Yaşasaydı? Bu isti avqust günlərində dünyaya gəlişinin 65-ci ilini qeyd edəcəkdi. «Sınaq dünyası»na «Əlvida» deməsinin də heç ili tamam olmayıb. Ötən ilin son soyuq dekabr günlərində bizdən ayrıldı. Bu hamı üçün gözlənilməz oldu. Çünki, çoxları onun son bir neçə ildə gözlənilməz xəstəliklə mübarizə apardığından xəbərsiz idi. Ömür-gün sirdaşı Hüsniyə xanım amansız xəstəliyə qarşı mümkün olanı etdi, təbii ki, imkanı çərçivəsində...
  
  
   İndi bu günlər yalqızlığını heç cür unutdura bilməyən Hüsniyə xanım həyat yoldaşının qəbrinin üstünün götürülməsini özünə təsəlli sayır, onun xatirə sərgisinin təşkilinin arzulayır. Çalışır ki, əri qalanların sırasında görünsün, unudulmasın. Əslində elə sağlığında o, xatırlanmaq hüququnu qazanmışdı. Söhbət tanınmış fırça ustası, müxtəlif mövzulu əsərləri ayrı-ayrı muzeyləri və şəxsi kolleksiyaları bəzəyən Kərim Cəlaldan (1944-2008) gedir.
   Milli təsviri sənətimizin son bir qərinəlik tarixini izləsək, Kərim Cəlalın bir yaradıcı kimi fəallığını görə bilərik. Rəgkarlıq sahəsində çalışan rəssamın məzmunca bir qədər donuq görünən bu məkanı yeni motivlərlə, fərqli forma-biçim həlli ilə zənginləşdirdiyi artıq tarixə qovuşan faktdır. Çoxlarının çərçivə hesab etdiyi real-gerçəkçi sənətin bədii imkanlarını onun daha da genişləndirdiyi də danılmazdır. Sonda Kərim Cəlal bu donuq hesab olunan görüntüləri ilə bədii stilizə və sintez qovuşağından keçirib tamaşaçılara təqdim etdi ki, onlar əsl dialoq qaynağına çevrildilər. Heç şübhəsiz, görünənlər təkcə rəssamın qazana bildiyi-bədii vərdişlərin nümayişi deyildi. Təkcə bununla müasir seyrçini cəlb etmək, təəccübləndirmək çətindir. Əsərlərindəki duyğulandırıcı məziyyət təbii ki, insanları narahat edən problemlərin və hadisələrin obrazlı, bir qədər də düşündürücü biçimdə görüntüyə gətirilməsi idi. Onun «Haqqı bağıran səs», «Kabus», «Zamanın izi», «Avtoportret və təcavüz» və s. əsərlərinin ideyası və motivləri Qarabağ problemlərindən, torpaq ağrısından qaynaqlanıb. Kərim Cəlalın erməni təcavüzünü ifşa edən əsərləri bədii ifadəsinə görə yeni və özünəməxsusdur. Bütün bunların, həm də onun vətənpərvərliyindən, intellektindən şirələndiyi birmənalıdır. Rəssamın məcazi mənada görmə bucağı ölçü etibarilə dəyişməsə də, muğam möcüzəsi, xalça sehri və poetik ecazkarlıqla yanaşı, yurd-yuva və digər itkilərlə «yükləndiyindən» gördükləri zamanın axarında quru, adi çəkiləndən çox, iç dünyasının acılı-ağrılı ifadəsinə çevrilib. Son nəticədə, reallıqla reallığın qovuşacağından yaranan yeni biçimli bədii görüntülər təəccüb obyektinə və suallar toplusuna dönüb...
   Kərim Cəlal yaradıcılığının ən diqqətçəkən cəhəti, yəqin ki, onun həm də çoxlarına adi görünən motivləri gündəliyə gətirməsidir. Onun «Çörəyin ətri», «Kənd motivi», «Rəssamın ailəsi» və s. əsərlərində təqdim olunan ənənəvi motivlərdə rəssamın gördüklərindən heyrətlənmək bacarığı sezilməkdədir. Rəssam mümkün qədər adiləşən görüntülərdə yaşanan, işartısı duyulan insani hiss-duyğuları bədiiləşdirməyə çalışıb. Məqsədinə nail olduğundan ən adi məişət motivi də səmimi bədii şərhinə görə duyğulandırıcı, qaynaqçı hal daşıyıcısına çevrilib.
   Kərim Cəlalın əsərləri müxtəlif janrları, dəyişkən mövzuları əhatə etsə də, onlarda müəllifin obyektiv baxışı duyulmaqdadır. O, bu yaradıcı və insani mövqeyi kiməsə xoş gəlmək naminə yox, özünün həyat fəlsəfəsini təşkil edən xeyirlə şər arasında səddin pozulmasına imkan verməmək üçün nümayiş etdirib. Odur ki, əsərləri müxtəlif həyat müstəvilərində qərar tutan insanları belə eyni dərəcədə cəlb etməkdədir. Bu marağı həm də Kərim Cəlalın hamımızın baxdığı, lakin görə bilmədiyi reallığı vaxtında suallara bələyə bilməsi şərtləndirməkdədir. Ən maraqlısı isə bu sualların keçmişimizdən bu günə və gələcəyə ünvanlanmasıdır. Bu isə rəssamın əsərlərinin hələ uzun müddət müasir görünəcəyinə zəmanət verir...
   Kərim Cəlal yaradıcılığı daim evolyusiyada olduğundan tamaşaçı üçün davamlı olaraq maraqlı olmuşdur. Bir müddət real ənənələrə əsaslanan rəssam son dövrlərdə əsərlərinin bədii şərhini yeni-sürrealizmlə anım yaradan ifadə vasitələrilə zənginləşdirməklə mövzuların duyulası dərəcədə düşündürücülüyünü təmin etmişdir. «Adəm və Həvva», «Elegiya», «Dədə Qorqud», «Bir portretlə iki baxış» və s. əsərlərində həm də fantaziya ilə reallığı, rəmzlərin metaforikliyi ilə bədii şərtilə birləşdirən rəssam olmaqla zaman-zaman daha çox rənglərin təsirliyinə əsaslanan fəlsəfi əsərlər yaratmağa qadir olduğunu təsdiqləmişdir.
   Kərim Cəlal milli-mənəvi dəyərlərimizə tapınan və onlardan yaradıcılıqla faydalanan sənətkarlardan idi. Saatlarla muğama qulaq asmaqdan doymazdı. Əslən qarabağlı olan rəssam üçün bu, bəlkə də təbiidir.
   Amma o, sübut etdi ki, xalqımızın bu gün az qala tanınma nişanına çevrilən muğamı dərk edə və onu təsvirə çevirə bilər. Rəssamın çəkdiyi «Azərbaycan muğamı» triptixi bunun təsdiqidir. Bu tablolar həm musiqimizin bədii ensiklopediyası, həm də rəssam duyğusu ilə dəyərləndirməsi, ifaçıların seçilmişlərinin görüntüyə gətirilməsidir.
   Kərim Cəlalın yaradıcılığından söz açanda, onun görkəmli mənzərə ustası Səttar Bəhlulzadəyə həsr etdiyi iki portretinin adını çəkməmək olmur. 70-ci illərdə çəkdiyi çox orijial biçimli portret sonradan yanğın nəticəsində məhv olduğundan, rəssam 90-cı ildə onu yenidən işləmişdir. Hazırda bu əsər Azərbaycan Dövlət İncəsənət Muzeyinin kolleksiyasındadır.
   Onun 64 illik ömrünü hamar hesab etməkdən uzağıq. Tuş gəldiyi itkilərdən sonra, bir başqası olsaydı, əlləri yanına düşərdi. O, isə sınmamağa çalışdı, çəkdikləri iç dünyasının ifadəsi olduğundan, yaratdıqları ilə iztirablarını bəlkə də azaldırdı. Amma o da dəmirdən deyildi. Beləcə, son illər haldan-hala düşməkdəydi, axır nəfəsinə kimi də dözdü, dözdü və elə hamıyla da az qala «ayaq üstə» vidalaşdı...
   Dünyadan nigaran köçdü, baxmayaraq ki, fərdi sərgisini də görmüşdü, haqqında kitab da çap olunmuşdu. Ancaq etiraf edək ki, ömür həmişə yarımçıq qaralır. Yaradıcı adamlar üçün isə ələlxüsus... Bu gün bütün mənalarda Kərim Cəlalın yeri görünür. Bunu daha çox duyan isə həyat yoldaşı və əqidə dostu Hüsniyə xanım, rəssamlıq kollecindəki tələbələri və onu heç vaxt unutmayan dostlarıdır...
  
   Ziyadxan Əliyev,
   əməkdar incəsənət xadimi