İyunun 9-da “Qız qalası” qalereyasında alman rəssamı Peter Föllerin şəxsi satış sərgisi keçirildi. Sərginin təşkilatçıları “Qız qalası” qalereyası, Berlindəki “Bakı-Berlin” qalereyası və Almaniyanın Azərbaycandakı səfirliyidir. İyunun 19-dək davam edəcək sərgidə Peter Föllerin rəngkarlıq, yağlı boya və qrafika üslubunda işlənmiş 23 rəsm əsəri nümayiş etdirilir.    

   Rəssamın “Bölünmüş torpaq”, ”Külək orqanı”, “Çırtma”, “Tropik”, “Qoruyan mələk”, “Yuva himayəçisi”, “Qağayı”, “Qalib”, “Qışqırıq”, “Göyə səfər”, “Aldadıcı işıq”, “Ürəklərin kraliçası”, “Sakit görüş” və başqa əsərləri tamaşaçılar tərəfindən maraqla qarşılandı.
   Qeyd edək ki, Azərbaycan sənətsevərlərinə Peter Föllerin adı tanışdır. 2007-ci ildə o, “Qız qalası” qalereyasında müştərək sərgidə iştirak edib. Bir il sonra isə “Berlin-Bakı” rəsm qalereyasında azərbaycanlı rəssamlarla birgə əsərləri sərgilənib. Bu zaman onun sərgilənən işləri içərisində Qarabağ faciəsinə həsr olunmuş əsəri də var idi və bu əsər tamaşaçılar arasında dərin təəssürat yaratmışdı.
   1971-ci ildən rəssamın şəxsi sərgiləri Almaniyanın bir çox şəhərlərində, o cümlədən Kanada, ABŞ, Sudan və Lüksemburqda keçirilib. Rəssamın əsərləri Almaniyanın, İsveçrənin, ABŞ-ın, Kanadanın və bir çox digər ölkələrin muzeylərində və şəxsi kolleksiyalarında saxlanılır. O özünü teatral dekorasiya sənətində də sınayıb. Föllerin çəkdiyi rəsmlər sirli tapmaca olub, bir çox açıqlama yollarını təklif etməklə parlaq palitrası, pastel qamma çalarları ilə bəzən də gah dəqiq geometrik forması ilə, hüdudları qeyri-müəyyən cizgiləri ilə diqqət çəkir. O tamaşaçını nəinki öz əsərlərinə cəlb edir, həmçinin onları öz sirli, abstrakt-real dünyasına dəvət edir. 

   Nuray