Bugünlərdə Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində Səttar Bəhlulzadə muzeyinin fondlarında qorunub-saxlanan orijinal əsərlərindən ibarət sərgi keçirilib. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev S. Bəhlulzadənin Azərbaycan rəssamlıq məktəbində özünəməxsus iz qoyduğunu vurğulayıb. O bildirib ki, bu ilin YUNESKO-da Səttar Bəhlulzadə ili elan olunması çox böyük hadisədir və bu cür tədbirlər növbəti illərdə də davamlı olaraq keçiriləcək.
   Sərgidə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, heykəltəraş Ömər Eldarov, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov da Səttar Bəhlulzadə yaradıcılığından söhbət açıblar.
   Rəssamın əsərlərindən ibarət xüsusi kataloq və Milli Kitabxananın çap etdirdiyi “Səttar Bəhlulzadə biblioqrafiyası” da tədbir iştirakçılarına təqdim olunub.