Öz yaradıcılığı ilə aşıq sənətimizdə xüsusi yeri olan Əməkdar mədəniyyət işçisi aşıq Əhməd Rüstəmovun bir-birindən maraqlı, məzmunlu şeir­ləri, qoşmaları, gəraylıları, dastanları uzun illərdir ki, dillərdən düşmür. Dərin hikmətlərlə, nəsihətamiz fikir və düşüncələrlə zəngin olan bu sənət inciləri bir çox aşıqların, xanəndələrin, müğənnilərin repertuarında geniş yer tutur.   

    1920-ci ildə Kürdəmir rayonunun Carlı kəndində dünyaya gələn Əhməd lap uşaqlıqdan aşıqlığa maraq göstərib və o, ömrünün axırınadək yazıb-yaradıb. 90 ilə yaxın acılı-şirinli xatirələrlə dolu bir ömür sürmüş ustad sənətkar zəngin yaradıcılıq irsi qoyub getmişdir.
   Mərhum Aşıq Əhmədlə bağlı bu düşüncələr məni xəyalən ötən illərə apardı. O illərə ki, ümummilli liderimiz Heydər Əliyev hər dəfə Kürdəmirə gələndə onu ilk qarşılayanlardan biri də Aşıq Əhməd olurdu.
   Yadımdadır, dahi şəxsiyyətlə belə görüşlərin birində ustad sənətkar ulu öndərə olan ürək sözlərini elə oradaca sinədən ifadə etdi. Sonra bir neçə şeirlər kitabını xatirə olaraq sevimli rəhbərə təqdim etdi. Heydər Əliyev ustad sənətkarın ona hədiyyə verdiyi kitabları özünəməxsus xoş təbəssüm və həssaslıqla qəbul etdi. Həmin fərəhli məqamlarda Aşıq Əhməd bu misraları söylədi:
   
   Əhməd deyir, nursan Azərbaycana,
   Sənə bənzər Heydər doğmaz hər ana.
   Qüdrətinlə yaraşırsan cahana,
   Fikrin bənzər peyğəmbərə, rəhbərim,
   Xoş gəlmisən Kürdəmirə, rəhbərim!
   
   Aşıq Əhmədin vaxtilə uzun illər yaşadığı ev, məhəllə təkcə ustad sənətkarın özü üçün yox, hər kəsin fəxr duyduğu doğma və əziz bir ünvan idi və vaxtilə yaşadığı küçəyə onun adının verilməsi kürdəmirlilərin arzusu idi.
   …Bugünlərdə Kürdəmir şəhər sakinləri, rayon ictimaiyyətinin nümayəndələri sevinc və minnətdarlıq hissi ilə Aşıq Əhmədin evinin qarşısına toplaşmışdılar. Mərasimi giriş sözü ilə AMEA N.Gəncəvi adına Milli Ədəbiyyat Muzeyi «Aran» regional şöbəsinin müdiri, filologiya elmləri namizədi Yaqut Əşrəfova açdı.
   Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Fəxrəddin Məlikov mərasimdə çıxış edərək, Əhməd Rüstəmovun ulu aşıq sənətimizin inkişafındakı xidmətlərindən, ustad sənətkara olan el hörmətindən söz açdı, qeyd etdi ki, Aşıq Əhmədin yaşadığı küçəyə onun adı verilmişdir.
   Sonra mərasim «Günəş» şadlıq evində davam etdirildi. Ölməz sənətin parlaq işığına toplaşmış məclis iştirakçıları Aşıq Əhmədin keçdiyi mənalı və şərəfli ömür yolunun, yaradıcılıq həyatının ayrı-ayrı məqamlarını səhifələyən videolentə tamaşa etdilər. El şənliklərində, dövlət tədbirlərində həmişə böyük şövqlə, ilhamla çıxışlar edən, sinəsində saz məclislərdə dövran quran Aşıq Əhməd canlı görüntülərdə bir daha canlandı.
   Məclisin keçirildiyi salonda Aşıq Əhmədə həsr olunmuş guşə, eləcə də yazıçı-jurnalist Yaqut Bahadurqızının nəfis şəkildə yeni çapdan çıxmış «Aşıq Əhmədin yaradıcılığı» kitabı da mərasim iştirakçılarının marağına və rəğbətinə səbəb oldu. Oxuculara təqdim edilən bu kitabda ustad Aşıq Əhmədin zəngin yaradıcılığı, özünəməxsus sənətkarlıq xüsusiyyətləri məharətlə təhlil olunur, oxucularda sənət və sənətkar barədə geniş təəssüratlar oyadır.
   Mərasimdə çıxış edən filologiya elmləri namizədi Məlahət Kələntərli, tanınmış folklorşünas alim, filologiya elmləri namizədi Elxan Məmmədli Aşıq Əhmədin bənzərsiz istedadından, onun ulu aşıq sənətimizə bəxş etdiyi yaradıcılıq töhfələrindən danışdılar. Müəllim Abduləziz Xanəhmədoğlu ustad sənətkara həsr etdiyi yeni şeirini oxudu.
   Öz gözəl çıxışları ilə məclisi şənləndlirən tanınmış aşıqlar Yanvar Bədəlov, Əhliman Şirvanlı, Əvəzxan Xankişiyev, Ağamurad Mərzəngəli, Əli Tapdıqoğlu, istedadlı xanəndə Səfalı Əliyev Aşıq Əhmədin sözlərinə yazılmış mahnıları və muğam parçaları ifa etdilər.
   Çıxış və söhbətlərdə, bir-birindən maraqlı xatirələrdə Aşıq Əhmədin ölməz sənət dostları Aşıq Şakir, məşhur zurna-balaban ifaçısı Həsrət Hüseynov, xanəndə Eynulla Cəbrayılov da bir daha yada salındı. Aşıq Şakirlə Aşıq Əhmədin vaxtilə Bakının Novxanı kəndindəki bir məclisdə məşhur deyişməsindən nümunələr aşıqların ifasında səsləndi və bu gözəl sənət inciləri məclis iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.
   Aşıq Əhmədin həyat yoldaşı Mələk xanım, oğlu Fərhad sənətkarın xatirəsinə göstərdikləri hörmət və ehtirama görə respublika və rayon rəhbərliyinə, Aşıq Əhmədin xatirəsini əziz tutan hər kəsə dərin minnətdarlıqlarını bildirdilər.
   Ustad Aşıq Əhmədin xatirəsinə həsr olunmuş mərasim aşıq və xanəndələrin birlikdə ifa etdikləri məşhur «Şirvan şikəstəsi»nin sədaları altında başa çatdı.
   
   Tofiq Abdullayev