Azərbaycanda xalça toxuculuğu tətbiqi sənət növünün ən qədim sahələrindən biri hesab edilir. Ölkə ərazisində aparılan arxeoloji qazıntılar və yazılı mənbələr sübut edir ki, bu sənət növünün tarixi Tunc dövrünə, yəni 5 min il əvvələ gedib çıxır. Orta əsrlərdə isə Azərbaycan Şərqdə xovsuz və xovlu xalçaların istehsalına görə mühüm mərkəzlərdən biri olub və təsadüfi deyil ki, bu qədim sənət nümunəsi ölkəmizi bütün dünyada tanıdıb.
Eldar Mikayılzadə: «Xalça Azərbaycan xalqının ruhundan gələn sənət növüdür»
Lakin, təəssüf ki, uzun illər xalqın milli-mədəni sərvətlərindən olan xalça sənətinə göstərilən laqeyd münasibət gənc nəsil arasında ona qarşı marağı azaltdı. Laqeydliyin digər böyük zərbəsi özünü beynəlxalq sahədə də göstərdi. Belə ki, uzun illər Azərbaycanı bütün dünyaya tanıdan, belə demək mümkünsə, ölkəmizin təqdimatı olan xalçalar müxtəlif dünya muzeylərində «Qafqaz» və ya «İran» xalçalarına «çevrildi». Amma necə deyərlər haqq nazilər, amma üzülməz.
Nəhayət, bu gün qloballaşma prosesləri, sosial dəyişikliklər və mədəniyyətlərin inteqrasiyası fonunda mənəvi sərvətimizi- xalçalarımızı dünyaya özümüzünkü kimi tanıtmağın vaxtı yetişdi. Və artıq bu il Azərbaycan xalçasının YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi nəzərdə tutulub. Maraqlıdır, bu təşəbbüs respublikada xalça sənətinə, onun inkişafına necə təsir göstərəcək?
Tanınmış xalçaçı-rəssam Eldar Mikayılzadə ilə söhbətimizin mövzusu da bu barədə oldu.
- Eldar müəllim, xalçalarımızın YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına maddi irs kimi deyil, qeyri-maddi irs kimi daxil edilməsi bir qədər qeyri-müəyyənlik yaradır. Mümkünsə, bu məqama bir qədər aydınlıq gətirərdiniz.
- Bunun köklü səbəbləri var. Dünyada müxtəlif sənət növləri mövcuddur və hər bir sənət maddi irs ola bilər. Amma bütün sənətlər mənəvi irs sayıla bilməz. Əgər bir xalqın ruhu sənət növünün yaradılmasında böyük rol oynayıbsa, o halda bu, qeyri-maddi irs sayılır. Məsələn, tarix kitabı maddi irsdir, amma Qurani-Kərimə maddi irs demək olmaz. Xalça da Azərbaycan xalqının ruhundan gələn sənət növüdür. Yəni hər bir xalq bir sənət növü seçib və onunla danışıb. Azərbaycan xalqının seçdiyi sənət növü isə xalçaçılıq olub. Bizim xalçalarımız dünyadakı bütün xalçalardan fərqlənir. əgər istənilən əfqan, fars, türkmən xalçasından minlərlə tapmaq olarsa, Azərbaycan xalçasının birindən ikincisini əldə etmək mümkün deyil. Çünki bizim nənələrimiz, analarımız xalça ilə yaşayıb və qadınların həyat tərzləri başqa-başqa olduğu üçün xalçalar da fərqlidir. Məsələn, bir qadının həyat yoldaşı ona samovar bağışlayıbsa, onu toxuduğu xalçada göstərib. Qonşudakı qadın isə qızılgülü xalçaya həkk edib. Xalça azərbaycanlı üçün həyatın inikası, yaşayışın davamıdır. Ona görə də bu, qeyri-maddi irsdir.
- Amma sonradan ölkədə bu sahəyə maraq zəiflədi və belə demək mümkünsə, sönməyə doğru getdi. Nə baş verirdi?
- Ona görə ki, xalçaçılıq qeyri-maddilikdən çıxıb, yalnız maddiliklə bağlı oldu. Bu gün artıq qadınlarımız xalçalarla söhbət etmirlər. Onu biznesə çevirmişik və xalça sənətinə yalnız pul qazanmaq mənbəyi kimi baxırıq. Əvvəllər qadın ilboyu məişət qayğıları ilə yanaşı, vaxtını xalça toxumağa sərf edər və dincələrdi. Amma biz onu qadının həyatından çıxarmışıq. Azərbaycan xalçasının dünyadakı dəyəri budur ki, XX əsrin əvvəlinə qədər eyni iki xalça tapmaq mümkün deyil. Məsələn, Luvr muzeyindəki Azərbaycan xalçasının yarısı qırmızı, yarısı da qaradır. Qadın xalçanı toxuyub yarıya çatdıranda həyat yoldaşı rəhmətə gedib, yasdan çıxandan sonra yarısını da qara rəngdə toxuyub. Heç bir fars və ya türkmən qadını belə etməzdi. Xalçaçılıq sənətinin inkişafı Şimali Azərbaycanda xüsusilə qırmızı xətlə çəkilməlidir. Ona görə də xalça sənətini qorumaqla, əslində özümüzü mühafizə edirik.
- Yəqin sizə də bəllidir ki, XIX əsrin ikinci yarısından başlayaraq, Azərbaycanın Rusiya tərəfindən işğalına qədər ölkədə çoxlu xalça karxanaları fəaliyyət göstərib. Hətta bu karxanaların inkişafında milyonçu-xeyriyyəçi Zeynalabdin Tağıyev bilavasitə böyük rol oynayıb. Bir sözlə, Azərbaycan öz xalçaları ilə bütün dünyaya meydan oxuyub. Amma ürək ağrıdan faktdır ki, bu gün xalçalarımız Çin toxucusunun ilməsindən çıxır.
- Əvvəlcə onu deyim ki, xalça toxunuşunun sənaye üsuluna keçməsi dövlət və iqtisadiyyat baxımından önəmli bir hadisə idisə, xalqın mənəvi baxımdan xalçaçılığını məhv edirdi. O zaman rəngli çeşidlər çəkildi və bütün bölgələrə paylandı. Ondan kənara çıxmaq olmazdı. Beləliklə, xalça standartlaşdırıldı və ondan kənara çıxan xalça qəbul olunmurdu. Bu gün, yəni müstəqil respublika olaraq xalça sənətinin inkişafına şərait yaratmaq lazımdır. Əlbəttə, Azərbaycan xalçasız qalmayacaq. İndi ölkəmizə İrandan, Çindən, Belçika, Almaniyadan xalçalar gəlir. Əgər belə gedərsə, Azərbaycan xalçalaşacaq, amma xalça Azərbaycanlaşmayacaq. Bu da bizim ən böyük bəlamız, dərdimizdir. İndi Avropanın bütün satış obyektlərində satılan Azərbaycan xalçalarının 90 faizi Çin toxunuşudur.
Çinli nə qədər yaxşı kamança çalsa da, Habil Əliyev kimi ifa edə bilməz. Hər bir torpağın öz ruhu var. Biz xalçanın ruhunu çıxarıb onu quru cəsədə döndərmişik. Çində toxunan xalça elə bil ki, başqa dövlətə keçmiş xəyanətkardır. Bu, Azərbaycanın ruhuna xəyanətdir.
Obyektiv səbəb isə işçi qüvvəsinin ucuzluğudur. Dövlət toxuculara şərait yaratmalıdır. Əgər bu şərait yaranarsa, toxucular xalçanı çox gözəl yaşadacaqlar. Çin toxucusuna ayda 100 dollar verəndə onunla yaşayır. Amma bizim toxucular bu məbləğə qane olmurlar. Problem də budur.
- Amma inkar etmək olmaz ki, bu gün dövlət tərəfindən xalçaçılığa diqqət artmaqdadır. Elə götürək yeni Xalça Muzey üçün yeni, daha möhtəşəm binanın tikilməsini.
- Bunun özü əslində xalçaçılarımıza stimul verir. Biz xalçaçılar düşünürük ki, deməli, dövlət xalçalarımızı yaşatmaq istəyir. Belə olduqda, bizim də borcumuz problemi qaldırmaqdır. Digər tərəfdən, xalçalarımızın YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi gənclərə stimul verəcək. Xalçaya göstərilən ən kiçik diqqət onun inkişafı deməkdir. Bütün bunlar gəncləri həvəsləndirən faktorlardır. Vaxtilə televiziyada kosmonavtları, akademikləri görüb onlara bənzəmək istəyirdik. Sənət zəncirvari prosesdir. Mən xalçaçı-rəssam Lətif Kərimovun tələbəsiyəm. O, 1906-cı ildə anadan olmuş bir adam idi. Bu o demək idi ki, o, artıq XIX əsrdə yaşamış böyük ustaları görmüş və onlardan öyrənib XX sonlarında yaşayan Eldar Mikayılzadəyə çatdırır. Arada Lətif Kərimov olmasaydı mənim XIX əsrdə yaşayan xalça ustalarını «görmək» imkanım olmazdı. O zəncir qırıla bilərdi və onu bərpa etmək mümkün də olmazdı.
- Bəs Eldar Mikayılzadə necə, özündən sonra gələcək xalçaçı nəsli yetişdirirmi?
- Mən fəxr edirəm ki, XIX əsrdə, XX əsrin əvvəllərində Azərbaycanda böyük xalça məktəbi olub. Bəs bizim haqqımızda 100 ildən sonra nə deyəcəklər? Elə problem də bundadır. Eyni zamanda bu sahədə təbliğatımız da zəifdir. Bu gün xalçaçılıq mənəvi baxımdan da ziyan çəkir. Uşaqlar görəndə ki, xalçaçılığa diqqət var, xalçaçılara hörmət edirlər. İmam Əli deyir ki, uşaqlar valideynlərindən çox zəmanələrinə bənzəyirlər. Bu günə qədər fəxri ad almamışam və heç bunun ardınca da getməmişəm. Amma indi bunu tələbələrimdə hiss edirəm. Çünki onlar görürlər ki, bütün sənətlərdə fəxri adlar var. Amma xalça sənəti ilə məşğul olanlara «Xalq rəssamı» adı verilmir. Bu gün onların sayı 2-3 nəfərdir. Halbuki, xaricdən gələn qonaqlara xalçalarımızı göstərir, onlara hədiyyə kimi xalça verirlər...
Mehparə