Rəqs incəlik, zəriflikdir. Hər rəqsin öz gözəlliyi, cazibəsi var. «Tərəkəmə», «Vağzalı», «Qıt-qılı», «Uzundərə», «İnnabı», «Mirzəyi», «Nəlbəki», «Naz eləmə», «Qaytağı», «Qazağı»… Onların hər biri tariximizin, mədəniyyətimizin, incəsənətimizin misilsiz sərvətidir. Bu rəqslərin hərəsi özlüyündə bir aləmdir, sözsüz danışıqdır. Burada dillər yox, musiqi və hərəkət, plastika, əllər, ayaqlar, baxışlar hətta təbəssüm də danışır. İllər keçir, nəsillər dəyişir, minilliklərin o üzündən süzülüb gələn rəqslərimizsə həmişəcavan qalır. Rəqslərimizi yaşadan, onu həmişəcavan saxlayan adlı -sanlı rəqs müəllimləri, indiki cavanlar, onların ardıcılları uşaqlar, gənc istedadlardır.
Ölkəmizdə uşaq musiqi kollektivləri, rəqs ansamblları az deyil. Hərəsinin öz dəst-xətti, üslubu, seçim, təqdim imkanları var. Yeni nəsil rəqs kollektivləri, gənc ifaçılar arasında Respublika Uşaq Təşkilatının «Səma» rəqs ansamblının üstün yeri var. Kollektivdə üç yaş qrupu üzrə 3 yaşından 17 yaşınadək uşaq-yüzə yaxın oğlan-qız rəqs sənətinin incəliklərini öyrənir. Al-əlvan, yaraşıqlı, tikməli, naxışlı rəqs paltarlı, süslənib sığallanan gözəl-göyçək qızların hərəsi bir ətirli çiçəyə, gülə bənzəyir. Hərəsi bir ailədən, ocaqdan gələn qızları, oğlanları bir ünvanda- bir çəməndə, çəmənzarda- Xətai adına Mədəniyyət Mərkəzində toplayan uşaqlarla işləməyi çox sevən, bilik və bacarığını onlardan əsirgəməyən, hər birinin nazını çəkən rəqs müəllimi Səma Aslanovanın gözündə bu qızlar dünyanın ən zərif, incə məxluqları, oğlanlar ən igid, cəngavər cavanlarıdır. Hələ siz «Səma»nın üzvlərini səhnədə, sümük oynadan, könül dilləndirən musiqi sədaları altında sıralanıb qanadlanan yerdə görəsiniz. Onda dünya bir qədər də gözəlləşir, həyat bir az da şirinləşir, uşaqlar bir az da bəxtəvər olurlar. Gözlər süzülür, baxışlar təbəssümlənir, yanaqlar allanır, əllərin, ayaqların sürətli hərəkəti izlənilməz olur. Azərbaycan xalq rəqslərini, Avropa, Şərq, dünya xalqlarının rəqslərini ifasındakı sonsuz coşquyla, məharətlə zənginləşdirən «Səma»rəqs ansamblını Azərbaycanda olduğu qədər qardaş Türkiyə Respublikasında da yaxşı tanıyırlar. Hər il Rəşid Behbudov adına Mahnı Teatrında tamaşaçılar qarşısında hesabat konserti verən kollektiv Türkiyədəki heyranları qarşısında da eyni məsuliyyətlə çıxış edir. «Səma»nın rəqqasları rəngarəng rəqsləri, yeni quruluşlu rəqslərdən ibarət repertuarı, peşəkar çıxışlarıyla hər il bütün dünya uşaqlarını bir araya gətirən 23 Nisan Uluslararası Çocuq Festivalının tarixinə yeni, unudulmaz səhifələr yazırlar.
Böyük Mustafa Kamal Atatürkün tövsiyəsiylə keçirilən festival dili, dini, hətta rəngi ayrı uşaqların timsalında dünya xalqlarını bir-birinə yaxınlaşdırmaq, doğmalaşdırmaq, Türkiyəni bütün dünyada yetərincə tanıtmaq, sevdirmək məqsədi daşıyır. Bu festival hər il təzə dostluq ünvanlarının yaranmasına səbəb olur, uşaqların həyatında ən gözəl, unudulmaz səhifələr açır. Uşaqlar dostlaşan yerdə sərhədlər aradan götürülmüş, dünya çoçuqların gözündə bütövləşmiş, tamlanmış olur. Azərbaycanda bu sayaq davamlı şəkildə beynəlxalq uşaq festivallarının keçirilməsinə ehtiyac olduğunu xatırlatmaq yerinə düşər. Belədə Azərbaycanımızın səsi-sədası bütün ellərə yayılar.
2000-ci ildə yaranan «Səma» o zamandan bəri hər il 23 Nisan festivalına özəl dəvət alır. İstanbulun konsert salonlarından «Səma»nın rəqsləri, bu rəqslərlə birgə Azərbaycan musiqisi səslənir. Hər səfərdə sayı ilbəil çoxalan festival iştirakçıları arasında Azərbaycanı şərəflə təmsil edən kollektiv öz uğurlarıyla seçilir, mükafatlar, hədiyyələr qazanır. Bu səfərlər «Səma»nın tarixində uğurlu addım, ifaçılar üçünsə unudulmaz anlar deməkdir.
Kollektivin ifasında «Azərbaycan süitası», «Yallı», «Tərəkəmə», «Naz eləmə», «Şənlik», «Şən qızlar, «Qıt-qılı» kimi milli rəqslərimizlə yanaşı, müasir, dinamik rəqslər baxılır, sevilir. Bu rəqslərlə «Səma» çox uğurlara imza atıb. «Səma» rəqs ansamblı «İstedadlar sorağında» respublika rəqs müsabiqəsinin fəxri mükafatçısı, «Pöhrə» musiqi yarışmasının laureatıdır. Bir neçə aydır ANS telekanalında keçirilən «Yallı» rəqs yarışmasında da uğurla iştirak edir. Hər həftə yeni rəqslə tamaşaçılarının zövqünü oxşayır, bunun qarşılığında onların dəstəyini qazanır. Kollektiv hələlik ən böyük beynəlxalq mükafatını Kiprdə keçirilən «Dans» festivalında qazanıb. Çox ciddi tələbləri olan, bütün türk xalqlarının, Avropa dövlətlərinin nümayəndələrinin qatıldığı beynəlxalq festivalda iştirakın özü fəxrdir, o ki qala festivaldan mükafatla qayıdasan. «Səma» vaxtaşırı Azərbaycanda fəaliyyət göstərən səfirliklərə dəvət alır. Belə görüş-konsertlərdən biri bu yaxınlarda Hindistan səfirliyində keçirilib. Dövlət tədbirlərində, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan konsertlərdə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin keçirdiyi təbdirlərdə «Səma» həmişə ön sıralardadır. Kollektivin tarixində önəmli hadisələrdən biri «İlhamla irəli» klipinin çəkilişlərində iştirakıdır. Məhz «Səma»nın rəqqasə qızları öz gözəl rəqsləriylə klipin uğurlu alınmasında müğənnilərə yardım göstəriblər. Əlbəttə, qazanılan uğurların çoxluğu gənc ifaçılarla birgə kollektivin rəhbəri, rəqqasə Səma Aslanovanın əməyinin bəhrəsidir. Səma müəllimə klassik rəqs məktəbinin ənənələrini yaşatmaqla, uşaqlarda gözəl duyğular aşılamağa, onları bu duyğularla yaşamağı öyrənməyə, insanlara sevinc bəxş etməyə alışdırmağa çalışır.
«Gözəlliyə dəyər verməyi bacarmaq, insanlara xoş duyğular yaşatmaq özü gözəllikdir». Bu, Səma müəllimənin fikridir. Sonra o, sözünə davam edir: «Uşaqlar hər evin, ailənin yaraşığı, valideynin gözünün işığı, ürəyinin arzusudur. Hər kəs övladını sağlam, xoşbəxt görmək istəyir. Rəqs insana bu xoşbəxtliyi gətirir. Uşaqlar rəqsdən-rəqsə dəyişir, kamilləşir, bir qədər də gözəlləşirlər. Rəqs onları düşünməyə, hərəkətlərini tənzimləməyə, qamətli, gözəl görünməyə vadar edir. Rəqslə ən gözəl duyğuları paylaşmaq olur. Rəqslərin quruluşunu özüm işləyirəm, süjetli rəqslərə üstünlük veririk. Çoxlu nağıl rəqslərimiz var. Bu rəqslərə tamaşa edən uşaqlar, sanki musiqili nağıla tamaşa etmiş olurlar. Təzə rəqsləri son detallarına qədər işləməyincə səhnəyə çıxmırıq. Bu isə məsuliyyət vərdişi yaradır. Hər rəqsə uyğun zövqlə işlənmiş paltarlarımız var, paltar rəqsi tamamlamalı, onu gözəlləşdirməlidir. Modelyerimiz İradə Hüseynova ilə birgə buna ayrıca önəm veririk. Bizim rəqs geyimlərimiz məhz uşaqlar üçün hazırlanır. Rəqslərə, həm də uşaqların yaşlarına uyğun.
Bacarıqsız, qabiliyyətsiz uşaq yoxdur, sadəcə, onların qəlbində gizlənən duyğuları oyatmaq, uşaqlarla işləməyi bacarmaq, musiqini, rəqsi sevdirmək gərəkdir. Bunun üçün öncə uşaqları sevmək gərəkdir. Mən öz yetirmələrimlə işləməkdən yorulmur, əməyimin nəticəsindən zövq alıram. Arzum ən yüksək səviyyəli professional rəqs məktəbi yaratmaqdır».
F.Qaziyeva