Muzey Mərkəzində bu mövzuda sərgi açıldı
Mayın 19-da Muzey Mərkəzinin Sərgi Qalereyasında “İncəsənət tariximizin pillələri” mövzusunda sərgi açıldı. Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev sərginin əhəmiyyətindən, Azərbaycan rəssamlıq məktəbinin zəngin ənənələrindən, rəssamlıq sənətinin tarixini yaradan sənətkarlar haqqında danışdı: «XX əsr Azərbaycan incəsənət tarixi bir neçə mərhələ ilə müəyyənləşir. Ötən əsrin əvvəllərindən 1940-cı ilə qədərki dövrdə Azərbaycan təsviri sənətində əsaslı dəyişikliklər baş verib, yeniliklər meydana gəlib. Bu dövrdə Bakıda Rəssamlıq Məktəbi yaranıb, həmin məktəbin yetirmələri olan bir çox Azərbaycan rəssamları keçmiş SSRİ-nin nüfuzlu ali rəssamlIıq məktəblərini müvəffəqiyyətlə bitirərək vətənə qayıdıb və incəsənət xəzinəmizə töhfələr veriblər».
Nazir müavini ötən əsrin əvvəllərində yaşayıb-yaratmış rəssamların yaradıcılığında yeni dövr sənətkarlarının faydalanması üçün çox cəhətlərin olduğunu diqqətə çatdırdı: «İncəsənət tariximizdə önəmli səhifə olan müharibəyəqədərki dövrdə yaradılmış əsərlərin tamaşaçılara, xüsusən də gənclərə təqdim olunması və tanınmış rəssamlarımızın yaradıcılığının təbliği məqsədilə nümayiş etdirilən sərgi həm də yeni nəslə bir nümunədir».
Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev isə öz çıxışında XX əsr Azərbaycan incəsənəti tarixinin mərhələlərindən, 1940-cı ilə qədər olan dövrdə təsviri sənətimizdə baş verən əsaslı dəyişikliklərdən, yeniliklərdən söz açdı: «Həmin dövrdə yaradılmış incəsənət əsərləri xalqımızın yaşadığı tarixi dövrün xüsusiyyətlərini özünəməxsus şəkildə nümayiş etdirir».
Sonra sərgiyə baxış keçirildi. Sərgidə Bəhruz Kəngərli, Əzim Əzimzadə, Reyhan Topçubaşova, Salam Salamzadə, Rüstəm Mustafayev, Böyükağa Mirzəzadə, Fuad Əbdürrəhmanov və digər tanınmış fırça və tişə ustalarının rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri nümayiş etdirilirdi.
Sərgi mayın 24-dək davam edəcək.
Mehparə