Səttar Bəhlulzadə Azərbaycan incəsənəti tarixində öz yerini qazanmış fövqəladə yaradıcılıq qabiliyyətinə malik rəssamlardandır. Milli və bəşəri ənənələri əsərlərində bacarıqla əks etdirən rəssam Azərbaycan rəngkarlığında yenilikçi, novator sənətkar kimi tarixə düşüb.
   
   S.Bəhlulzadə 1909-cu il dekabrın 15-də Bakının Əmircan kəndində dünyaya göz açıb. 1927-1931-ci illərdə Azərbaycan Rəssamlıq Məktəbində oxuyub, Ə.Əzimzadənin təqdimatı ilə “Kommunist” qəzetində işləyib. 1933-1940-cı illərdə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. V.Favorski, L.Bruni və Q.Şeqaldan dərs alıb. Böyük Vətən müharibəsi (1941-1945) illərində Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində müəllimlik edib. Bu dövrdə bir çox sənətkarlar kimi onun da əsərlərində müharibə, hərbi-vətənpərvərlik mövzusu əksini tapmışdı. “Babək üsyanı”, “Fətəli xan”, “Bəzz qalasının müdafiəsi”, “Xəttat Mirəli Təbrizi” və s. əsərlərini belə nümunələrdən saymaq olar. “Bəzz qalasının müdafiəsi” əsərində kolorit zənginliyi, obrazların gözəçarpıcılığı kompozisiyanın bitkinliyi ilə diqqəti cəlb edir. Göründüyü kimi, rəssam yaradıcılığının ilk dövrlərində tarixi janra, gerçəkçi üsluba üstünlük verib. Bunu tarixi şəraitin, zamanın diktəsi kimi də izah etmək olar.
   Sonrakı dövrdə S.Bəhlulzadə mənzərə janrında özünü bacarıqlı rəssam kimi təsdiq edib. Azərbaycan təsviri sənətində müasir tipli ilk mənzərə əsərlərini Bəhruz Kəngərli çəkmişdi. Səttar öz dövründə B.Kəngərlinin ənənələrinin layiqli davamçısı oldu. Bu xüsusda rəssamın 1950-ci illərdə çəkdiyi “Dənizkənarı bulvar”, “Xaçmaz yolunda”, “Qudyalçay vadisi”, “Qudyalçay sahili”, “Qız bənövşəyə gedən yol”, “Payız”, “Yaşıl xalı”, “Bağlararası”, “Əmsar bağında”, “Yuxarıdaşaltı”, “Çiçəklər” və s. əsərləri qeyd etmək olar. Bu işlərdə hələ rəssam realistik ifadə vasitələrindən uzaqlaşa bilməmişdi. Eyni zamanda, bu işlər S.Bəhlulzadənin təbiətin vurğunu, düşüncələrini rənglərlə ifadə etməyi bacaran rəssam-filosof olduğunu göstərir.
   60-cı illərdən etibarən S.Bəhlulzadənin axtarışlarla dolu yaradıcılığı yüksələn xətlə inkişaf edib. Bu dövrdə rəssam artıq öz üslubunu, öz dəst-xəttini yaradır. Onun əsərlərində kompozisiya, kolorit, işıq-kölgə, perspektiv həlli tamamilə rəssamın daxili aləminin, hisslərinin diktəsinə tabe etdirilib. “Xəzər gözəli”(1961), “Torpağın arzusu”(1963), “Kəpəzin göz yaşları”(1965), “Azərbaycan nağılı”(1970), “Corat yemişləri”(1971), “Əfsanəvi torpaq”(1971), “Naxçıvan dağları”(1973), “Naxçıvan”(1974), “Axşamçağı Ordubad dağlarında”(1974) və s. əsərlər bu qəbildəndir.
   Rəssamın əsərlərinin mövzusunu Azərbaycan təbiəti - meşələr, göllər, dağlar, çaylar, çəmənliklər və Xəzər dənizi təşkil edir. S.Bəhlulzadə real Azərbaycan təbiətini təsvir edirdi. Konkret olaraq müşahidə etdiyi, gəzib-gördüyü mənzərələri, təmas etdiyi materiyanı rəssam təxəyyülündən süzərək, özünəməxsus rəng effektləri yaratmaqla kətana köçürürdü.
   Çoxları S.Bəhlulzadə yaradıcılığından söz açarkən ilk növbədə Azərbaycan təbiətindən, güldən, çiçəkdən və s. danışmağa başlayır. Halbuki bu, Səttar yaradıcılığının səciyyəvi xüsusiyyəti deyil. Rəssamın 60-cı illərdən sonra yaratdığı hər hansı bir əsərinə tamaşa etsək orada real təbiət təsvirinə-materiyaya rast gəlmək mümkün deyil. Çünki mövzu hələ mahiyyət demək deyil. Düzdür, rəssam mövzu olaraq Azərbaycan təbiətini seçib, ancaq mahiyyət etibarı ilə rəssamın yaratdığı əsərlər Azərbaycan təbiətinin zahiri mahiyyətindən qat-qat yüksəkdə dayanır. Dünyaca ünlü rəssam V.Qoq bir müddət Fransada, Arl bölgəsində yaşayıb-yaratmışdı. Rəssamın yaradıcılığının çiçəklənməsi bu dövrü əhatə edir. Ancaq buna baxmayaraq heç zaman V.Qoqu “təbiət, gül-çiçək rəssamı” adlandırmırlar. Ömründə bircə dəfə də olsun Fransada Arlda olmayan tamaşaçı çox rahatlıqla rəssamın yaratdığı duyğulandırıcı əsəri seyr edir, onu özünə doğma sayır.
   Əgər azərbaycanlı S.Bəhlulzadəninin də əsərlərinin bu cür yüksək bədii dəyəri olmasaydı, onu dünya səviyyəsində qəbul etməzdilər. Onun əsərlərinin UNESCO səviyyəsində sərgisinin təşkil olunması, 2009-cu ilin “Səttar Bəhlulzadə ili” elan edilməsi böyük rəssamın yaradıcılığına verilən yüksək qiymətin göstəricisidir.
   Təəssüf ki, vaxtilə müxtəlif səbəblərdən sənətkarın yaradıcılığına düzgün qiymət verilməyib. 50-60-cı illərdə S.Bəhlulzadə sənətkarlığı ilə müqayisə olunmaz dərəcədə aşağı səviyyədə olan rəssamlara ondan qat-qat yüksək münasibət bəslənib. S.Bəhlulzadənin yaradıcılığı isə layiq şəkildə geniş tamaşaçı auditoriyalarına çatdırılmayıb, sərgi salonlarında nümayiş olunmayıb. Amma buna baxmayaraq böyük sənətkar ruhdan düşməyib, yaradıcılıq ideallarını süni maneələrə və ucuz şöhrət naminə qurban verməyib.
   Ümummilli lider Heydər Əliyev respublika rəhbərliyinə gələndən sonra S.Bəhlulzadə yaradıcılığı diqqət mərkəzində saxlanıldı, rəssama Dövlət mükafatı verildi. Heydər Əliyev 1994-cü ildə S.Bəhlulzadənin 85 illik yubiley gecəsindəki çıxışında demişdi: “Mən onu yaxşı tanıyırdım. 60-cı illərdə Səttar Bəhlulzadə ilə şəxsi münasibətim var idi və mən Azərbaycana rəhbərlik edərkən onun sənətini sevdiyimə və bir insan kimi ona hörmət etdiyimə görə bu böyük rəssamla təmaslarım olmuşdu. O, qeyri-adi bir insan idi...” Ümummilli liderin dövlətçilik kursunun layiqli davamçısı Prezident İlham Əliyev sənətkarın həyat və fəaliyyətinin təbliği məqsədilə sərəncamlar imzalayıb. Böyük sənətkarın yubileyi ilə bağlı keçirilən ən müxtəlif tədbirlər - haqqında çəkilən film, təşkil olunan elmi konfranslar, sərgilər və çap olunan kitab - bütün bunlar mədəni irsimizin ən layiqli daşıyıcılarından olan Səttar Bəhlulzadə adlı sənət zirvəsinə ehtiramımızın ifadəsidir.
   
   Əsəd Quliyev,
   sənətşünas, Rəssamlar İttifaqının üzvü 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar