Mayın 5-8-də F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı Moldova Respublikasının Qaqauziya vilayətinin Kamrat şəhərində keçirilən “Hederlez” Xalqlararası Folklor Festivalında iştirak edib.   

 Kollektivin festivalda iştirakı Moldova tərəfin və TÜRKSOY təşkilatının dəvəti və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutub. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru, Əməkdar mədəniyyət işçisi Elçin Abbasov festival barədə qəzetimizə açıqlama verib: «Festival hər il ənənəvi olaraq keçirilir və bizim bahar bayramını xatırladır. Bu il ilk dəfə olaraq festival beynəlxalq miqyasda təşkil olunmuşdu. Festivala türkdilli xalqların rəqs kollektivləri ilə yanaşı, Ukrayna və Belarusdan kollektivlər də iştirak edirdi. Açılış mərasimi Kamrat şəhərinin mərkəzi küçəsində yürüşlə başladı. Festivalda iştirak edən bütün ölkələrin kollektivləri şəhərinin mərkəzi küçəsindən keçərkən öz rəqs elementlərini nümayiş etdirirdilər. Böyük izdiham, sevinc və təntənə vardı».
   Festivalda ansambl, Azərbaycan milli xalq rəqsləri “Yallı”, “Nəlbəki”, “Qavalla rəqs”, “Çayçı”, “İgidlər” rəqsləri ilə yanaşı, dahi Üzeyir Hacıbəylinin “Cəngi” rəqsini də ifa edib; «Yerli əhalinin Azərbaycan rəqslərinə olan çoxsaylı maraqlarını nəzərə alan festivalın təşkilatçıları istisna hal kimi bizim ansambla 6 rəqs nömrəsi ilə çıxış etməyə şərait yaratdı. Halbuki, digər ölkələrin kollektivləri 1-2 rəqs nömrələri ilə çıxış edirdilər. Göstərdiyimiz hər bir rəqs nömrələrindən sonra alqışların ardı-arası kəsilmirdi və alqışlar yenidən ansamblı səhnəyə qaytarırdı”.
   Festivaldan sonra Qaqauziya vilayətinin mədəniyyət naziri və TÜRKSOY-un koordinatoru Dmitriy Kambur festivalın xüsusi diplomunu və mükafatını kollektivə təqdim edib. O, dəvətə xüsusi həssaslıqla yanaşaraq Dövlət Mahnı və Rəqs Ansamblının festivalda iştirakına şərait yaratdığına görə, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə dərin minnətdarlığını çatdırmağı xahiş edib.
   
   Təranə Məmmədova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar