«Sirk atlarıyla şumlanıb təxəyyülümüz...»
   Xaqani Has
   
   «İstedad» anlayışını daha çox incəsənət sahələrinə aid edənlər üçün, elə hər kəs üçün bu təzə xəbər-filan deyil. Bilənlər bilir ki, istedadını hər hansı bir sahəyə xərcləməyən, sadəcə yaşayıb gedən adamlar, peşə sahibləri var. Amma «hər kəs istedadlıdır» fikrini qəbul edəcək qədər də sadəlövh olmayın. İstedadlı adam yaradıcı adamdır. O, hər sahədə yaradıcıdır. Yeganə xüsusiyyəti onun fərqliliyi, ştampdan, ehkam və doqmalardan imtina etməyi, kütlədən fərqlənməyi, zövqü, yumor hissi... bir sözlə individuallığıdır. 
      
   Bu isə hər sahədə ola bilər. Bu individuallığın anadangəlmə olduğu hamıya məlumdur. Amma hamıda olduğunu da iddia edərlər. Haqlıdırlar. Axı hər bir uşaq yaradıcıdır. Onu yıpradan, ştapm və kütləvi edən mühiti, tərbiyəsi, daha doğrusu, «təlim»idir. Sovetdənqalma təlim-tərbiyə sistemi adından bəlli olduğu kimi təbiətən yaradıcı olan uşaqları məhz buna görə itələyir. Bu təlim sisteminə etiraz edən şagird individuallığını qiymətləndirəndir.
   Qiymətləndirə bilməyənlərin problemi genetikdir. Onlar üçün hər şey doğmadır, kənara çıxılmazdır - Xaqaninin misrasında deyildiyi kimi - «Sirk atlarıyla şumlanıb təxəyyülümüz».
   Sirk atlarının izindəndir ki, Çexovun «Qılaflı adam»ının qəhrəmanı qaydasız-qanunsuz yaşaya bilmir, əzab çəkir, qərara gələ bilmir. Qadağalar ona rahatlıq gətirir, heç bir qayda olmadıqda isə o, qeyri -müəyyənlikdən əzab çəkir. Yaşaya bilmir. Qılaf artıq onun mahiyyətini gizləyən, örtən, ortaya çıxmağa qoymayan nəsnə yox, bu mahiyyətin özüdür. O, bir qılafa çevrilib və onu oradan qoparmaq mümkün deyil.   

   Həkimlər və «baxıcılar»
   
   Çexovdan danışmışkən, mütləq qeyd etməli, Çexov ixtisasca həkim idi və bu sahə özü də yaradıcılığa meydan verən sahədir. Həkim individuallığı qiymətləndirə bildiyi üçün yaradıcıdır. Onun xəstələri fiziki parametrləri fərqli olan standart orqanizmlər deyil, individual varlıqlardır. İndividual yanaşma xəstəyə kompleks yanaşma deməkdir. Məsələn o, xəstənin peşəsi, psixi durumu, gərəkirsə sosial vəziyyəti və s. kimi məsələləri etikanın yol verdiyi çərçivədə öyrənib orqanizmə bu rakursdan yanaşmalıdır. Bu zaman həkim-xəstə arasında çox vacib bir faktor yaranır- inam. Bunsuz, yəni inamsız şəfa vermə cəhdləri qarasına atılan güllələr kimi hədəfə dəymir. İş orasındadır ki, türkəçarələr və camaatın dediyi kimi «baxıcılar», fırıldaqçılar məhz bu boşluqdan istifadə edib nüfuz qazanırlar - xəstəyə guya «individual» yanaşma.
   Bu peşə etikasından aşırı bir məqamdır və şükürlər olsun ki, xəstəxanalarımızda hələ belə həkimlər var.
   
   İntihar - məsələ formadadır
   
   İntihar məhz bu tip laqeydliklərin inkişaf etdirdiyi məqamdır. Fərdin son etirazı. Onun son yaradıcılıq aksiyası. Və intihar forması bu yaradıcılıq aksiyasını - istedadını təsdiq edir. Hansı formada üzə çıxmaq individual seçimdir. Ona görə də intihar formaları diqqətdən kənarda qala bilməz. Əlbəttə, onun özü də mühitdən və şəraitdən asılıdır, amma hər halda hər bir intihar forması adama nəsə deyir. Adam nə üçün asılmağı, boğulmağı seçdi, nə üçün gülləni ağzından atdı, nə üçün özünü yandırdı.
   Maraqlı bir məqamsa başqadır. Axı məsələ elə formadadır. İntihar formasında. İşin əslinə qalsa çoxu son məqamda yaşamağı seçir. Demək məqsəd elə formadır. Bu yerdə forma məzmuna qalib gəlir - qəsdçi formanı seçir, məzmunu yox. Özünə qəsd etmək istəyən xəstələr üzərində təcrübə onu göstərib ki, son məqamda bu adamların yetmiş faizi qərarlarını dəyişiblər. Özü də onlar müalicəsiz xərçəng xəstələri imişlər.
   Kim Ki Dukun «Nəfəsdərmə» filmində dəfələrlə özünə qəsd edən ölümə məhkum dustağı bir qadın ziyarət edir. Görüşlərdən birində və növbəti alınmayan cəhddən sonra dustaqla sevişən qadın onunla öpüşərkən dustağın burnunu və ağzını qapamaqla onu havadan məhrum edir. Dustaq qadını itələyib dərindən nəfəs alır. Bəlkə də bu şərti refleksdir. Amma hər halda o, ilk növbədə bu formadan imtina edir.
   Forma bir yana qalsın, intihar aksiyaları həm də bir süjetdir. Olduğum yerə yaxın kəndlərin birində belə bir qəribə əhvalat baş vermişdi. Kasıbçılıqdan, sıxıntıdan, yıpranmaqdan, min cür səbəbdən bezən kişi hamamda özünü asmışdı. Amma əhvalat necə baş vermişdi? O, kəndiri sabunlamış, yaxınlıqdakı şkafın görünən yerinə kəndiri kəsmək üçün bıçaq, yanına da bir stəkan su qoymuşdu. Kəndiri boğazına keçirməzdən əvvəl qapını itələyib arvadını səsləmişdi. Qadın çağırışa gec gəlmiş, nəticədə kişi boğulmuşdu. Acı, əcaib şəkildə gülməli və ağlamalı bir əhvalat.
   
   İnqilabdan intihara
   Sayın addımlarımızı
   
   Kütləvilik və intihar. Budamı yaradıcılıq aksiyasıdır?
   Bu inqilab kimi bir şeydir. Necə ki, adı məlum olmayan minlərcə kamikadze var...
   Hərçənd, ötən ilo Maykl Ceksonun kütləvi intihar aksiyası keçirən 12 fanatı bunca fərdi aksiyanı kütləviləşdirməklə bir qədər gözümüzdən saldı. Amma nə olursa olsun, öləndə həmişə tək ölürsən.
   
   Aliyə