Bu il Türkiyə kinematoqrafiyası özünün ən yeni və bir-birindən maraqlı filmləri ilə yaddaşlarda dərin izlər qoymaq iddiasındadır. Son dövrdə bir-birinin ardınca premyerası keçirilən yeni türk filmləri hələ də “dur” demək niyyətində deyil. Çünki birinin nümayişi bitməmiş, digəri üçün hazırlıqlar gedir. Qardaş ölkənin kinematoqrafiyasını zənginləşdirən həmin filmlər bizim üçün də çox maraqlıdır. Ona görə də yaxın zamanda ekranlara çıxacaq türk filmləri haqqında ən isti xəbərləri nəzərinizə çatdırırıq.
   
   “Eşq gəlirəm deməz” (“Aşk geliyorum demez”) 6 noyabrda ekranlara çıxdı
   
   Ötən il “Eşq tutulması” (“Aşk tutulması”) filmi böyük maraqla qarşılanan rejissor Murat Şeker, bu dəfə də bir eşq filmi ilə bütün diqqəti öz üzərində cəmləməyi bacardı. “Eşq gəlirəm deməz” adının və “Eşq gəlirəm deməz, amma gedirəm deyər” ideyasının daşıyıcısı olan filmin süjeti, İstanbulun qədim yerlərindən olan Mahmutpaşada yerləşən mehmanxananı satın alaraq, alış-veriş mərkəzinə çevirmək istəyən bir şəxslə həmin mehmanxanada çalışan və mehmanxananın alış-veriş mərkəzinə çevrilməsi ilə heç cür razılaşmayan biznesmenlərin mübarizəsi üzərində qurulub. Baş rollarını məşhur “Min bir gecə” serialından tanınan Bergüzar Korel ilə Tolgahan Sayışmanın ifa etdiyi filmdə sözügedən eşq, mehmanxana biznesmeninin oğlu Əli ilə mehmanxananı satın alan şəxsin gözəl qızı Gözde arasında yaşanır. Hadisələr elə həmin mehmanxananın satılmasıyla başlayır. Alıcı biznesmendən mehmanxananı boşaltmasını tələb edir. Mehmanxananı ticarət mərkəzi olmaq “bəla”sından qurtarmaq istəyən biznesmen isə yoldaşları ilə birləşərək bir plan qurur. Mehmanxanada çalışan biznesmenlərdən birinin oğlu, olduqca yaraşıqlı və eşqbaz Alidən alıcının qızı Gözdeni tovlamasını istəyir. Bununla da mehmanxananı alış-veriş mərkəzinə çevrilmək təhlükəsindən qurtaracağını düşünür. Əslində başqa məqsədlər xatirinə tanış olan Əli və Gözde ilk baxışdan bir-birinə vurulurlar. Beləliklə, biznesmenin planları ilə komik, eyni zamanda romantik bir hekayə başlayır.
   Murat Şekerin rejissorluq etdiyi filmin ssenarisi Murat Şekerlə Selami Genliyə məxsusdur. Rollarda Bergüzar Korel, Tolgahan Sayışman, Zeki Alasya, Altan Erkekli, Ömür Arpaçı və başqa məşhur türk aktyorları çıxış edir. 95 dəqiqə davam edən “Eşq gəlirəm deməz” filminin premyerası 6 noyabrda keçirildi.
   
   “Gecənin qanadları” (“Gecenin kanatları”) 11 dekabrda ekranlarda
   
   Serdar Akar və Mahsun Kırmızıgülü bir araya gətirən “Gecənin qanadları” filmi 12 sentyabr zərbəsindən sonra polis basqınında ata-anası gözləri qarşısında qətlə yetirilən gənc bir qızın-Gecenin başına gələnlərdən bəhs edir. Üzərində bomba daşıyan intiharçı qızla milli komandanın atletinin yollarının kəsişdiyi filmdə, Yusuf və Gecenin sevgisinin nələri dəyişmə iqtidarında olduğu göstərilir. Ssenarisini Mahsun Kırmızıgül və Ahmet Küçükkayalının birgə yazdığı filmə Serdar Akar rejissorluq edib. “Gecənin qanadları”nın aktyor heyətini “Günəşi gördüm” filmindəki uğurlu performansı ilə yadda qalan Murat Ünalmış, televiziya dünyasının çox sevilən oyunçularından olan və ən son çəkildiyi məşhur “Aşkı-Memnu” serialından tanınan Beren Saat, onunla birgə ilk dəfə kamera qarşısına çıxan Erkan Petekkaya və böyük bir təşkilatın liderini oynayan Yavuz Bingöl, Alper Kul, Teoman Kumbaracıbaşı, Ferit Kaya, Ali Barışık, Zeynep Anıl Tatdıran, Cezmi Baskın və Arif Erkin təşkil edir. Məhəbbət mövzulu drama olan “Gecənin qanadları”nın sürəkliliyi 100 dəqiqədir. Nümayişi isə 11 dekabr 2009-cu il tarixinə planlaşdırılıb.
   
   “Günəşi gördüm” isə “Oskar”a təqdim olunub
   
   İlk filmi “Ağ mələk” (“Beyaz melek”) ilə izlənmə rekordunu qıran Mahsun Kırmızıgülün ikinci filmi olan “Günəşi gördüm” bu il Amerika Kino Sənəti Akademiyasının keçirdiyi Beynəlxalq Kinofestivalda iştirak edəcək. Türkiyənin tanınmış kino tənqidçiləri Atilla Dorsay və Mehmet Açar “Güneşi gördüm”ün “Oskar” namizədi olmasını yüksək qiymətləndirirlər: “Biz “Oskar”a amerikalıların qavraya biləcəyi, dünya miqyasına uyğun filmlər göndərməyi heç vaxt bacara bilmədik. Bu mənada “Günəşi gördüm”lə bağlı böyük ümidlərimiz var. Bu film çox humanist və insancıl bir filmdir. Akademiyanın “Ən yaxşı xarici film” nominasiyası üzrə bu tərz filmləri təkid etdiyini də çox görmüşük. Ona görə də biz “Günəşi gördüm”ün mükafatla qayıdacağına inanırıq”.
   Baş rollarda Mahsun Kırmızıgül, Demet Evqar, Hande Subaşı, Yıldız Kültür və başqaları çıxış edirlər. İlk nümayişi 2009-cu ilin martın 12-nə təsadüf edən film, 2008-ci ildə Türkiyənin “Boyut Film” şirkəti tərəfindən istehsal olunub.

   Könül NƏCƏFLİ