O gözlərin sahibəsi son müsahibəsində bəlkə demək istəmədiklərini də dedi
   
   Dünənin məşhuru, bu günün susqunu... Sonuncu adi söz deyil. İllah da sənəti, peşəsi, vəzifəsilə bir zamanlar tanınanların haqqında deyilə bu söz. Ancaq nə edəsən ki, belədi. Dünənki coşqun, qaynar, qurub-yaratmaq əzmilə yaşayan qocalıq qapını döyəndə sakit, fağır bir kimsəyə çevrilib. Bir neçə il əvvəl guşənişin həyatını yaşayan xalq rəssamı Maral Rəhmanzadə haqqında başqa cür nəsə demək, məncə, münasib deyildi.
   Onunla görüşəndə bu evdə məni ilk qarşılayan divardan asılmış portretdən boylanan gənc, füsunkar, yaşılgözlü Maral oldu. Portretdəki Maral illərdən bəri donub qaldığı nöqtədən aşağıda, otağın tən ortasında əyləşmiş gerçəkdəki Marala və mənə qəribə-qəribə baxırdı. Bu qərib qəribəlikdə beynimdən keçən ilk sualla özümü və elə qarşımdakı solmayan yaşıl gözləri fotodan yayındırmaq istədim:
   - Doğrudanmı, illər belə tez keçdi?
   Mənalı-mənalı başını yırğalayır və:
   - Qanadlı quş kimi, göz qırpımında.
   - Ən çox kimi, nəyi xatırlayırsız?
   - Atamı! Deyirlər, qız övladları ataya daha bağlı olurlar. Amma yox, mən atamı çox sevirdim. İndi də siması gözlərimin önündədi. Baxmayaraq ki, repressiyanın qurbanı olub, aradan altmış ildən artıq vaxt keçib, hərdən mənə elə gəlir, lap yanındayam. Bilirsiz, necə gözəl, yaraşıqlı kişiydi. Nahaq yerə "Ceyran" demirdilər ki...
    - Bəlkə elə buna görə, sizə də Maral adı qoyulub?
   - (Gülə-gülə) Nə deyim vallah. Hardan ağlınıza gəldi bu. Heç bu barədə düşünməmişdim. Rəhməlik zərgər idi, elə-belə yox ey, əlləri qızılıydı. Yadımdadı, qızıldan necə sap düzədirdi, şəbəkələr, ilmələr eləyirdi, iki göz istəyirdi tamaşasına dursun. Həm işinə, həm də öz gözəlliyinə vurğun qadınlar çoxuydu. Bir dükanı Zərgərpalandaydı, indiki Milli Dram Teatrının yaxınlığında, daim gəlib-gedənnən dolu olardı.
   Məni rəssamlığa atamın sənətinə vurğunluğum gətirib. Bir bacım da rəssam idi. Ailəmizin sonbeşiyi, kiçik qardaşım da heykəltəraşdı, Moskvada yaşayır.
   - Deyilənə görə, siz Səttar Bəhlulzadənin ilk məhəbbəti olmusunuz. Amma tale sizi Səttara yox, İqor adlı birisinə qismət elədi.
   - Taledən qaçmaq mümkümü? Yadımdadı, Moskvadakı Rəssamlıq İnstitutuna qəbul olanda atam dedi ki, get, yaxşı yol, amma oxuyub qurtarandan sonra gərək Bakıya qayıdasan. Qismətdən biznən bir yerdə oxuyan İqorun cazibəsindən çıxammadım. Baxmayaraq ki, Səttar məni çox qısqanırdı, hər yerdə, hər şeydən qoruyrdu, könlümü İqora verdim. Elə tələbə ikən ailə qurduq. Evdəkilərin bundan xəbəri olmadı. Doğrusu, əvvəlcə onlara məlumat verməyə ürək eləmədim…institutu qurtaran vaxtlarda atamı tutdular. Köməksiz qalmış anama və məndən balaca səkkiz uşağa baxmaq üçün Bakıya qayıtdım. Sonra İqor müharibəyə getdi. Gecə-gündüz işləməklə anamı, qardaş-bacılarımı saxlamalı oldum. Atamın sürgündən qara xəbəri gəldi. Birtəhər illəri, ayları yola saldıq. Müharibə qurtardı, İqor cəbhədən qayıdandan sonra bir müddət Moskvada bir yerdə yaşadıq. Ailəmizin vəziyyəti ilə əlaqədar tez-tez Bakıya gəlməli olurdum. Gördüm yox, belə yaşamaq çətindi, İqordan ayrıldım.
   - Və belə gözəl xanım sonra tək qaldı. Söz-söhbətdən qorxmurduz?
   - Doğrusu, ilk həyat yoldaşım rus idi deyə, ya necə, ayrılandan sonra azərbaycanlı kişilərdən evlənmək təklifi almadım. Gözəlliyimə görə maraq göstərənlərə, qarabaqara izləyənlərə, haqqımda söz-söhbət uyduranlarasa məhəl qoymamışam. Tək, uşaqsız yaşamaq çətin olsa da, həmdəmim rənglər məni yalqız buraxmayıb. Məhsuldar işləməyimin hesabına əlli yaşınacan xalq rəssamı fəxri adını, Dövlət Mükafatını almışam. Azərbaycanımızı qarış-qarış gəzib əsərlər yaratmışam. Yeri gəlmişkən, Neft Daşlarını kətan üzərinə ilk dəfə gətirən mən olmuşam. Heç bu gün də əl-ayağım işdən soyumayıb.
   - Bir məşhur mahnıda "Gedər bir gün, bu gözəllik sənə də qalmaz" deyilir. Bu sözləri eşitmək çoxmu acıdı?
   - Acı da olsa, həqiqətdi. Dünyanı tutub qalmaq olar? Gəncliyin şuxluğu, sevgi dolu macəraları təəssüf ki, bir gün qurtarır. İstəsən də, istəməsən də. Bir vaxt bu gün özüm kimi olan qocalara baxanda belə şeyləri ağlıma gətirmirdim. İndi doxsanı haqlamışam, ta nə qalıb, gələn il Allah qismət eləsə, yubileydi. Cavanlara qibtə ilə baxıram, onlar dünyanın ən gözəl nemətini, gözəllik, məhəbbət, yaradıcılıq şövqünü dadırlar. Bunsuzsa həyat nəyə lazımdı. Allah heç kimi arzu-kamsız qoymasın...
   Gözəlliyi ahıl çağlarında da solmayan Maral xanımla, əsasən gözəllik üstə köklənmiş söhbətimiz burda bitdi. Məni yola salan yenə də portretdən boylanan Maral xanım oldu...
   
   P.S. Bu söhbətdən bir qədər sonra Maral xanım doxsanı yola saldı. Yüzə çatmağasa ömür vəfa etmədi. Ruhu şad olsun...   

   Seymur Elsevər







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar