Tarixi şəxsiyyətlərin, söz və sənət adamlarının obrazlarını yaratmaq incəsənətin müxtəlif sahələrində olduğu kimi, rəssam və heykəltəraşlarımızın da daim diqqət mərkəzindədir. Babəkin, Koroğlunun, Nizaminin, Nəsiminin, Xətainin, Füzulinin, Natəvanın, Üzeyir Hacıbəyovun, Mehdi Hüseynzadənin, Həzi Aslanovun və başqalarının obrazları rəssam və heykəltəraşlarımız tərəfindən yaradılmış, dünyanın bir çox sərgilərində nümayiş etdirilmiş, məşhur muzeylər tərəfindən alınaraq muzey ekspozisiya və fondlarını zənginləşdirmişdir. Bu qəbildən Azərbaycan ədəbiyyatında romantizmin banisi - dahi şair-dramaturq Hüseyn Cavidin də obrazı xüsusi yer tutur.
   
   Qeyd edək ki, Hüseyn Cavidin ilk portretini böyük istedad sahibi, Peterburq Mülki Mühəndislər İnstitutunu bitirmiş Zivərbəy Əhmədbəyov çəkmişdir. Bu iki böyük sənətkarın yaradıcılıq yaxınlığı olmuşdurmu? Bu barədə sənətşünas Ziyadxan Əliyevin apardığı araşdırmalar bu ehtimalın əsassız olmadığını təsdiqləyir. Belə ki, o, Zivərbəy Əhmədbəyovun 1918-ci ildən Bakı şəhərinin baş memarı vəzifəsində çalışmasını, sonralar həmin vəzifəni sovet hakimiyyəti illərindən ta ömrünün sonuna qədər (1873-1925) icra etdiyini yazır. Müəllif Zivərbəy Əhmədbəyovun dövrünün tanınmış söz ustası ilə tanışlığını təbii hesab edir. Heç şübhəsiz, memarın iki dəfə - 1922 və1923-cü illərdə Hüseyn Cavidin portretini çəkməsi bu tanışlığın təsadüfi olmadığından, onların bir-birinə ciddi tellərlə bağlılığından xəbər verir. Onların hər ikisinin taleyinə yazılmış faciəli sonluq da, hardasa, şair və memarın əqidə və məslək yaxınlığını göstərir. H.Cavid ömrü uzaq Sibirdə, Zivərbəy Əhmədbəyov ömrü isə Bakıda, daşnak və onların başqa millətlərdən olan şovinist havadarlarının mənəvi təzyiqləri nəticəsində qırıldı.
   Sonrakı illərdə, xüsusən, Cavidə bəraət verilən 1956-cı ildən sonra rəssam və heykəltəraşlarımız Cavid obrazına da olsa, müraciət etmiş, ayrı-ayrı illərdə müxtəlif janrlarda, müxtəlif səpkili heykəllər və rəsm əsərləri yaratmışlar.
   Nəhayət, xalqımızın qeyrətli oğlu, ulu öndər Heydər Əliyevin 1981-ci ilin iyul ayında Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında imzaladığı tarixi qərardan sonra fırça və tişə ustalarımız bu böyük sənətkarın faciəli həyatı və yaradıcılığını öz əsərlərində daha geniş şəkildə göstərməyə çalışmış, bir çox monumental əsərlər yaratmışlar.
   Hüseyn Cavidin obrazı Azərbaycanın tanınmış rəssamlarından Mikayıl Abdullayevin, Oqtay Sadıxzadənin, Elmira Şahtaxtinskayanın, Nəcəfqulu İsmayılovun, Hüseyn Əliyevin, Əli Verdiyevin, Hüseynqulu Əliyevin, Məmməd Şirzadovun, Məmmədəli İsmayılovun, Mircəlil Seyidovun, Elxan Tahirovun, Səmədağa Cəfərovun, Abuzər Qardaşbəyovun, Sabir Qədimovun, Ülviyyə Həmzəyevanın, Qədirulla Bağırovun, Əli Səfərlinin müxtəlif vaxtlarda yaratdıqları kompozisiyalarda öz əksini tapmışdır.
   Mikayıl Abdullayevin «Hüseyn Cavid», Oqtay Sadıxzadənin «Cavid aləmi», Əyyub Məmmədovun «Hüseyn Cavid, Abdulla Şaiq, Seyid Hüseyn və Əhməd Cavad», Məmmədəli İsmayılovun «H.Cavid Şeyx Sənanı yazarkən», Əli Verdiyevin «Təhsil illəri» triptixi, Elmira Şahtaxtinskayanın plakat janrında çəkdiyi «Hüseyn Cavid» adlı əsərlərində müəlliflər şair-dramaturqun orijinal kompozisiyalı portretlərini yaratmışlar. Qeyd olunan bu əsərlər respublikanın müxtəlif muzey və sərgi salonlarında, mədəniyyət müəssisələrində qorunur və nümayiş olunur.
   H.Cavid obrazı tətbiqi sənət sahəsində çalışan rəssamların yaradıcılığında da geniş yer tutmuşdur. Lətif Kərimov, Afaq Kərimova və Qədirulla Bağırov bu böyük söz ustasının obrazını ilmələrdə yaratmışlar.
   H.Cavid obrazı ilk dəfə görkəmli ornamentçi, xalq rəssamı Lətif Kərimovun ilmə-xalça yaradıcılığında canlandırılmış, dərin izlər buraxmışdır. H.Cavidin anadan olmasının 100 illik yubileyi ərəfəsində bu sənətkar xalçada realist səpkidə Cavidin portretini toxumuşdur. Xalçanın Azərbaycan ornamentləri ilə bəzədilmiş kənarlarında dahi şairin yaratdığı əsərlərin adları verilmişdir. Həmin xalça H.Cavidin ev-muzeyinin «qonaq otağı»nı bəzəyir.
   Afaq Kərimovanın tamamilə fərqli bir formada toxuduğu süjetli xalçanın üzərində H.Cavidin portreti və acınacaqlı həyatını təsvir edən detallar öz əksini tapır.
   H.Cavid obrazı heykəltəraşlarımızın yaradıcılığında da əsas yer tutur. Heykəltəraşlardan Elcan Şamilov, Münəvvər Rzayeva, Akif Əsgərov, Xanlar Əhmədov və Arif Qazıyev vaxtaşırı Cavid obrazına müraciət etmişlər.
   H.Cavidin 100 illik yubileyinin keçirilməsi haqqındakı tarixi qərardan sonra görkəmli tişə ustası, xalq rəssamı Ömər Eldarov H.Cavidin çox monumental, kompozisiyalı heykəli üzərində yaradıcılıq işi apardı. Bakının çox görkəmli bir yerində, Azərbaycan Milli Elmlər Akademiyasının binası qarşısındakı parkda ucaldılan bu abidədə Ömər Eldarov orijinal kompozisiya, səlis plastik forma, daxili ekspessiya və dinamika axtarmış və qarşısına qoyduğu ciddi yaradıcılıq vəzifəsini ləyaqətlə yerinə yetirmişdir.
   Naxçıvanda yaşayıb-yaradan rəssamların yaradıcılığında da Cavid obrazı özünəməxsus yer tutur. Belə ki, xalq rəssamı Hüseynqulu Əliyevin yağlı boya ilə kətan üzərində yaratdığı «Hüseyn Cavid» əsərində müəllif Cavidi əlində pensnesi (gözlüyü) ayaqüstə dayanmış vəziyyətdə təsvir edir ki, bu da monumentallığı, bütövlüyü, şairin həyatda əyilməz və uzaqgörənliyini diktə edir.
   Azərbaycan Respublikasının əməkdar rəssamı Mircəlil Seyidovun ustalıqla yaratdığı «Cavid dünyası» əsərində müəllif Cavidin bütün əsərlərində olan obrazları əzab çəkən insanları xatırladan buludların üzərində cəmləşdirib. Əsərdə göy üzündən yer üzünə süzülən bir işıq buludlarda düzümlənən obrazlar toplusunu şölələndirir və Əmir Teymurun da İstanbula yürüşü həmin buludlar arasında gözəgörünməz olur. Həmçinin rəssam, Cavid yaradıcılığında xeyir və şəri qabarıq vəhdətdə təqdim edir. Ümumiyyətlə, istedadlı rəssam, Cavid fəlsəfəsini dərindən duyaraq kətan üzərində fırça açımı ilə çox ustalıqla təqdim etmişdir.
   Digər bir istedadlı sənətkar - Məhəmmədəli Ələkbərov yağlı boya ilə yaratdığı «Cavid və mələklər» əsəri boyakarlıq baxımından şairə həsr edilmiş əsərlərdən seçilir. Azərbaycan təsviri sənətinin boyakarlıq sahəsində Cavidə həsr olunmuş bu mövzu dəfələrlə işlənsə də, rəssam onu öz yaradıcılığına xas olan təsvir vasitələrinin köməyi ilə həll etməyə çalışmışdır. Belə ki, rəssam əlində ay və ulduz çələngi tutmuş mələyi və aşağıda iblisi təsvir etməklə, xeyirlə şərin mübarizəsini təqdim edir.
   Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsinin müəllimi, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva qrafika üsulu ilə Cavidin dustaqlıq və sürgün ömrünün təsvirini ustalıqla yaratmışdır. Həmin qrafik tablo müəllif tərəfindən ev-muzeyə hədiyyə edilmiş və hazırda muzey ekspozisiyasının «Repressiya otağı» adlanan guşəsində nümayiş olunur.
   Hüseyn Cavidin ev-muzeyi yaradılandan bu günədək muzeyin fondunda müxtəlif rəssam və heykəltəraşların dahi şairə həsr etdikləri tətbiqi sənət nümunələri, heykəltəraşlıq, rəngkarlıq və qrafika əsərləri toplanmışdır ki, bunların bir qismi muzey ekspozisiyasında nümayiş olunur, bir qismi isə muzeyin zəngin fondunda mühafizə olunur.
   Muzey fondunun təsviri sənət və heykəltəraşlıq bölməsində şair-dramaturqa həsr olunmuş 50-dən artıq boyakarlıq, qrafika, tətbiqi sənət və heykəltəraşlıq nümunələri vardır. Bunlardan Hüseynqulu Əliyevin «H.Cavid», Əli Verdiyevin «Təhsil illəri», Mircəlil Seyidovun «Dialoq», «Cavidin yuxusu», Elxan Tahirov və Arif Əzizovun «H.Cavid» portretləri, Ömər Eldarovun Cavidlər ailəsinin hər bir üzvünə böyük ehtiram və məhəbbətlə hazırladığı büstlər, Akif Əsgərovun gələcəkdə ucaldılması nəzərdə tutulmuş H.Cavidin 9 metr hündürlükdə heykəlinin eskiz-maketi, Arif Qazıyevin işlədiyi H.Cavidin büstü muzey ekspozisiyasının ayrı-ayrı otaqlarının tərtibat həllini tamamlayır.
   Xalq rəssamı Ömər Eldarovun «Hüseyn Cavid» məqbərəsində şairin sevdiyi qızılgüllər arasında böyük sənətkarlıqla yaratdığı qorelyefi, Xanlar Əhmədovun H.Cavidə həsr etdiyi ev-muzeyinin giriş qapısı önündəki kompozisiyalı qorelyefi görkəmli sənətkarların dahi söz ustasına məhəbbətlərinin təzahürüdür.
   
   Bəhruz Axundov,
   Hüseyn Cavidin ev-muzeyinin direktoru, Naxçıvan MR-in əməkdar mədəniyyət işçisi







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar