükafatına layiq görülüb. Buna baxmayaraq, teatr onu daha çox cəlb edirdi. O, səhnəni, tamaşaçı zalını, insanlarla canlı ünsiyyətdə olmağı daha çox sevirdi. Li özü bu barədə belə demişdi: "Mən kino ulduzu deyiləm, onların varlığı qeyri-real dəyərləri qazanmaq üçün yalançı, qeyri-real həyatdır. Mən isə canlı insanlara sevinc və fərəh bəxş etmək istəyirəm".
Vivyen Li olduqca savadlı, ziyalı bir aktrisa idi. O, cilalanmış, parlaq peşəkarlığa malik sənət fədaisidir. Çox incəzövqlü və güzəştə getməyi sevməyən insan idi. Digər ingilis dram aktrisaları kimi Vivyen Li də özünü Şekspirin pyeslərində görürdü. Onun artistlik istedadı Şekspirin əsərlərində müvəffəqiyyətlə sınaqdan çıxmışdı: "Hamlet"də Ofeliya, "Maqbet"də Ledi Maqbet, "On ikinci gecədə" Viola, "Romeo və Cülyetta"da Cülyetta, “Antonio və Kleopatra"da Kleopatra, "III Riçard"da Ledi Anna rollarını böyük ustalıqla oynayıb. Li bütün bacarıq və gücünü axıradək səhnəyə sərf edirdi. Deyilənə görə, aktrisanı bəzi tamaşalardan sonra xərəkdə aparırdılar. Belə hadisələr Şekspirin "Maqbet"ində, Dümanın "Qadın və kameliya çiçəkləri" və Jirodun "Mələklərin dueli" tamaşalarından sonra baş verib. Onun səhnədəki çıxışı teatrda anşlaqa zəmanət verirdi. İncəzövqlü fransızlar 1957-ci ildə Parisdəki qastrol tamaşalarından sonra Vivyen Liyə Legion ordeni vermişdilər. İngilis dramaturqları, başda Noel Kouvard olmaqla, pyeslərində onun iştirak etməsinə razılıq verməsini özləri üçün böyük xoşbəxtlik sayırdılar. Bu isə aktrisanın sağlamlığı bahasına başa gəlirdi. V.Li deyirdi: "Mən əqrəb bürcündə doğulmuşam. Əqrəblər isə bir-birini sancaraq məhv edirlər. Mənim də həyatım buna bənzəyir".
Vivyen Li 1967-ci il iyulun 8-də Londonda ağır xəstəlikdən sonra dünyasını dəyişdi. Həmin gün dünyaşöhrətli aktrisanı son mənzilə yola salmaq üçün onun evinin qarşısında toplaşmış minlərlə pərəstişkar sükuta qərq olmuşdu. Camaatın arasından bir nəfər irəli çıxaraq, ağ sütunun üzərində kömürlə bu sözləri yazdı: "Əbədi yaşar dahi aktrisa. Əsl gözəlliyin və həmişə cavan ürəyin sahibi Vivyen Li".
Bütün teatrlar həmin gecə matəm əlaməti olaraq reklam işıqlarını söndürmüşdülər.
Həsən TAĞIYEV