Yaz fəslində təbiət gözəl rəsm əsərinə bənzəyir. Bu cür təbiət gözəllikləri yaşından asılı olmayaraq bütün yaradıcı insanların dünyasına yeni ab-hava gətirir. Təbiətdən yaradıcı stimul alaraq çəkdiyi rəsmlərində daim gözəlliklər yaradan yeniyetmə rəssam Leyla Babayevanın T.İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayının salonunda nümayiş olunan ilk fərdi sərgisinə baxdıqda buna bir daha əmin olursan.
   Sərgidə müxtəlif janrlarda çəkilmiş 70 rəsm (“Rəşid Behbudov”, “Mənim dayım”, “Mstislav Rostropoviç”, “Xocalı”, “Madonna”, “Dəniz əfsanəsi”, “Cırtdan”, “Qız və dostlar”, “Vergilər” və s.) yer alıb. Tədbirdə çıxış edərək, nümayiş olunan əsərlərin məziyyətlərindən danışan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov rəsmlərin böyük yaradıcı gücə malik olduğunu vurğulayıb: «Bu balaca qız daxilində olan bütün yaradıcı qüvvəsini və istedadını çəkdiyi rəsmlərə köçürüb. Ən əsası isə Leylanın bütün əsərlərində Vətənə, xalqına bağlılığı görmək olur».
   Əməkdar rəssam Ənvər Qarayev isə Leyla kimi istedadlı uşaqların Azərbaycanı xarici ölkələrdə təmsil etməsinin sevindirici hal olduğunu qeyd edib: «Biz gələcəkdə Leyladan daha böyük uğurlar gözləyirik».
   Qeyd edək ki, L. Babayeva çəkdiyi müxtəlif mövzulu silsilə rəsmləri ilə bir çox yerli və beynəlxalq müsabiqələrin iştirakçısı və qalibi olub.
   
   Fəxriyyə Abdullayeva