Əgər siz nə vaxtsa, təkcə filmə baxmaq yox, həm də özünüzü filmdəki hadisələrin içində hiss etmək istəmisinizsə, yeni texnologiya sayəsində arzunuzun yerinə yetdiyini düşünün.
   
   İstənilən filmi cəlbedici görüntüyə çevirən müasir texnologiyalı kinoteatrlarda tamaşaçılar filmə baxdıqlarını unudaraq, ekrandakı hadisələrin içinə düşür. Belə ki, ekran itir, film isə virtual reallığa çevrilir. Böyükformatlı İMAX və İMAX 3D filmləri nəhəng ekranlarda nümayiş olunur.
   Kanadanın eyniadlı «İMAX Corporation» kompaniyasının hazırladığı film və kinoteatr formatı böyükölçülü ekranlara hesablanıb və 3D kinonun göstərilməsi üçün çox əlverişlidir. «Pələngin uşağı» ilk İMAX-film 1970-ci ildə Yaponiyada təşkil olunan «Ekspo-70» sərgisində nümayiş olunub. «Kino mühiti» adlı birinci İMAX kinoteatrı isə 1971-ci ildə Torontoda açılıb və indiyə qədər də işləyir.
   
   Yeddimərtəbəli kinoteatr
   
   Onun eni 22 m, hündürlüyü isə 16 m-dir. Sözsüz ki, bu standartdan bir qədər az və ya çox ölçülü ekranlar var. Məsələn, ən böyük İMAX ekranı Sidneydəki kinoteatrdadır. Onun eni 35, hündürlüyü 29 metrdir. Ekran tamaşaçının qarşısındakı məkanı demək olar ki, tamamilə tutur və beləcə, tamaşaçı özünü suyun altında təhlükəli vəhşi akulaların arasında və ya dinozavrların fantastik aləmində hiss edir. Tamaşaçılara belə zövq vermək isə asan başa gəlmir. Bu formatlı filmlər 70 mm-lik lentə yazılır. İMAX 3D kamerası təsviri ən yüksək keyfiyyətdə qeydə alır. Bu kamera iki obyektivlə təchiz olunur və iki təsviri eyni zamanda ayrı-ayrılıqda çəkməyə imkan verir.
   Belə kameraların çəkisi 113 kq olur. 2002-ci ildə isə İMAX DMR rəqəmsal texnologiyası hazırlanıb ki, bu da istənilən 35 mm-lik filmi İMAX formatına çevirməyə imkan verir. Bunun sayəsində böyük ekranlarda «Matrisa: İnqilab», «Harri Potter», «Hörümçək adam - 2» kimi blokbasterlər nümayiş olunub. 2006-cı ildə isə adi filmləri üçölçülü İmax 3D-yə çevirən texnologiya patentləşdirilib.
   
   3D-də «Başlanğıc»
   
   Kinoteatrda «Proportional Point Source» səs sistemi sayəsində tamaşaçı yarpağın üzərindən bir damla suyun düşməsini belə açıq-aydın eşidir.
   3D formatlı filmlərin göstərilməsi üçün isə üçölçülü təsvir təsəvvürünü yaradan xüsusi eynəklər istifadə olunur. Bu eynəklər zala daxil olarkən tamaşaçılara paylanır.
   Hazırda bu qabaqcıl formatın kino aləmində tayı-bərabəri yoxdur. Bu gün İMAX-ın filmotekasında 200-dən çox film var və sayı artmaqdadır. 2010-cu ildə İMAX kinoteatrlarında həmçinin «Alisa möcüzələr ölkəsində», «Əjdahanı necə əhilləşdirməli», «Həmişəlik Şrek», «Başlanğıc» filmlərinin nümayişi də gözlənilir. Tamaşaçı və peşəkarların bu texnologiyaya marağını onun kino sənayesində yeni mərhələyə çevriləcəyinə əsasə verir.
   Getdikcə bütün dünyada sayı artan İMAX kinoteatrlarının ən böyüyü Dome (daum) kinoteatrı ABŞ-da, ən böyük İMAX 3D ekranlı kinoteatr isə Hindistanda yerləşir.
   Ümumilikdə isə dünyanın 44 ölkəsində 395 İMAX kinoteatrı var. Onlardan 60%-i ABŞ və Kanada da, yeddisi Rusiyada, biri Ukraynadadır. Bu kinoteatrların təxminən yarısı kommersiya, yarısı isə maarifləndirici xarakter daşıyır. Bir sıra ölkələrdə bu texnologiyanın üstünlüklərindən tədris məqsədilə istifadə edilir. Bundan başqa təbiətin, kainatın sirlərinin öyrənilməsində bu texnologiyanın əvəzi yoxdur.
   Azərbaycanda belə ekranlı kinoteatr olmasa da, kinoindustriyamızın getdikcə inkişafı ümid eləməyə əsas verir ki, müasir texnologiyalar yaxınlarda ölkəmizə də yol tapacaq.
   
   Tünzalə