Bu dəfə “Qarabağ şikəstəsi” nə çalınacaq, nə oxunacaq. Qarabağın dərdləri tanınmış qrafika ustası, respublikanın əməkdar rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Adil Rüstəmovun “Qarabağ şikəstəsi” adlı yeni fərdi sərgisində rənglərin dili ilə danışacaq.
O gün Bakı gözünü açıb hər tərəfi dümağ qar içində gördü. Axır ki, Bakıya qar yağdı, 2010-cu ilin ilk qarı. Qulağımda “Qarabağ şikəstəsi”nin harayı, ürəyimdə Qarabağ nisgili, yaddaşımda Qarabağ xatirələri “Qarabağ şikəstəsi”nin rəsmini çəkən rəssamla görüşə gedirəm. Əvvəlcə ilk qar münasibəti ilə bir-birimizi təbrik edirik. Axı söhbətə başlamaq üçün bəhanə lazımdı.
Neçə illərdi ki, Qarabağ mövzusu hər bir sənətkarı düşündürür, narahat edir. Hər kəs sanki sənətinin qüdrətiylə Qarabağı işgaldan azad etməyə çalışır. 20 ildən sonra Adil müəllim bu kövrək, ağrılı mövzuya müraciət etdi. Səhhətinin ən kritik məqamında - infarkdan sonra. Bir il müddətində Qarabağ həqiqətlərini, Qarabağ müsibətlərini Qarabağ lövhələrinə köçürməklə əslində ürəyinin yükünü azacıq da olsa yüngülləşdirmiş oldu. Sənətşünas Ziyadxan Əliyev rəssamın yeni əsərləri barədə belə deyir: “Adil Rüstəmovun rəssam, daha çox isə vətəndaş münasibətinin vaxtında , özü də layiqli səviyyədə gerçəkləşdiyini söyləməliyik. Obrazlı desək, onun rənglərdən “yoğrulan”, cizgilərdən “hörülən” “Qarabağ şikəstəsi” hələlik bizlər üçün əlçatmaz olan torpaqlarımıza yönələn bədii ağıdı, qəriblik nəğməsidi”.
Adil Rüstəmov Qarabağ ünvanlı qrafik lövhələri qarışıq texnikada işləsə də, rəssamın fəlsəfi yozumu, duyumu aydın və düşündürücüdür. Görəsən, “Qarabağ şikəstəsi” silsiləsində hansı rənglər daha qabarıq nəzərə çarpır sualına cavab axtarıram. Axı “Qarabağ şikəstəsi” ən kədərli, nisgilli şikəstələrimizdən olsa da, Qarabağ dünyanın ən rəngli torpağıdı. “Əsərlərin hamısı az, həddindən artıq ağır rənglərə malikdir. Qızılı, qəhvəyi, qara... Bu rənglər təbiətimə keçib, dəst-xəttimə həkk olunub” - deyir Adil müəllim.
Rəssam Qarabağ ünvanlı qrafik lövhələrə ayrı-ayrılıqda yox, ümumi bir ad verib. Çünki Adil Rüstəmovun indiyə kimi keçirilən 6 fərdi sərgisinin hər biri ünvanlıdır. “Artika”, “Lirika-poeziya”, “Əliağa Vahid -100”, “Füzuli - 500”, “Biz bir millət, iki dövlətik”, “Adil Rüstəmov - Hüseyn Hüseynbəyli”, “Ömər Xəyyam aləmi”. Özünəməxsus dəst-xətti ilə seçilən rəssam öz əsrlərinin bir ad altında nümayiş olunmasını opera ilə müqayisə edir: “Operada bütün səhnələr bir-biriylə əlaqədardı və bir-birini tamamlayır. 30- dan çox əsərin bir ad altında olması mən bilən elə opera”dır - deyir.
Adil müəllimin sənətini sevənlər yüksək zövqə, dünyagörüşə, geniş mütaliəyə malik olan insanlardı. Bəlkə ona görə ki, rəssam hər bir mövzunun daxilinə nüfuz etməyi bacarır, illərlə çəkəcəyi əsərin fəlsəfi yozumunu, poeziyasını, musiqisini axtarır. Xalq rəssamı Ömər Eldarov Adil Rüstəmov yaradıcılığı barədə belə deyir: “Onun hər bir qrafik əsəri böyük estetik zövq və texniki baxımdan yüksək səviyyənin təzahürüdür”.
“Qarabağ şikəstəsi” bu baxımdan rəssamın sənəti və sənətkarlığı barədə yeni söz deməyə əsas verəcək. İnşallah bu qeyri-adi, rəssamın sayca yeddinci sərgisi yaxın vaxtlarda V.Səmədova adına Sərgi salonunda nümayiş olunacaq və hər kəs öz gözüylə “Qarabağ şikəstəsi”ni görəcək.
Söhbətimizi qarla bağladığımız kimi, qarla da yekunlaşdırırıq. “Yağışdı, qardı, bunlar hamısı paklıqdı, təmizlikdi. Bir də balıqda görürəm o paklığı” - deyir rəssam. Təəccüblənirəm. “İndiyə kimi yüzə yaxın balıq rəsmi çəkmişəm. Balıq çəkəndə dincəlirəm, rahatlıq tapıram”. Kim bilir, bəlkə bir gün Adil müəllimin çəkdiyi balıqlardan biri dil açıb danışacaq və rəssamın üç arzusunu yerinə yetirmək istəyəcək. Əminəm ki, o arzulardan biri, bəlkə də elə birincisi Qarabağı işğaldan azad etmək olacaq...
Təranə MƏMMƏDOVA