Onun əsərləri kədəri izləyir. Onun qadınları quyu kimi qaranlıq, kədər kimi dərin gözlüdür. O qadınların gözlərini çəkməzdi. Çünki qadınların ruhuna gedən yol onun gözlərindən keçmirdi...
   
   1884-cü il iyulun 12-də İtaliyanın Livorna şəhərində gələcəkdə hamını heyrətə gətirəcək rəssam dünyaya gəlir. 1906-cı ildə Parisə köçən rəssam Pablo Pikasso ilə tanış olur, sonrakı yaradıcılığında bu dahi sənətkarın yaradıcılığından təsirlənir.
   Amadeo Modilyani yaraşıqlı və istedadlı idi. Daha çox qadınları çəkirdi. Lakin bir gün Modilyani həyatının qadını Janna ilə tanış olur. Jannanın portretini çəkən rəssam ona vurulur və o gündən onların saf məhəbbət hekayəsi başlayır. Jannanın ailəsi katolik olduğu üçün qızlarının yəhudi Modilyani ilə birgə münasibətinə qarşı etiraz etsələr də, Janna məhəbbətindən dönmür. Ömrünün sonunadək rəssam Modilyani ilə birgə yaşayan, həyat yoldaşının ölümündən sonra bətnindəki 8 aylıq körpəsi ilə pəncərədən özünü atıb intihar edən Janna sədaqəti ilə sevginin zirvəsinə ucalır.
   Deyilənlərə görə, Modilyani həyatında çoxlu qadınlar olmasına baxmayaraq həmişə heykəltəraş dostu Brankuziyə “Məni bir qadın gözləyir, həmişəlik mənim olacaq və yuxularıma gələcək bir qadın...” söyləyərmiş.
   Modilyani Jannadan 14 yaş böyük idi. Aralarındakı yaş fərqi heç nəyi dəyişmirdi, əksinə, Modilyani qadınının ruhunu daha yaxşı oxuyurdu.
   Jannanın portretlərini çəkən şair bu dəfə hamını təəccübləndirir. İndi portretdəki gözlər quyu kimi boş deyildi. Bəli, Amadeo Modilyani bir qadının gözlərini, ruhunu görə bilmişdi. Modilyani sevgisini, gözlərdəki kədəri çəkirdi...
   Amadeo Modilyani uşaq yaşlarında vərəm xəstəliyinə tutulmuşdu. Sonralar içki və narkotikə aludə olan rəssamın səhhəti daha da pisləşir. Yoxsulluq onu əzsə də rəssam bir-birindən möhtəşəm əsərlərini yaradır.
   O qadın gözəlliyini fərqli, özünəməxsus tərzdə yaradan rəssam idi. 1917-ci ildə dostu şair Leopold Zbarovskinin təkidi ilə Parisdə Berthe Veill qalereyasında 32 çılpaq qadın tablosundan ibarət sərgi açır. Sərgi rəsmlərin açıq-saçıqlığına görə polis tərəfindən bağlanır.
   Rəssam 1920-ci ildə, 36 yaşında Parisdə dünyasını dəyişir. Amadeo Modilyaninin ölümü hamını sarsıdır. Dünyadan bir rəssam, bir məhəbbət əksilir. Modilyaninin ölümündən bir gün sonra isə Janna intihar edir. Onun ölümündən sonra Pikasso «Amadeo Modilyani» adlı əsərini çəkir.
   …2004-cü ildə Modilyani adı yenidən gündəmə gəlir. Endi Qarsianın ifasında rəssam Modilyani ekran həyatını yaşayır. «Modilyani» filmi maraqlı olduğu qədər də təsirlidir. Rəssam nə qədər çox içsə, narkotikə qurşansa da, biz ona nifrət edə bilmirik. Əksinə, onun kədəri tamaşaçının da kədəridir. Film boyu Janna və Amadeonun saf məhəbbətləri izlənir. Filmin sonluğunu göz yaşlarısız izləmək qeyri-mümkündür. Modilyani iki il birgə yaşadığı Jannaya sürpriz etmək istəyir. Nikah kağızını ona çatdırmaq istərkən yolda şəhərin avaraları tərəfindən bərk döyülür. Kağız qana batır. Parisə qar yağır. Ağ qarın üstündə ölümün izləri cızılır. Paris dahi rəssamını itirir.
   Bu gün də dahi rəssamın qəbrini ziyarət edənlər oradan böyük kədərlə ayrılır. Modilyani və onunla yan-yana bətnindəki 8 aylıq körpəylə dəfn edilmiş Janna...
   Bir dəfə Amadeo 16 yaşında olarkən dostuna məktub yazır: “Mən həqiqətləri və romanlara sıxışdırılmış gözəlliklərin düsturunu tapıb insanlara təqdim edəcəyəm. Artıq bütün gizli həqiqətlər mənə aşkardır”... Bəli, uşaqlıq yaşlarından kədəri və həqiqəti kəşf edən dahi rəssamın dünyası bu gün də onun tablolarında yaşamaqdadır. Bəlkə də hardasa rəsmini çəkdiyi qadınların quyu kimi qaranlıq gözlərindən bu gün bizə boylanır. Bəlkə də tapdığı düsturu Jannanın gözlərində gizlədib...
   
   Yeganə Cansail