Tamaşaçı telekanallarımızın təqdimatında xarici ölkə filmlərini də izləmək imkanına malikdir. Bəs görəsən, tamaşaçı son dəfə hansı telekanalın film seçimindən razı qalıb, həmin filmin məğzi ona nə deyib və o hansı janra üstünlük verir? Ətraflı olan bu sorğumuzda bir çoxlarının baxdıqları filmin məğzini öz arşını ilə ölçə bilməməsi də üzə çıxdı. Görünür, baxdığımız filmləri müzakirə edib, kiminləsə bölüşmək atmosferini mədəniyyət aktı kimi qəbul edənlərimiz çox azdır. Beləliklə, 50-dən çox şəxsi əhatə etmiş sorğumuza münasib saydığımız cavabları oxuculara təqdim edirik.
   
   
   Əli Hüseynov (kompyuter mühəndisi): Döyüş filmlərini xoşlayıram. Bu yaxınlarda ANS-də “Risk” filmini izləmişəm. ABŞ peykləri Şimali Koreyada nüvə başlıqlı raket qurğusu aşkar edir. ABŞ buna qarşıdır, silahı məhv etmək üçün bir neçə variant var. Daha az itkiyə səbəb ola biləcək bir plan seçilir və Cənubi Koreyadakı dəniz donanması əsgərlərindən bir qrupu həmin bazaya gedərək raketi yerində məhv etmək tapşırığını alır. Lakin hər şey planlandığı kimi getmir, tapşırıq ləğv olunur və əmr gecikdiyi üçün 4 əsgər artıq düşmən cəbhəsində öz həyatları üçün mübarizə aparmalı olur.
   Filmin çəkilişi də gözəl alınıb, sadəcə bir neçə yerdə kompyuter imkanlarından zəif istifadə edilib. Bir sözlə, ANS-in film seçimi qaneedicidir.
   Anar Amin (gənc şair): Rusiya kanallarının birində Patrik Züskindin eyniadlı əsəri əsasında çəkilmiş "Ətriyyatçı" filminə baxmışam. Deyilənlərə görə, yazıçı bu roman barədə film çəkməyə qadağa qoymuşdu. Amma hər halda film çəkildi. Roman məşhur əsər olduğundan filmin mürəkkəb mahiyyətini danışmaq artıqdır. Lakin deyim ki, rejissor romana böyük dəyişiklik etməklə daha maraqlı nəticəyə nail olub. Filmi bizim televiziyada versələr, yaxşı olardı. Ümumiyyətlə mən mahiyyətli filmləri xoşlayıram. Bu baxımdan “Space” müəyyən tələbata cavab verir.
   Əzizə Səlimova (satıcı): Bir neçə ay əvvəl ATV-də göstərilən, Cennifer Lopesin baş rolda oynadığı kinoya baxdım, xoşuma gəldi. Mövzu maraqlı idi. Təəssüf ki, adı yadımda deyil o filmin. Filmlərini müntəzəm izlədiyim konkret kanal yoxdur.
   Samir Səmədov (kafe işçisi):“Qorxusuz" gözəl döyüş səhnələri ilə zəngin, dərin mənalı bir filmdir. Jia adlı qəhrəman anasını və qızını öz şöhrətinə qurban verdikdən sonra şəhəri tərk edir, bir müddətlik şüursuz səyahətdən sonra kədər dolu bir mühitdə, gözləri görməyən bir qız sayəsində geri - həyata qayıdır. Bu dəfə o, artıq həyatın qiymətini anlamışdır. Gerisinə də özünüz baxmağınız məsləhətdir. İTV-nin klassik fransız və italyan filmlərinə üstünlük verməsi seçimimə təsir edir.
    İlqar Salmanov (jurnalist): Gənc pedaqoq 4 il müəllim işlədiyi özəl məktəbdə əldə etdiyi uğurlara baxmayaraq, adi bir məktəbdə işləmək üçün Nyu-Yorka gəlir. Ən adi bir məktəbin ən problemli sinfini öhdəsinə götürür və şagirdlərin müvəffəqiyyət qazanacağına söz verir. Filmin adı «Qara şəhər»dir. Bizim telekanallar bu filmi bir neçə dəfə nümayiş etdiriblər. Mən cəmiyyət problemlərinə həsr edilən bu cür filmlərə, hansı kanal təqdim etsə, daha zövqlə baxıram.
   Röya Aslanova (BSU-nun magistri): “Əlvida, Lenin” filminə baxmağı tövsiyə edirəm. Bu filmi adətən Almaniya kinosunda yeni inkişafın daha bir dalğası da adlandırırlar. Əslində, «Hollivud»un kölgəsində qalmış Avropa ölkələri dövri olaraq bu cür filmlər təqdim edir.“Səmalara yetişmək”, “Qaç, Lola, qaç!” (səhv etmirəmsə, hər ikisi Almaniyanındır) və bir də fransız “Ameli”sini psixoloji janrın ən gözəl nümunələri hesab edirəm. Bu cür filmləri izləmək zövqümcədir. İTV mənim filmlərimin kanalıdır.
   Elçin Həsrətli (elmi işçi): Son dövrlərdə telekanalları bir o qədər izləməsəm də, təxminən 3 ay öncə baxdığım bir film haqda danışmaq istərdim.
   Filmi ispan rejissoru Pedro Almodovar 1999-cu ildə çəkib: “Mənim anam haqqında hər şey” adlanır. Əvvəlcədən deyim ki, Almodovar özü yetəri qədər məşhur şəxsdir. Postmodernist, 1975-ci ildə Franko rejiminin süqutundan sonra irəli çıxmış nəslin ideologiyasının əsas ifadəçilərindən biridir.
    Fransa ilə İspaniyanın birgə işi olan bu film çox ziddiyyətli, çox mürəkkəbdir. Yüksək intellektuallı bu cür filmlərin əsas hədəfi isə, əlbəttə, bu məqsədli ziddiyyətlər, maraqdoğurucu mürəkkəbliklərdir.
   Sözün düzü, məhz bu filmə baxdıqdan sonra, həyatımızda bəzi mətləblərə həddən artıq süni dəyər verdiyimiz şeylərin necə də gərəksiz aciz olduğunu, lakin yetəri qədər dəyər vermədiyimiz şeylərin nə qədər dəyərli olduğunu hiss etdim. Birmənalı olaraq qəbul etdiyim telekanal seçimim isə yoxdur. Məncə, həftə ərzində telekanallardan keyfiyyətli bir film tapsaq, böyük işdir.
   Azər Məmmədov ( hüquqşünas): “Beyzanın qadınları” psixoloji-detektiv filmini xatırlayıram. Şəxsiyyət ikiləşməsindən əziyyət çəkən bir qadın, onun psixiatr əri, baş verən ardıcıl cinayətlər və bir polis. Bu türk filmini TRT-1 vasitəsilə izləmişəm.
   Qatilin bəhanəsi isə belədir... Cəhənnəm yoxdur, cəzaları özümüz verməliyik. Bizim telekanalların film təqdimatı məni qane etmir.
   Səidə Qasımova (menecer): Mənim xoşuma ən çox tarixi, romantik və həqiqi faktlar üzərində çəkilmiş filmlər xoşuma gəlir. Tarixi filmlərdən son vaxtlar ən çox təəssüratlandığım «Troya» filmidir. Homerin əsərindəki şəxsiyyətlər filmdə kifayət qədər canlı təsvir edilib. Həqiqi hadisə üzərində qurulan "Suda ölülər" də çox böyük psixoloji təsir bağışlayır. Söhbət bir cütlüyün səhvən yaddan çıxaraq açıq okeanda qalmasından gedir. Bu hadisə həqiqətən baş verib. AzTV-nin bu baxımdan daha ağır çəkili tarixi janrlı filmlər təqdim etməsi müsbət haldır. Bu kanalda çoxları film izləyir. Amma təəssüf ki, onlarda da gecə seansı gec başlayır. Məsələn, məncə, 21.00-da qısa bir film nümayiş etdirə bilərlər.
   Əsmət Qurbanov (işsiz): 1990-cı ildə istehsal olunan "Ruh" filmi mənim çox sevdiyim filmlər sırasında olub, hər dəfə onu təqdim edəndə maraqla izləyirəm. Günahsız Molli və onu sevən Sem çox məharətli ifalar idi. Seçimimdə konkretlik olmadığından, hansısa kanalın adını çəkə bilmirəm.
   Novruz Ağayev (sığorta işçisi): Filmləri janrlara görə izləmirəm. Məzmun, bir də aktyor oyunu diqqətimdə olur. Son dəfə isə baxdığım filmlər içindən TRT-1-də “Sinema bir möcüzədir” Türkiyə filmini fərqləndirə bilərəm. Film kinoteatrda çalışan dəcəl bir oğlan uşağının kino sevgisindən bəhs edir. Bu fonda keçən əsr 60-70-ci illər Türkiyə həyatı böyük ustalıqla tamaşaçıya təqdim edilir. Yaxşı film harda nümayiş olunsa, orda da baxıram. Təki film adama nəsə versin.

  Sabutay