Qafar Sarıvəlli 1956-cı il yanvarın 17-də Qazağın Kəmərli kəndində dünyaya göz açıb. 1973-cü ildə Kəmərli kənd orta məktəbini bitirb. Həmin ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. 1974-76-cı illərdə Qazaxıstanda hərbi xidmətdə olub. 1980-ci ildə rəssamlıq məktəbini bitirib. 1985-ci ildən Respublika və Beynəlxalq sərgi-müsabiqələrinin daimi iştirakçısıdır. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2002-ci ildə ilk, 2005-ci ildə ikinci fərdi sərgisi keçirilib. 100-dən çox kitaba tərtibat verib, illüstrasiyalar çəkib. Rəsmlər toplusundan ibarət dörd kitabı çap olunub (1996, 2001, 2005 və 2008-ci illər).
   Ailəlidir, iki övladı var.

   
   Qafar Sarıvəlli mənə nə qədər doğma və yaxın olsa da, mən onun haqqında uzaqdan-uzağa bir rəssam kimi yazmaq istəyirəm. Etiraf edək ki, onun kimi haqqında nə qədər yazılsa da, istər şair, istər rəssam olsun, hələ təbliğatı kifayət qədər omayan, qiymətini, dəyərini almayan belə istedadlarımız çoxdur. Onların üzə çıxarılması, cəmiyyətə təqdim olunması çox vacibdir.
   Gələn il 55 yaşı olacaq. Tanınmış rəssam bu ömrü yaşadığı üçün özü də özü ilə fəxr edə bilər. Mən onu cəmiyyətimizdə yorulmayan, daim ora-bura qaçan bir ziyalı kimi tanıyıram. Qafarı bir çox tədbirlərdə təmənnasız olaraq yubilyarlara portretlər təqdim edən görmək olar. Onun çox zaman şair, rəssam, bəstəkar və aşıqlarla qol-qola görürük. Bu istedadlı rəssamın başqa bir üstün cəhəti sinəsinin sözlə dolu olmasıdır. Bu da onun Aşıq Avdı, şair Səyyar Vəli, Aşıq Cəlal Qəhrəmanov, Aslan Kəmərli, Aşıq Yəhya, Aşıq Sadıq, Aşıq Kərəm, şair Ağamalı Sadiq, Akif Səməd kimi söz-sənət adamları olan bir eldə-elatda böyüməsi ilə bağlıdır.
   Gözəlin yaraşığı özündən olduğu kimi, Qafarın da tərifi özündəndir. Görünən dağa nə bələdçi. Onun qəzetimizin bu səhifəsində təqdim etdiyimiz onun bir neçə əsəri dediklərimizi bir daha təsdiqləyir.
   Qafar Sarıvəlli haqqında söz-sənət adamlarının dediyi fikirləri də oxucularımıza təqdim etməyi vacib saydıq.
   
   Mən Qafar Sarıvəllinin gözəl rəsmlərində özümü tapdım. Ürəyimcə olan bu rəsmlər ilahi tərəfindən verilən vergilərdir. Mənim qaboyum kimi onun sənəti də ölməzdir.
   Kamil Cəlilov,
   Xalq artisti, 2002-ci il.
   
   Bu rəsmlər məndə olan türk yaddaşını bir daha oyatdı.
   İlqar İlkin,
   şair, 2002-ci il.
   
   Qafar poetik ruhlu, məhsuldar və çalışqan bir rəssamdır.
   Yusif Mirzə,
   rəssam, 2002-ci il.
   
   Qafar Sarıvəllinin əsərlərində milli motivlər saz və sözlə şöhrətləndirilən vətənimizin gözəllikləri öz əksini tapmışdır.
   Nurəddin Həbibov,
   sənətşünas, 2005-ci il.

   
   Qafarın üç tablosu mənə xüsusilə zövq verdi: «Qara zurna», «Haray», «Öncə Vətəndir»... Rəssamla tanışlığımdan, doğmalığımdan qürur hissi duydum, mənən zənginləşdim.
   Aybəniz Vurğunqızı,
   2005-ci il.

   
   Qafar Sarıvəllinin sərgilənən bu əsərlərindən yurd ətri gəlir. Çox sağ ol, ay Qafar Sarıvəlli, böyük mənəvi zövq aldım.
   Həmidə Ömərova,
   kinoşünas, xalq artisti, 2005-ci il.

   
   Mahmud Vəli