və onun minbir əcnəbi vurğunu
   
   Azərbaycanda doğulan, Rusiyada məşhurlaşan, Fransada fenomenləşən bu xanımın - virtuoz pianoçu, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru Adilə xanım Əliyevanın özü və istedadı haqda dünyanın nəhəng sənət adamları o qədər qiymətli kəlmələr, obrazlı və qanadlı kəlamlar işlədiblər ki, bizimçün deməyə bir söz qalmayıb. Amma xoşbəxtlikdən müsahibəmiz zamanı bu xanımın dediyi bir «yerlibazlıq» komplimenti bizim sözümüzü də qiymətə mindirdi. Adilə xanım söhbətimizin lap sonunda dedi ki, indiyədək dünya mətbuatına 333 müsahibə vermişəm, amma hələ sizin bu 3 sualınızdakı qədər doğmalıq, istilik duymamışdım...
   
   Əvvəlcə özü haqda özü:
   

   Mən Azərbaycanda - məşhur küləklər şəhəri Bakıda doğulmuşam! Bakı mənim ilk konsertlərimin, ilk məhəbbətimin və ilk ümidlərimin yeridir.
   Mənim atam yalnız musiqiçi olmaq istəyirdi. Lakin o zaman ölkəmizdə peşəkar mühəndislərə ehtiyac olduğundan, onu böyük bir müəssisəyə müdir təyin ediblər.
   Piano aləti bizim evdə mənim və qardaşım Nadirin doğuluşundan öncə olmuşdur. Hətta, valideyinlərimin musigiyə olan hədsiz məhəbbətinə baxın ki, bu alət masa və oturacaqlardan da əvvəl alınmışdır.
   Anam çox təhlükəli dövrlər yaşayıb; o, Rusiyanın kübar təbəqəsindən olan qraf Konstantin Nikolayeviç Xudikovun gızı olub. 1917-ci il inqilabı zamanı, sadəcə, həkim olduğuna görə güllələnməyib və Azərbaycana göndərilib. Sonra babam böyük faciə ilə üzləşib; göndərildiyi bölgədə vəba epidemiyası tuğyan edirmiş. O, bu xəstəliyi ilk olaraq özü aşkar edib, çox insanlara köməklik göstərib, lakin özü də bu xəstəliyə yoluxub və özünü yandırıb. O zaman bir xəstəxənaya və küçəyə babamın adı verilib, hətta yerli əhali onun xatirəsinə abidə ucaldıb.
   
   Yadların doğma sözləri
   
   David Bayers - bəstəkar (BBC Radiosunun baş musigi prodüseri):
   - Adilə Əliyeva geyri-adi texniki virtuozluq və interpretasiya bacarığına malikdir. Onun ifasında sehrli cazibə, böyük qüvvət, ali eşq hiss olunur.
   Mən onun təşkil etdiyi müsabiqələr üçün musiqilər yazıram və onun ifa tərzi mənim əsərlərimin bələdçisidir. Yadımdadır, ilk müsabiqədə 40 nəfərə yaxın iştirakçı və çox ciddi münsiflər var idi. İlk pianoçu gəldi səhnəyə, ifa etdi və mən dəhşətə gəldim ki, gör necə zəif əsər yazıbmışam! İkinci pianoçunun (əlbəttə, Adilə xanımın!) ifası isə... Bu, tamam fərqli idi və mən öz əsərimi hədsiz dərəcədə bəyəndim.
   
   Vesa Siren - məşhur musiqi tənqidçisi (Finlandiya):
   - Onun musiqi təhsilinin əsası böyük rus məktəbində qurulub, ifası isə dünyəvidir. Çox ehtiraslıdır, hədsiz individualdır.
   Mila Litvinova - «Radio Moskva» şirkətinin sabiq baş direktoru:
   - Karl Marks demişdir: “Varlıq şüuru müəyyən edir”. Bu ifadə daha çox kütləyə aiddir. Lakin bəzi insanlar varlığı şüur vasitəsi ilə müəyyən edirlər, onlar həyatın axarı ilə yox, öz istigamətləri ilə həyat qururlar. Adilə Əliyeva belə insanlardandır.
   
   Jan Prodromides - bəstəkar (Fransa İncəsənət Akademiyasının Prezidenti):
   - Bu çox önəmlidir ki, Adilə Əliyevanın şərəfinə və onun adını daşıyan Beynəlxalq Piano Müsabigəsi Qayar şəhərində keçirilir. Dünən piano ifaçılarını dinlədim, onlar çox yüksək səviyyədə çıxış etdilər, amma mən sonadək Adilə xanımın mükəmməl sənətkarlığı haqda düşünürdüm...
   
   Mark Favr - Valeri şəhərinin meri:
   Mədəniyyəti, incəsənəti inkişaf etdirmək çox önəmli vəzifədir və bizim üçün böyük xoşbəxtlikdir ki, Fransada Musiqi Akademiyası xanım Adilə Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərir.
   
   Yenə özü:
   
   Bizim hər il keçirilən müsabiqələrin başlıca xüsusiyyəti ondan ibarətdir ki, iki kateqoriyaya bölünür; gənc ifaçılar və peşəkarlar.
   Müəllim peşəsi mənə gənc musiqiçilərlə yaxın ünsiyyətdə olmaq, onları tanımaq və onlara tanınmaq imkanları verir. Sanki tələbələr bacarıqlarını daha da sağlamlaşdırmaq üçün, suallarına cavab axtarışı üçün sənin yanına gəlirlər və sanki sən, haradasa, həkim rolunu oynayırsan, diagnoz goyub «xəstəliyi» müəyyən edirsən. Hər tələbə individuallığı ilə seçilir və bizim ünsiyyətimizdən peşəkarlıq doğulur. İfaçılıq texnikası əl, bədən hərəkətləri və düşüncələrin azadlığı harmoniyasının son akkordudur.
   
   Müəllimlərin müəllimi
   
   Vansan Düparc - professor (Annesi Musiqi Liseyinin fortepiano müəllimi):
   Mənim ifamda texniki güsurlar çox idi, xanım Adilə Əliyevanın səyi nəticəsində mən bu problemi həll etdim. Əks halda, artıq ümidimi itirmişdim...
   Xanım Adilə Əliyevanın ifası həm fiziksəl, həm də qəlbən zəngindir. O, bizə sərbəst olmaq və qəlbimizlə çalıb-oxumaq öyrədir.
   
   Anies Morzlov - professor (Annecy Musiqi məktəbində fortepiano müəllimi):
   O, bizi ifaçılıq səviyyəmizi daim inkişaf etdirməyə, özümüzə qarşı tələbkar olmağa sövg edir və biz çox çalışırıq ki, onu məyus etməyək.
   
   333 müsahibədən fraqment
   
   TV 8 Mont Blanc (Fransa):
   «Hörmətli tamaşaçılar, bu gün bu verilişdə biz musiqi haqqında söhbət açacağıq və bir təsəvvür edin - kimdir bizim qonağımız! Xanım Adilə Əliyeva - əsrimizin ən parlaq pianoçularından biri!»
   Fransa İncəsənət Akademiyasının Kansleri - professor Marsel Landovski bu təqdimatdan sonra üzünü həmsöhbətinə tutur:
   - «Madam Adeliya xanum («madam» və «xanum» ifadələrinin qoşalaşması müştərək təbəssüm doğurur), bu cür ifadələr və titullar əhatəsində Siz özünüzü necə hiss edirsiniz?»
   
   Adilə Əliyeva: - Bu sözlər mənim üçün böyük şərəf və məsuliyyətdir. Mən çox fəxr edirəm ki, Fransada Siz - Marsel Landovski, Loran Fitjeral kimi orkestr rəhbərləri məni etiraf edirlər.
   
   Xəyali mini-dialoq
   
   Nailə Əliyeva (bacısı): - Biz Adiləni yola salanda bir aylıg getdiyini güman edirdik. Hardan biləydik ki, kiçik bir yol çantası ilə o, bizdən 17 illik uzaq olacaq...…
   Adilə Əliyeva: - 17 il əvvəl mən buraya - İsveçrəyə gəldim və sonra Fransaya köçdüm...
   Nailə Əliyeva: - Görəsən, bu incəsənət nəymiş ki, Adilə bizi bu qədər «unudub»?..
   Adilə Əliyeva: - İncəsənət reallıqdan üstündür. Musiqi vasitəsi ilə sanki xəyallara gatılırsan, gələcəyini düşünürsən, ümidlərə arxalanırsan. Musiqi insan qəlbinin dilidir. Həyata, gecə və gündüzə bənzəməyən, canından uzaq - tamam başqa bir varlıqdır. Hələ heç vaxt bir ifa növbəti ifaya bənzəməyib. Çünki hisslər və təsəvvürlər dövriyyə edərək, daim dəyişir.
   Nailə Əliyava: - Hərdən istəyirəm telefonda deyəm ki, ay Adilə, indi bizi də canından artıq sevməyinçün çevrilib musiqi olaqmı?..
   Adilə Əliyeva: - İlk öncə mən ailəm haqqında və əziz bacımın ailəsi haqqında düşünürəm. Hansı ki o, Moskvada yaşayır. Mən çox həyəcanlıyam ki, görəsən, orada nə dəyişikliklər baş verib. Onu bilirəm ki, o ailədə balaca bir qız var. Biz telefon vasitəsi ilə əlaqə saxlayırıq, amma çoxdandır onlardan heç kimin üzünü görməmişəm. Əsası odur ki, hamı sağ-salamatdır.
   
   Formaca da milli, məzmunca da...
   
   Mila Litvinova:
   - Avropada yaşasa da, Adilə Əliyeva avropasayağı görkəmə hələ «nail olmayıb». O, çox cazibədar, parlag, əsl incə şərq görkəmi ilə fərglənir. Biz tanış olan zaman, Adilə xanımın şəxsi həyatında uğursuzluq məqamı idi və mən onun başını gatmaq üçün öz evimə - yeni ili birlikdə qarşılamağa dəvət etdim. Adilə xanım evimə sanki işıg saçan cənnət guşu kimi daxil oldu - parlaq və cazibədar! Mən çox şadam ki, o, öz şərq hərarətini, insani dəbdəbəni qoruyur və əla nümayiş etdirir.
   
   Sergey Bespaly - bəstəkar, dirijor, impressario (həyat yoldaşı):
   Bizim tanışlığımız İsveçrədə təşkil olunan birgə konsert proqramında baş verdi. Bütün xanımlardan minimum bir bal yuxarıda gördüyüm xanımım Fransada təkcə sənətkarlıq yox, onu tanıyan fransalılara əsl xanımlıq nümunəsi də göstərir...
   Elçin Əmirbəyov - (Azərbaycanın İsveçrədəki səfiri):
   - Bizim İsveçrədə təşkil etdiyimiz konsertdə xanım Adilə Əliyevanın həm klassik, həm də müasir Azərbaycan musiqisi nümunələrinin ifası qeyri-adi maraqla qarşılandı. Keçən il təşkil olunan Dünya Azərbaycanlılarının Konqresində professor Adilə xanım Əliyeva da iştirak etdi. O, bizim xaricdə yaşayan diasporun məşhur nümayəndəsi və gözəl sənətkarlığı, fəaliyyəti sayəsində Azərbaycanın bir hissəsidir.
   
   Nəhayət, «yerlibazlıq» məsələsi...
   
   - Adilə xanım, saysız-hesabsız beynəlxalq və regional müsabiqələr laureatısınız. «Qorxmursuz» ki, «Görəsən ölüm Taleyranın nəyinə gərəkmiş» deyən fransız xalqı Sizin də «qaranıza» bu sayaq bir «şəbədə» qoşar?
   - Taleyran siyasətçi idi, mən sənətçi. Fransızlar sənətkarı da sənət qədər sevib-qiymətləndirirlər.
   - «Universal» sevişmələr məskəni Fransada sevginin Azərbaycan «növ»ünü qoruyub saxlamaq mümkündür?
   - Əvvəla, mənim azərbaycanlılardan fərqlənməyən ukrain həyat yoldaşım var və Kişi Azərbaycanıma bəyan edirəm ki, məni qısqanmağa heç bir əsas yoxdur!
   - Deyirlər orada pis xəbərlərimizdən sarsılır, yaxşı sədalarımızdan qanadlanırsınız...
   - Əlbəttə! Canım canınızdan, qanım qanınızdan deyilmi?! Pianomda Xocalını çox çalmışam, bu gözəl paytaxtımızın gözəlliklərini çox vəsf etmişəm. Hamımızın birinci xanımımız Mehriban xanım Əliyeva YUNESKO-da keçirilən məlum tədbirə məni şəxsən dəvət etmişdi və bu böyük sayğıdan sonra mən öz pianomla belə bir əhd-peyman bağlamışam: «Barmaqlarımla dünyanı, ürəyimlə Azərbaycanı çalaq!..»
   
   T.Abbaslı,
   K.Cəbrayıl