Şamil Mahmudbəyov - 85
Görkəmli kinorejissor, Azərbaycanın əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Şamil Mahmudbəyovun həyat və yaradıcılıq yolu heç də asan olmayıb. Düzdür, istedad, əmək və inadkarlıq ona və onun bir çox həmkarlarına xas olan xüsusiyyətdir. Lakin əsl rejissorluq cəsarəti heç də hamıya müyəssər olmur. Məhz cəsarət ona son dərəcə dəqiq iş prosesində yeni zirvələr fəth etmək imkanı verdi.
50-ci illərin ortalarında ölkədə film qıtlığı problemi tədricən aradan qalxmağa başladı. Müxtəlif kinostudiyalarda, o cümlədən Azərbaycanda filmlər istehsal olunmağa başlamışdı. Həmin dövrdə T.Tağızadə «Görüş» filmini çəkirdi. Şamil müəllim «Görüş» filminə hazırlıq dövründə və çəkiliş dövrünün başlanğıcında, 1956-cı ildə isə «Qara Daşlar» filmində II rejissor işləmişdi. Həmin il «Kitab poçtla»nın xidmətlərindən istifadə edin», sonralar «Onun 150 yaşı var» (1958), «Naxçıvan MSSR» (1959), «Leyt.Şmidt adına Zavodda əməyin təhlükəsizliyi» (1961) sənədli filmlərini, «Mozalan» satirik kinojurnalı üçün kinosüjetlər çəkmişdir.
Bədii kinoda debütü isə 1960-cı ildə quruluş verdiyi «Əyri yolla qazanc» qısametrajlı filmidir. Burada əyri yolla qazanc əldə etməyə və yüngül həyat sürməyə çalışan sürücülər tənqid olunurdu.
İşləmək, yaratmaq həvəsi bu insanın daxilində aşıb daşırdı. Belə bir vaxtda ona «Romeo mənim qonşumdur» musiqili kinokomediyasının çəkilişləri tapşırıldı. Bu vaxt o, artıq 15 il idi ki, kinostudiyada işləyirdi, yaşı isə 39-u keçmişdi. Vaxtilə sovetlər ölkəsinin teatrlarının səhnəsində tamaşaya qoyulan bəstəkar Rauf Hacıyevin eyniadlı operettası böyük uğur qazanmışdı. Bu populyar operettanın ekrana çıxarılması isə günün tələbi idi.
Tamaşanı unudub, operettanı kino üçün yenidən işləmək, bunun üçün janrın qanunlarını nəzərə almaq yaradıcı qrupun qarşısında duran əsas vəzifə idi. Təəssüf ki, V.Yesman kino üçün yazdığı ssenaridə müəyyən dəyişikliklər aparsa də, ədəbi ssenarini teatrallıqdan qurtara bilməmişdir. Nəticədə tamaşanın librettosunun strukturunu olduğu kimi ssenariyə köçürmüş, orijinalda nəql olunan əhvalatın dinamikası, yüngül ritm burada xeyli zəifləmişdir. Teatrın dramaturgiyası, kinonun spesifikası ilə təzad təşkil etmişdir.
Buna baxmayaraq musiqili komediyadakı gözəl yumor, Rauf Hacıyevin bənzərsiz musiqisi və dahi Rəşid Behbudovun insanda xoş əhval-ruhiyyə oyadan kadrarxası ifa etdiyi mahnılar filmi bu gün də baxımlı etmişdir.
«Qaraca qız»ın uğuru
Azərbaycan yazıçısı S.S.Axundovun «Qorxulu nağılları» XX əsrin əvvəllərindən bəri neçə-neçə nəslin sevə-sevə oxuduğu hekayələrdir. Bu hekayələrdə pulun, var-dövlətin hakim olduğu cəmiyyətdə kasıb ailələrin zəhmətkeş uşaqlarının acınacaqlı, fərəhsiz həyatı təbii, inandırıcı boyalarla təsvir olunmuşdur. Xüsusilə yazıçının «Qaraca qız» hekayəsi oxucular arasında ən çox populyar olan əsərlərindəndir. Əlbəttə, belə bir hekayə kinematoqrafçıların da diqqətindən yayına bilməzdi. 1966-cı ildə özünün yazdığı ssenari əsasında Ş.Mahmudbəyov «Qaraca qız» kinonovellasını çəkir. Eyniadlı kinoalmanaxa daxil olan bu bədii film qısametrajlı olsa da, əsərin düzgün ekran həllinə, maraqlı quruluşa görə rejissora uğur qazandırır. Kinoalmanax 1967-cı ildə Tbilisidə Zaqafqaziya və Ukrayna respublikalarının I zona kinofestivalında diplom və prizə layiq görülür.
Bundan ruhlanan Şamil müəllim sonralar müxtəlif janrda və müxtəlif mövzuda neçə-neçə filmə ekran həyatı verir. «Torpaq, Dəniz. Od. Səma», «Şərikli çörək», «Həyat bizi sınayır», «Skripkanın sərgüzəti», «Dörd bazar günü», «Dərviş Parisi partladır», «Bayquş gələndə», «Od içində», «Tənha narın nağılı» filmlərinin arasında bədii səviyyəcə yüksək olanı da var, zəifi də.
Böyük Vətən müharibəsinin son günlərindən danışan «Şərikli çörək» filmi Azərbaycan milli kino tarixində mühüm mərhələ təşkil edir. İstər rejissor Ş.Mahmudbəyov, istərsə də ssenari müəllifi A.Axundova müharibə illərinin ağrılı-acılı, məşəqqətli günlərini, çətin vəziyyətə düşən insanların bir-birilərinə olan münasibətlərini, uşaqların dostluğunu incə ştrixlərlə açıb göstərə bilmişlər.
Ümumiyyətlə, Ş.Mahmudbəyov uşaqlarla, yeniyetmələrlə işləməyi çox sevirdi. O, çalışırdı ki, ekrana çıxardığı hər film uşaqların ürəyincə olsun, kiçikyaşlı tamaşaçıları əyləndirsin. Ş.Mahmudbəyov etiraf edirdi ki, uşaqlarla iş çətin və məsuliyyətlidir. Söhbətlərinin birində özü belə demişdi: «Mən uşaq kinosu deyilən sahənin rejissoruyam. Bu vaxtadək çəkdiyim «Qaraca qız», «Torpaq. Dəniz. Od. Səma», «Şərikli çörək», «Bayquş gələndə» filmlərində bu və ya digər cəhətdən uşaq mövzusuna toxunulmuşdur.
Mən «uşaq kinosu» deyilən sahənin adını çəkdim. Mənə elə gəlir ki, ekranı yaşlılar və uşaqlar arasında bölmək düzgün deyildir. Film vahid kino əsəridir.
Uşaq auditoriyası üçün nəzərdə tutulan filmlərdə «yaşlı» filmlərin davam etdirdikləri işin bünövrəsi qoyulur. Həmin filmlərdə gələcəyin qurucuları tərbiyə olunur, onlarda yaradıcı əməyə məhəbbət oyadılır. Uşaqlar üçün ən yaxşı filmlərin nəcib rolu da bundan ibarətdir.
«Həyat bizi sınayır» filmi əvvəllər gördüyüm işin bir növ davamıdır. Bu filmdə gənclərdən bəhs edilir. Amma bu dəfə qəhrəmanlar bir qədər yaşa dolmuşlar və böyük həyatın ilk sınaqlarından keçirlər».
Ekrandakı məişət, müharibə
Ş.Mahmudbəyov filmlərində məişəti çox gözəl təsvir edən və janrı yaxşı hiss edən rejissorlarımızdan idi. Həqiqətən bu sənətkarın filmlərində forma aydınlığı və təmizliyi müşahidə olunur. Əgər o, bizi effektli eksperimentlərlə təəccübləndirməsə də janrın dərinliyinə inamla gedir, hər bir kadrın inandırıcı və baxımlı olmasına çalışırdı. Bunu rejissorun istər müasir həyatdan bəhs edən filmlərində, istərsə də M.F.Axundovun bu gün də müasir səslənən «Müsyö Jordan və dərviş Məstəli şah» klassik əsəri əsasında çəkilmiş «Dərviş Parisi partladır» kinokomediyasında aydın görmək olar.
«Dərviş Parisi partladır» filmində XIX əsrdə feodal-patrialxal mühit bütün çılpaqlığı ilə təcəssüm etdirilmişdir. Burada o dövrdə hökm sürən ətalətlə gerilik tənqid olunur, eyni zamanda sakit patrialxal mühitində mütərəqqi meyllərin yaranmasından danışılır, gənclər biliklərə yiyələnməyə dəvət edilir, ictimai elmlər, o cümlədən təbiətşünaslıq elmi təbliğ olunur.
Bu filmin rejissorları K.Rüstəmbəyov və Ş.Mahmudbəyov kinematoqrafik vasitələrlə komediyanın ruhunu saxlaya biliblər. Əsərin ideyası saxlanılmaqla filmə xüsusi poetik gözəllik verilmişdir. Burada epizod və hadisələr ümumi bədii şəkildə birləşdirilmişdir.
Ş.Mahmudbəyov müharibə haqqında, özünün müharibədə iştirakı barədə danışmağı sevməzdi. O, müharibəyə o qədər nifrət edirdi ki, bu barədə ondan danışmağı xahiş edəndə deyirdi: «Vuruşmuşuq ki, ana-bacılarımızı faşistlərdən xilas edək. Müharibə dövründə milyonlarla insan hitlerçi işğalçılara qarşı vuruşurdu, mən də onlardan biri, vəssalam. O ki, qaldı müharibə mövzusuna, bu barədə mən sözümü ekrandan deyirəm».
Ona görə də rejissorun yaratdığı filmlər arasında müharibə mövzulu, bu və ya digər dərəcədə hərbi mövzuya toxunan kino əsərldəri xüsusi yer tutur: «Torpaq. Dəniz. Od. Səma», «Şərikli çörək», «Dörd bazar günü», «Skripkanın sərgüzəşti», «Tənha narın nağılı» …
Rejissor «Tənha narın nağılı» filmini yazıçı Ə.Əylislinin «Tənha nar ağacı» povesti əsasında ekranlaşdırmışdı. Bu, müharibədən sonrakı ilk illərdə çiyinlərinə dövrün ağır yükü düşmüş adamlar, Azərbaycan şəhərlərindən birinin həyatı, insan mənəviyyatının paklığı haqqında film-xatirədir. Şamil müəllimin bu əsərə öz münasitbəti, əsəri ekran dilinə çevirmək üçün onun öz yozumu vardı. Həvəslə filmin çəkilişlərinə başlamışdı. Elə başlanğıcda da onda olan bu həvəsi öldürdülər. Yəni gözlənilmədən, ona əvvəlcədən xəbərdarlıq edilmədən Həsənağa Turabovu birdən-birə filmə ikinci quruluşçu rejissor təyin etdilər. Əlbəttə, işin belə məcraya düşməsi filmə öz mənfi təsirini göstərməyə bilməzdi və biz bunu ekranda açıq-aydın görürük.
Şamilin Hacı Muradı
Rejissorun yaradıcılığından söhbət açarkən onun kino rollarını da unuda bilmərik. Yenə də kino rəssamı K.Nəcəfzadənin xatirəsinə müraciət edək: «Mən Şamili Moskvada birgə təhsil aldığımız illərdən tanıyırdım. Yüksək mədəniyyətli, geniş dünyagörüşə malik, savadlı bir gənc idi. Görkəmli sənətkar, kinorejissor S.Gerasimov onun kurs müəllimi idi. Bir dəfə onların sinfi kurs işi hazırlayıb tamaşaya qoydu. Şamil həmin kurs tamaşasında Hacı Muradı oynadı. Gözlərimə inanmadım, Şamilin Hacı Muradı bütün institutu lərzəyə salmışdı. Müəllimlər də, tələbələr də uzun müddət Şamildən danışırdılar».
Hacı Muradı vizual təsəvvür etmək üçün «Yenilməz batalyon» filmindəki Qaçaq Əlimərdanı yada salmaq kifayətdir. Həmin rolu Ş.Mahmudbəyov özünəməxsus ustalıqla ifa etmişdir. Lakin onun «Fəryad» filmində yaratdığı Samvel surəti təbiiliyi, psixoloji dərinliyi ilə diqqəti cəlb edir. Bakı ermənisi olan bu adam «myatsum» deyənlərin hay-küyünə düşərək Qarabağa gəlib çıxıb. Azərbaycan zabiti İsmayılın Samvellə söhbətindən aydın olur ki, bu erməni Bakı üçün darıxır, doğma şəhərimizin xiffətini çəkir. Şamil Mahmudbəyov bu epizodik rolları ilə sübut etmişdir ki, o peşəkar kinorejissor olduğu kimi, həm də istedadlı aktyor idi. Sadəcə olaraq onun bu bacarığından istifadə etmək lazım idi.
Yarımçıq çəkilişlər, yarımçıq ömür
60 yaşlı peşəkar rejissor yaradıcılığının ən gözəl çağlarında uzun müddət işsiz qaldı, ona yeni bir film verilməsi üçün rəhbərliyə müraciət etmədi, qəribə də olsa Şamil müəllim də heç kəsin yadına düşmür, bircə rejissor Vaqif Mustafayevdən başqa. O özünün yazdığı «Divar» adlı ssenariyə quruluş verməyi Ş.Mahmudbəyova tapşırdı. Lakin vəsaitin çatışmaması ucbatından filmin çəkilişləri yarımçıq qaldı. Bundan sonra Vaqif müəllim «Adam» adlı qısametrajlı bədii videofilmə quruluş verməyi ona yenidən təklif etdi. Yenə də işin qızğın çağında filmin çəkilişləri yarımçıq qaldı.
Bir tərəfdən də getdikcə şiddətlənən ağır xəstəlik onu birdəfəlik yatağa saldı. Şamil müəllimin qardaşı Adil Seyidov xatirələrində yazmışdır: «Qardaşım məndən fərqli olaraq bir az bədbin, sənətkar kimi isə qəlbi kövrək idi. Bir arada onu çox incitdilər. Son dövrdən isə danışmağa dəyməz. O kökdə də sənətkar olar, pulu yox, bir fərli paltarı yox. Axı sənətkarın qayğısına qalarlar, ona əl tutub kömək edərlər. Xəstəxanada yatdığı son bir ildə isə gözü yolda qaldı, yanına gəlib-gedən, ona baş çəkən sənət dostları çox az oldu».
Şamil Mahmudbəyov sənətdə 50 ildən artıq ömür sürdü. Çox sadə, lakin keşməkeşli, özünə və həmkarlarına qarşı tələbkar sənətkar ömrü yaşadı. Yaşının müdrik, yaradıcılığının yetkin çağında, 1997-ci il mayın 20-də 73 yaşında dünyasını dəyişdi.
Aydın Kazımzadə,
əməkdar incəsənət xadimi