İyunun 7-də Berlindəki «Berlin - Bakı» qalereyasında Azərbaycanın tanınmış fırça ustası, xalq rəssamı Arif Hüseynov və onun oğlu Orxan Hüseynovun birgə sərgisinin açılışı olacaqdır. Bu maraqlı sərgi Azərbaycan Mədəniyyət Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə təşkil olunub. Qeyd edək ki, bu tədbir ötən ildən daha da intensiv forma alan Almaniya - Azərbaycan mədəni əlaqələrinin çərçivəsində keçirilir. 2008-ci ildə Almaniyada «Azərbaycan ili»nin baş tutması, bu ilin isə Azərbaycanda dost alman xalqının mədəniyyətinin təbliğinə həsr olunması da bu əməkdaşlığın əyani təsdiqidir.
   
   Yeni sərginin məzmunu barəsində danışmazdan əvvəl bildirim ki, ata-oğul 2006-cı ildə birgə yaradıcılıq hesabatlarını gündoğar ölkədə - uzaq Yaponiyada nümayiş etdirmişlər. Berlin sərgisinin ekspozisiyasına isə rəssamların həm də yaratdıqları yeni işlər daxil edilmişdir.
   Almaniyalı sənətsevərlər bu sərgidə Arif Hüseynovun ən müxtəlif mövzulu əsərləri ilə tanış ola biləcəklər. Rəssamın yaradıcılığı isə həmişə rəngarəng süjetlərlə yanaşı, həm də onların çox orijinal və özünəməxsus bədii şərhi ilə diqqət çəkmişdir. Onun böyük söz xiridarlarının əsərlərinə verdiyi tərtibat və çəkdiyi illüstrasiyalar, eləcə də dəzgah qrafikası sahəsində yaratdığı «Köhnə şəhər haqqında», «Bakı və bakılılar», «BAM», «Çexoslovakiya - dostluq ölkəsidir» silsilələri Azərbaycan qrafika sənətinə layiqli töhfədir, desək, yanılmarıq. Rəssamın Berlində əsərləri ilə yanaşı, milli mədəniyyətimizə, folklor və etnoqrafiyamıza həsr etdiyi rəngarəng rəngkarlıq lövhələri də nümayiş olunacaqdır. İnanırıq ki, «Novruz - od çərşənbəsi», «Kəndirbazlar», «Qulaq falı», «Qarabağ şikəstəsi», «Mis qablar», «Xalçaçı», «Yumurta döyüşü» və s. əsərləri alman tamaşaçılarına maddi və mənəvi dəyərlərimizi duymağa və qiymətləndirməyə imkan verəcəkdir.
   Orxan Hüseynov gənc olsa da yaradıcılığı artıq kifayət qədər yerli və xarici tamaşaçılara tanışdır. Çəkdiyi əsərlər dəfələrlə mükafata layiq görülmüşdür. O da Berlin sərgisində özünün rəngkarlıq və qrafika sahəsində yaratdığı əsərləri tamaşaçıların mühakiməsinə çıxaracaqdır. Əsərləri əsasən qədim Bakı mövzusundadır. Yaxşı haldır ki, gənc rəssam bu mövzuya vaxtilə ona müraciət etmiş sələflərindən - Əzim Əzimzadə və Ələkbər Rzaquliyevdən fərqli münasibət göstərə bilmişdir. Orxan əslində özünü canlı olaraq görmədiyi və görə bilməyəcəyi bir dövrə qayıtmağa, çox fərqli bir auranın çox təzadlı və koloritli yaşantılarını «yaşamağa» məcbur edə bilmişdir. Son nəticədə o, bu gün də keçmiş simasını qoruya bilən qədim Bakının, onun ayrılmaz guşəsi olan İçərişəhərdən özünün «nağıl şəhəri»ni yaratmağa nail olmuşdur. Odur ki, bu əsərləri Bakı və onun adamları haqqında Orxanın özünəməxsus baxışının nəticəsi hesab etmək olar. «İçərişəhərdə Novruz», «Xoruz», «Ailə», «Bakı küləyi», «Xoruz döyüşü», «Şəhər idarəsi» və s. əsərləri özündə qeyd etdiyimiz bədii məziyyətləri yaşadır. Bu mənada onların almaniyalı sənətsevərlərin marağına səbəb olacağı birmənalıdır.
   Sonda qeyd edək ki, bu sərgiyə həsr olunmuş nəfis şəkilli kataloq da hazırlanmışdır. Burada Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, Azərbaycan Respublikasının Almaniya Respublikasındakı səfiri Pərviz Şahbazovun və Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun tamaşaçılara müraciəti yer almışdır. Kataloqdakı sənətşünas fikirləri isə rəssamların yaradıcılığından bəhs edir. Mətni müşayiət edən rəngli reproduksiyalar Arif və Orxan Hüseynovun yaradıcılığı bəradə dolğun təəssürat yaratmağa imkan verir. Berlin sərgisi bir aya qədər davam edəcəkdir.

   Ziyadxan ƏLİYEV