Mətbuatla bağlılığımın ilkin dövrü, demək olar, kinoda, kinoçuların arasında keçib. 1990-cı illərin əvvəlində yolum tez-tez kinostudiyaya düşürdü. SSRİ-nin can üstə olan vaxtlarıydı. Hamı baxımsızlıqdan, sistemsizlikdən, qayğısızlıqdan gileyliydi. «Azərbaycanfilm» dövlət sifarişiylə sonuncu filmlərini çəkirdi. Yeni-yeni özəl studiyalar yaranırdı. Hələ Muxtar Dadaşov, Əjdər İbrahimov, Tofiq Tağızadə, Şamil Mahmudbəyov, Şahmar Ələkbərov, Ceyhun Mirzəyev kimi sənətkarlar sağıydı. Onlar çətinliklərə baxmayaraq, filmlər çəkmək, sevimli peşələrindən ayrılmamaqçün mübarizliklərini itirməmişdilər. Kinostudiyaya az-az gələnlərin sırasındasa köhnə nəslə mənsub xalq rəssamı Kamil Nəcəfzadə kimi tək-tük sənətkar varıydı. Üstündən illər ötəndən sonra rəssamla söhbətə elə bu məqamdan başladıq:
   
   - 1955-ci ildən kinostudiyada işləmişəm. Özü də institutu qurtarıb gələndən filmlərdə çalışmışam. Quruluşçu rəssam kimi kinoda ilk işim «Qara daşlar» filmində olub. Təqribən qırx il çəkilişlərdə iştirak etmişəm. Kimlərnən işləməmişəm. Azərbaycanda rayon qalmayıb ki, ora yolum düşməsin. Yaxşı, hörmətli, sənətə diqqətli günlər görmüşəm. Bayaq studiyaya niyə az-az gəlməyimin səbəbini soruşurduz. Səbəb nolasıdı? Şərait, münasibət. SSRİ dağılandan az sonra rəhmətlik Şamil Mahmudbəyov Vaqif Mustafayevin ssenarisi əsasında film çəkməyə hazırlaşırdı. Məni də quruluşçu rəssam götürmüşdü. Yadımdadı, böyük həvəslə filmin çəkilişlərilə əlaqədar bir neçə ölkəyə ekspedisiyaya getdik. Çəkiliş üçün yerlər seçdik. Qayıtdıq Bakıya. Məlum oldu ki, filmin sponsoru bonkrot vəziyyətə düşüb. Beləcə, işimiz qaldı yarımçıq. Bunqan sonra dedim yox ey, ta mənimki bu cür film çəkməknən qurtardı. Bir də, bilirsiz necədi, fəaliyyətim yalnız kinoyla bağlı deyil, axı. Rəssamam, rəngkar kimi 60 ildi yaratdıqlarım sərgiləri dolaşır. Kinosuz da bekar qalmıram. Doğrudu, məni kinoya görə məxsusi tanıyırlar. Bu sənətin xeyrini-bəhərini görmüşəm. Bunu dana bilmərəm. Çəkilişsiz keçən günlərim bu səbəbdən məni yandırır. Ancaq neyləmək olar.
   - Siz İkinci Dünya müharibəsindən sonra, demək olar, eyni illərdə Moskva Kinematorqafiya İnstitutunda təhsil alan, bu gün adı tarixə düşmüş Əjdər İbrahimov, Tofiq Tağızadə, Şamil Mahmudbəyov, Rasim Ocaqov, Elbəy Rzaquliyev, Nadir Zeynalov, Cəbrayıl Əzimov və başqa sənətkarlarımızla bir sırada dayanan şöhrətli insansız. Şöhrətin yolusa əsl sənətkarlar üçün heç də hamar olmur...
   - Həqiqətən belədi. Dünyanın, sənətin min illərlə ölçülən tarixi və şəxsi təcrübəm dediyinizi təsdiqləyir. Heç nə havayı qazanılmır. Qeyri-təvazökarlıq çıxmasın, mənimçünsə bu daha çətin olub. Bəli, xasiyyətim ağırdı, dilimdə var, sözü üzə deyənəm. Belələrinisə sevmirlər. Nə o vaxt, nə indi. Ona görə, təsəvvür edin, nə dərəcədə zəhmət, istedad bahasına bugünkü uğurlarımı, nailiyyətlərimi qazanmışam. Hərçənd çətin olub, ancaq şirindi. Yaşa dolmuşam, geriyə boylanıram, bütün həyatımı gözümün qabağına gətirirəm. Görürəm ki, heç nəyi elə-belə asanlıqla əldə eləməmişəm. Kimsənin yanında başaşağı qalmamışam. Bax, budu məni ən çox sevindirən. Bayaq adlarını çəkdiyimiz sənətkarların əksəriyyəti indi həyatda yoxdu. Adları kinomuzun böyük bir tarixi dövrüylə bağlı olan bu insanlarla bir yerdə, eyni məqsəd uğrunda çalışmaq həqiqətən xoşbəxtlikiydi.
   - Şamil müəllim, kino ruhən azad olan rəssama maneçilik yaratmır? Çünki fərdi, azad rəssamlıq başqa, kinoda müəyyən qaydalara, iş rejiminə, şərtlərə uyğun işləyən rəssam bambaşqadı. Özünüzü bu sahələrin hansında daha rahat, ifadə baxımdan sərbəst, geniş imkanlara malik hiss edirsiz?
   - Mən deməzdim ki, kino adamı qəliblərə, dözülməz şəraitə salır. Adamına baxır. Məsələn, mən uzun illər boyu ciddi problemlə üzləşməmişəm. Əksinə, çəkilişlə əlaqədar gəzdiyim yerlər, görüşdüyüm adamlar mənə bir rəngkar kimi mövzular verib. Çox vaxt çəkiliş arası rəngli karandaşlarla ştrixlər edirdim. Sonra Bakıya dönəndə onları əməlli-başlı işləyirdim. Sərgilərə çıxardığım, bağışladığım, muzeylərdə, şəxsi kolleksiyalarda və bax, bu emalatxanadakı əsərlərin çoxusu beləcə yaranıb.
   - Bir ara yaşlı sənətkarların əksəriyyəti onlara biganəlikdən gileylənirdi. Sizin bugünkü vəziyyətiniz narazı qalmağa əsas vermir?
   - Yox, əsla. Allaha şükür, Prezident təqaüdü, professor məvacibi alıram. Prezident İlham Əliyevin sərəncamı ilə yeni tikilən binaların birində üçotaqlı mənzil də veriblər. Fəxri və elmi adlara görə aldığımız vəsaitin miqdarı da yavaş-yavaş artırılır. Mənə qalsa, bunlar artıqlaması ilə bəsimdi. Hər şeyim var, nəyim çatmır ki? Elə 75 illik yubileyimdə Polad Bülbüloğlunun zarafatla «vallah, bilmirik Kamil müəllimə nə verək, hər şeyi var» deməsi yerinə düşmüşdü. Sadəcə, narahatlığım cavanlardandı. Axı onların yaxşı, rahat işləməsi lazımdı. Məsələn, elə sizin özünüz, yaxud oğlum Şamil.
   - Oğlunuz demişkən, Şamil bəyin yaradıcılığına münasibətiniz necədi?
   - Özümünkü olduğuna görə demirəm, onun maraqlı dəst-xətti var. Bilirsiz ki, ilk sənəti rəssamlıqdı. Sonra rejissorluğa meyil saldı. Və hesab edirəm pis də alınmadı. Mən rəssam və rejissor Şamil Nəcəfzadəni qəbul edir və yaradıcılığını diqqətlə izləyirəm.
   - Səksən yaşı haqlayan Kamil Nəcəfzadənin yaradıcılığında, söhbətləşdiyimiz emalatxana divarları arasında təzə nə var-nə yox?
   - Açığı, hər gün müntəzəm, konkret saatlarla işləmirəm. Bir az yaş təsirini göstərir, bir az da bəzi işlər. Ancaq işləyirəm - portret, natürmort, mənzərə çəkirəm. Proqram rəngarəngdi. Qabaqcadan başqa şeylər demək istəmirəm. Düşər-düşməzi olar.
   - Sonda bir şeyi xəbər alım. Bir az acıdil, yovuşmaz təsiri bağışlayan Kamil Nəcəfzadənin rəssamlıqdan başqa əlindən nəsə gəlirmi?
   - (Gülümsünür) Yox. Allah üzümə baxıb. Onun verdiyi bəxtdən, taledən razıyam. Hərçənd narazı olub neyləyəcəkdim? Ancaq rəssam olub bunca tanınmağımı, xoşbəxt anlar yaşamağımı Allahın bəxşeyişi sayıram.
   
   Seymur Elsevər