Beynəlxalq Gənclər günü ilə əlaqədar İçərişəhərdəki "Atropat" otelində Azərbaycanın gənc rəssamlarının sərgisi açılıb. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, "Hunday Avto-Azərbaycan" şirkətinin və "Abşeron" rəsm qalereyasının təşkilatçılığı ilə keçirilən sərgidə 30-a yaxın rəsm nümayiş etdirilir. Onların arasında Anar Hüseynzadənin, Elmir Hüseynovun, Mətin Şərifovun və Ramil Məmmədovun tabloları, Cəlal Ağayevin, Aytən Şirzadovanın, Ülkər Canbaxışovanın, Elçin Mustafayevin qrafik kompozisiyaları diqqəti daha çox cəlb edir.
Tədbirdə "Azərbaycanın gənc rəssamları" kitabının təqdimatı da olub. Bu, "Art-monitor" layihəsi əsasında hazırlanan ikinci kitabdır. Topluda rəngkarlıq və qrafika janrlarında özünü təsdiqləmiş 50 gənc sənətçinin yaradıcılığı araşdırılır. Materialların Azərbaycan, rus və ingilis dillərində yer aldığı kitabın müəllifi sənətşünas Eldəniz İbrahimovdur.
Sərgi avqustun 25-dək davam edəcək.