Dünya kinosunun nəbzi bu günlər Fransanın Kann şəhərində döyünür. Mayın 12-də bu şəhərdə 63-cü Beynəlxalq Kann kinofestivalı işə başlayıb.
   Festivalın açılışı Ridli Skotun “Robin Qud” filmi ilə gerçəkləşib.

   
   Mayın 23-dək davam edəcək festifalda 18 film “Qızıl palma budağı” uğrunda mübarizə aparacaq. Ötən illərlə müqayisədə bu il festival filmlərin sayını azaldıb. Festivalı izləmək də asanlaşıb. Əvvəllər festivalın saytı ingilis və fransız dillərində olduğu halda, indi 8 dildə (çin, ispan, yapon, portuqal, rus və s.) yayımlanır.
   Festivalın ən maraqlı məqamları isə, sözsüz ki, Kann şəhərinə təşrif buyurmuş kino ulduzlarıdır. Onların arasında Maykl Duglas, Alen Delon, Şaron Ston, Klaudio Kardinal, Vudi Alen, Naomi Vatss, Mik Jager kimi dünya şöhrətli aktyorlar var.   

   Festivalın proqramı
   
   Festivalın proqramında əsasən, Mayk Leyin “Başqa il”, Alexandro Gonzalesin “Gözəl”, Xavier Bovoisin “Allah adamları”, Dug Limanın “Ədalətli oyun”, Daniel Lucettinin “Bizim həyat”, Nikita Mixalkovun “Batan günəş - 2” filmləri favorit sayılır.
   Kann festivalı gələcəkdə özlərini tammetrajlı film rejissoru kimi sınamalı olacaq gənc rejissorlar üçün də şərait yaradıb. Qısametrajlı filmlərin nümayişi də elə məhz bu məqsədlə festival proqramına daxil edilib. Builki “Short Film Corner” proqramında Marcia Farianın “Stansiya”, Pedro Pio Martin Perezin “Maya”, Edvard Housdenin “Əzələlər”, Monika Lairanın “Rosa”, Sabina Guzzantinin “Drakula” və s. filmləri “Qızıl palma budağı”na iddialıdır.
   Yeri gəlmişkən, Azərbaycanın “Salnamə” studiyasının istehsalı olan “İz...Qala” sənədli filmi kinofestivalın “Short Film Corner” bölməsinə qəbul edilib.
   Festivalda klassik film ənənəsi bu il də davam edir. Belə filmlər arasında Hektor Babenkonun “Hörümçək qadın öpüşü”, Lui Benuelin “Tristan”, Lukino Viskontinin “Leopard” və s. filmləri yer alıb.
   
   Qalmaqallı filmlər
   
   Festivalda nümayiş olunacaq filmlər arasında qalmaqal doğurmuş bir neçə film var. İtaliyanı təmsil edəcək Sabbina Guzzantinin “Drakula” filmi artıq öz ölkəsində bir neçə dövlət işçisinin kürkünə birə salıb. Hətta İtaliyadan bu filmin nümayiş edilməsinə etiraz da gəlib. Festivala dəvət edilən İtaliya Mədəniyyət naziri Sandro Bondi filmdə əsas hədəf seçilmiş baş nazir Silvio Berluskoniyə haqsızlıq olduğunu vurğulayaraq festivalda iştirak etməkdən imtina edib.
   Fransada isə millət vəkilləri “Qanundankənar” filminə öz etirazlarını bildiriblər. Filmdə Fransanın vaxtilə Əlcəzairdə həyata keçirdiyi müstəmləkəçilik siyasətindən bəhs edilir.
   
   Jüri
   
   Bu il seçiləcək filmlərin taleyi jüri heyətinin başçısı, məşhur amerikalı rejissor Tim Bertondan asılı olacaq. Jürinin heyəti isə dünya kino aləmində yaxşı tanınan iranlı rejissor Cəfər Pənahi, italiyalı kinematoqraf Alberto Barbera, ingilis aktyor Keyt Beninsel, fransalı kinematoqraf Emmanuel Karrer ilə Benisio Del Torro, Viktor Erik və Covanna Mezzogiorno kimi məşhurlardan ibarətdir.
   
   Yeganə Cansail