Müasir Azərbaycan kinosunun təbliği və yeni çəkilmiş filmlərin geniş tamaşaçı auditoriyasına təqdim edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi 6-10 aprel tarixlərində respublika daxilində «Azərbaycan kinosu həftəsi» adı altında növbəti kino layihəsini gerçəkləşdirdi. Beləcə, həm tamaşaçı yeni istehsal olunan milli kinematoqrafiya nümunələri ilə tanış oldu, həm də yerli film istehsalçıları məhsullarını müəyyən arealda təqdim etmiş oldular. Əslində, elə məhz bu məqama diqqət yetirilməsi tamaşaçı-kino həlqəsinin bərpasına yönəlmiş addım kimi təqdirəlayiqdir.
   
   Tamaşaçının gözləri milli filmləri axtarır
   
   Son vaxtlar milli filmlərin istehsalı artsa da, onların tamaşaçılara çatdırılmasındakı problemlər narahatlıq yaratmaqda idi. Məhz bu nüansa görə “Azərbaycan kinosu həftəsi”ni problemin həllinə yönələn addım kimi səciyyələndirmək və dəyərləndirmək olar.
   Həftə ərzində nümayiş olunan filmlərə gəlincə, tamaşaçılar son illər çəkilmiş filmlərin bir qismini burada izləyə bildilər. Kino tədbirinin respublikanın müxtəlif yerlərində keçirilməsi isə (Bakı, Gəncə, Göyçay, Şirvan, Sumqayıt və s.) tamaşaçılar arasında milli kinematoqrafiyamıza marağı bir az da artırdı. Proqramın maraqlı tərəflərindən biri də tammetrajlı filmlərlə bərabər, nazirliyin maliyyə dəstəyi ilə çəkilmiş qısametrajlı filmlərin nümayişi oldu. Sumqayıt şəhərində və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təşkil olunmuş həmin baxışlarda ictimaiyyətin müxtəlif təbəqələrindən olan insanlar toplaşmışdı.
   
   Kim nə qazandı?
   
   Aprelin 6-da Heydər Əliyev Sarayında «Niyyət» filmi ilə kino həftəsinə start verildi. 5 gün ərzində Azərbaycan tamaşaçısı tammetrajlı filmlərdən «Cavad xan», «Niyyət», «Məhkumlar», qısametrajlı filmlərdən “Ev”, “Bir addım”, “Qanadlarıma sığal çək”, “Nəfəs”, “Düyün”, “Qocalar”, cizgi filmlərindən “Cəsur təyyarə”, “Xeyirxah kirpi”, sənədli filmlərdən “Ey həyat, sən nə qəribəsən!”, “İçərişəhər. Əsrlərin daş yaddaşı”, “İz...Qala”, “Azərbaycan xalçası”, “Azərbaycan motivləri” filmlərini izləyə bildi. Diqqət yetirsək görərik ki, proqramda hər nəsildən nümayəndələrin maraqları nəzərə alınmışdı.
   Müxtəlif məkanlarda təqdim olunan bu filmlər müasir Azərbaycan kinosu haqqında tamaşaçılarda müəyyən qədər fikir formalaşdıra bildi. Sevindirici haldır ki, «Azərbaycan kinosu həftəsi» Azərbaycan tamaşaçısının marağını bazardan, iqtisadi problemlərdən, şoudan uzaqlaşdıraraq, bir həftəlik də olsa milli filmlərə tərəf yönəldə bildi.
   
   Fehruz Şamıyev