Rəqs qrupu bu dəfə Türkiyə və Krıma səfər edəcək
   
   Bu gün ölkəmizdə fəaliyyət göstərən rəqs qrupları arasında “Şənlik” də öz nailiyyətləri ilə seçilir. Azərbaycan rəqsinin incəliklərini dünyada tanıdan bu qrup “Dostluq”, “Azad bir quşam” və digər rəqs kompozisiyası ilə Türkiyədə keçirilən Cocuq Festivalında əsas mükafatı qazanıb. Ölkəmizi beynəlxalq müsabiqələrdə layiqincə təmsil edən rəqqasların növbəti səfəri isə isti yay günlərinə təsadüf edəcək. Qrupun bədii rəhbəri Lalə İbrahimova qarşıdakı planlardan və yadda qalan görüşlərdən ətraflı söhbət açdı.
   
   Əvvəlcə onu qeyd edək ki, “Şənlik” rəqs qrupu Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının nəzdində fəaliyyət göstərir. Qrup Azərbaycan Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi nəzdindəki Mədəniyyət və İstirahət İşləri Departamenti tərəfindən maliyyələşdirilir. Qrupun bədii rəhbəri Lalə xanım gənc rəqqasların uğurlarını onlara göstərilən diqqətin nəticəsi kimi dəyərləndirdi: “Hər il Türkiyədə keçirilən Cocuq Festivalında iştirak edirik, həmçinin başqa ölkələrə səfər edir, müsabiqələrə qatılırıq. Ötən il də İstanbul Folklor Muzey Dans Egitim Dərnəyinin rəhbəri Mustafa Kavasoğlunun dəvəti ilə maraqlı bir müsabiqədə iştirak etdik. Bu qurum hər il ənənəvi olaraq müxtəlif dövlətlərin mədəniyyət işçilərini yarışmaya dəvət edir. Burada əsas məqsəd ölkələr arasında mədəni əlaqələrin inkişaf etdirilməsidir. Yeddi ölkənin iştirakı ilə keçirilən müsabiqədə rəqs qrupumuzun çıxışı maraqla qarşılandı. Qeyd edim ki, festival yeddi gün davam etdi. Biz orada Azərbaycanı “Azad bir quşam”, “Dostluq” kompozisiyası, “Şən” və “Qaval” rəqsləri ilə təmsil etdik. Qala konsertdə hər ölkəyə bir rəqs nömrəsi ilə çıxış etməyə icazə verildiyi halda, Azərbaycana üstün göstərici əldə etdiyinə görə iki nömrə ilə çıxış etmək imkanı verildi”. İştirakçılar bundan istifadə edərək rəqs nömrəsi ilə yanaşı mahnılar da ifa etdilər. Demək olar ki, bütün konsertlərdə birinci çıxış Azərbaycan təmsilçilərinin olub. 2000-ci ildən başlayaraq, 2008-ci ilə qədər ayrı-ayrı ölkələrdə keçirilən festivallarda uğurla çıxış edən “Şənlik” üzvləri üçün Krım səfəri də maraqlı keçib. “Krımda “Artek” Uşaq İstirahət Mərkəzində yaşanılan tarix ötən ilin yay aylarına təsadüf etdi. Bundan əvvəl iyun aylarında Türkiyədə keçirilən “Rəqs və Mahnı” festivalında iştirak etmiş və növbəti uğurumuza imza atmışdıq. Krımda da maraqlı rəqs nömrələrini nümayiş etdirdik. Bu da bizə istirahətlə bərabər, növbəti konsert proqramını nümayiş etdirmək imkanı verdi. Tamaşaçılarımız daha çox Nigar İbrahimovanın çıxışını maraqla qarşıladılar. Yeri gəlmişkən, onu da qeyd edim ki, hələ 2002-ci ildə Kıbrısda keçirilən uşaq festivalında iştirak edən dörd yaşlı Nigar tədbirdə ən kiçik iştirakçı idi. Balaca bir qızın məharətlə ifa etdiyi rəqslər hamını heyrətləndirmişdi. Bu gün də rəsmi dövlət tədbirlərində, habelə ölkəmizdə qonaq olan prezidentləri hava limanında milli geyimdə qarşılayan Nigar gələcəyə böyük ümidlə baxır. O, həyatını rəqsə bağlamaq arzusundadır. Nigar “Azad bir quşam” kompozisiyasını elə bir məharətlə ifa edir ki, tamaşaçılar onu həqiqətən də səhnədə süzən quşa bənzədirlər. Bu, milli rəqsimizin anası sayılan Əminə Dilbazinin quruluş verdiyi “Turacı”dan fərqlənsə də, burada da süjet xətti bir quşun azadlıq eşqi ilə çırpınması üzərində qurulub. İştirak etdiyimiz əksər festivallarda bu rəqs nümunəsini nümayiş etdirmişik”.
   Müsahibimiz Novruz bayramı münasibətilə Qoşa Qala qapısında keçirilən dövlət tədbirində “Şənlik”in də maraqlı çıxışlarından bəhs etdi. Balaca rəqqaslar milli rəqslərimizi nümayiş etdiriblər. İndi isə qrup üzvləri iyun ayında Türkiyədə keçiriləcək növbəti cocuq festivalına hazırlaşırlar. Ötən il olduğu kimi bu il də avqust ayında “Şənlik” Krıma yola düşəcək. Balaca rəqqaslar növbəti səfərlərdə də uğur qazanmaq üçün səylə çalışırlar. Onların arasında Zəminə Sadıqovanın sevinci isə yerə-göyə sığmır. Bu balaca məktəbli ötən il dövlət başçısının fərmanı ilə xüsusi istedada malik olmasına görə Prezident təqaüdünə layiq görülüb. Böyük ruh yüksəkliyi ilə istər milli, istərsə də başqa xalqların rəqslərini məharətlə ifa edən Zəminə də gələcəyin tanınmış rəqqasəsi olmaq niyyətindədir. Yeri gəlmişkən, sonda onu da vurğulayaq ki, milli və başqa xalqların rəqsləri əsasında hazırlanan kompozisiya “Şənlik” qrupunun vizit kartıdır. Çünki onlar əksər müsabiqələrdə bu rəqs nömrəsini nümayiş etdirirlər. Lalə xanım 45 nəfərdən ibarət olan ansamblın daha maraqlı konsert proqramlarına hazırlaşdığını da qeyd etdi. Qrupun qalan 45 nəfər üzvü isə hazırlıq qrupunda özlərini təsdiq etmək üçün əzmlə çalışırlar.    

   ŞƏMSİYYƏ







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar