“Molla Nəsrəddin - Azərbaycan - 2010” Beynəlxalq karikatura müsabiqəsinə karikaturaların qəbulu artıq başa çatıb. 
   Azərbaycan Karikaturaçılar Birliyinin sədri Bayram Hacızadənin bildirdiyinə görə, müsabiqəyə 55 ölkədən 500 rəssam qatılıb. Hazırda bu rəssamların işləri arasında seçim aparılır. Seçim birliyin rəsmi internet saytında səsvermə yolu ilə gedir. Bayram Hacızadənin sədrlik etdiyi münsiflər heyətində 9 ölkənin tanınmış rəssamı təmsil olunur.
   Qaliblərin adları aprelin 28-də Vəcihə Səmədova adına Sərgi salonunda keçiriləcək tədbirdə elan olunacaq. Üç yer üzrə müəyyənləşəcək qaliblər qızıl, gümüş və bürünc medallarla təltif olunacaqlar.
   Qeyd edək ki, Əzim Əzimzadənin 130 illik yubileyinə həsr olunmuş ”Molla Nəsrəddin - Azərbaycan - 2010” müsabiqəsi Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası, Rəssamlar İttifaqı və Karikaturaçılar Birliyi tərəfindən təşkil olunub.