Ahıska türklərinin Azərbaycandakı “Vətən” Cəmiyyəti Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Saatlı rayonunda “Adıgün” uşaq folklor ansamblı təşkil edib. Ansamblın üzvləri 10-15 yaşında olan məktəblilərdir. Bu yaxınlarda cəmiyyət ansambl üzvləri üçün milli geyimlər tikdirib.
   
   “Adıgün” artıq İctimai Televiziya ilə tamaşaçılar qarşısında bir neçə dəfə çıxış edib. Gələcəkdə o, Ahıska türklərinin məskunlaşdığı ölkələrdə - Türkiyə, Gürcüstan, Rusiya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Ukraynada çıxış etməyi planlaşdırır. Bu barədə Ahıska türklərinin “Vətən” cəmiyyətinin sədri İbrahim Bürhanov bildirib.
   Daha sonra o deyib:
   - 1993-cü ildən bəri fəaliyyət göstərən cəmiyyətimizə rəhbərlik etdiyim 6 il ərzində çalışmışam ki, mədəniyyətimizi yaşatmaq üçün əlimdən gələni edim. Mədəniyyət əsrlərdən süzülüb gələn nemət olduğu üçün onu qorumaq lazımdır. Fərəhli haldır ki, artıq bu işdə biz böyüklərə uşaqların “Adıgün” folklor ansamblı da kömək edəcək. Ansamblın 12 üzvü var, gələcəkdə üzvlərin sayını artırmaq nəzərdə tutulur.
   İbrahim Bürhanov qeyd edib ki, Gürcüstan hökuməti ahıskalıların öz tarixi vətənlərinə (Gürcüstanın Cavaxetiya bölgəsi - red.) qayıtması üçün qərar qəbul edib. Artıq 62 ailə - təxminən 300 nəfər Gürcüstana köçüb: «Cəmiyyətimizə daxil olmuş 5630 ərizədən 5400-nü hazırlayıb sənədlərlə birgə Gürcüstan tərəfinə təqdim etmişik. Daha 7 min müraciətə də baxılacaq.
   Hazırda tarixi vətənimizə köçənlər arasında evlənib ailə quranlar da var. Yeni ailələrin yaranması isə gənc nəsil nümayəndələrinin daha da çoxalacağını göstərir. Bu isə o deməkdir ki, orada da folklor ansambllarının, xalq teatrlarının yaranmasına ehtiyac var. Azərbaycanın müxtəlif regionlarında 12 folklor ansamblımız var. Bu işlər tarixi vətənimizdə də davam etdiriləcək.Yaxın bir-iki aydan sonra Saatlıdakı “Adıgün” uşaq folklor ansamblının üzvlərilə birgə Gürcüstana gedib orada da belə bir ansambl təşkil edəcəyik.
   
   İradə Əsədova