“Rusiya-Azərbaycan: 105 il SİTA-nın fotoşəkillərində” adlı sərgi keçirildi
   
   Yanvarın 23-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi öz qapılarını “Rusiya-Azərbaycan: 105 il SİTA-nın fotoşəkillərində” adlı sərgi ilə tamaşaçıların üzünə açdı. 
      Sərginin açılış mərasimində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin, Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçıları iştirak edirdilər.
   Mərasimdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bildirdi ki, sərgi “Keçmişdən gələcəyə” devizi altında keçirilir: «Biz məhz öz ənənələrimizə, bir neçə nəslin səyi ilə yaradılmış iqtisadi və mənəvi potensiala istinad etməklə uğurlu gələcəyimizi qura bilərik. Sərgidə nümayiş etdirilən fotoşəkillərin hər biri kiminsə taleyində dönüş anı olmuş konkret hadisələrin təcəssümüdür. Hələ dünən yenilik sayılan hadisələr arxivlərdə qorunub saxlanmaqla bu gün qarşımızda ortaq tariximizin salnaməsi, bu tarixin bir hissəsi kimi canlanır».
   Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin hər iki ölkənin həyatında əlamətdar bir hadisə - Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu çərçivəsində belə bir sərginin təşkil edilməsini yüksək qiymətləndirdi: «Bu forum iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisi olmaqla bərabər, həm də xalqlarımızın qarşılıqlı əlaqələri genişləndirmək cəhdini, Rusiya və Azərbaycan xalqlarının mənəvi həyatını əks etdirir.
   Rusiya Prezidenti Administrasiyasının rəhbəri bildirdi ki, cari il Böyük Qələbənin yubileyi ilidir və MDB çərçivəsində “Veteranlar ili” adlandırılmış bu il “Biz birlikdə qalib gəldik” devizi altında keçəcək. Bu sözlər bizim ortaq əlaqələrimizi çox dəqiq səciyyələndirir. Buna görə də gələcək nəsillər, bizim uşaqlarımız və nəvələrimiz bu ümumi Qələbə haqqında bilməlidirlər».
   Sonra mərasim iştirakçıları 105 fotoşəklin nümayiş etdirildiyi ekspozisiya ilə tanış oldular. Bu eksponatların ən qədimi 1904-cü ilə aiddir. Həmin fotoşəkildə Bakı mədənlərində neft çıxarılması prosesi əks olunub. Sərgiyə gələnlər köhnə Bakının simasını, müxtəlif xalq ənənələrini, Novruz bayramını əks etdirən nadir kadrlara tamaşa etdilər.
   Görkəmli siyasi xadim Heydər Əliyevin həyatının müxtəlif mərhələləri, o cümlədən onun SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində fəaliyyəti ilə bağlı fotoşəkillər sərginin əsas eksponatları idi.
   Ekspozisiyada Prezident İlham Əliyevin Rusiyaya səfərləri zamanı İTAR-TASS Agentliyi əməkdaşlarının çəkdiyi, onun Rusiya dövlətinin birinci şəxsləri ilə görüşlərini əks etdirən çoxsaylı fotoşəkillər də nümayiş olunurdu.
   
   MEHPARƏ