Sentyabrın 16-da Muzey Mərkəzinin sərgi qalereyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq “Bakıda batika həftəsi” adlı sərginin açılışı oldu.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirdi ki, dekorativ tətbiqi sənət növlərindən olan batika Azərbaycanda xalqımızın qədim ənənələrə malik kəlağayı sənətinin çağdaş varisi kimi inkişaf edib zənginləşməkdədir. Orta əsrlərdən başlayaraq Şirvan, Basqal və Gəncədə ipəkçiliyin inkişafı ilə əlaqədar xalq sənətkarlarının, xüsusilə də qadınların məşğuliyyət növü kimi bu sənəti yaşadanların sayı yüzlərlə olub. Qədim ipəkçilik, kəlağayı sənəti Rəna İbrahimbəyova, Cəlil Tarverdiyev, Ənvər Qarayev, Tatyana Ağababayeva kimi müasir batika ustalarımızın yaradıcılığı sayəsində Azərbaycan batikanın inkişaf etdiyi ölkələr arasında önəmli yer tutur.
Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov bu incəsənət növü barədə məlumat verdi, sənətkarlarımızın yaradıcılığı sayəsində onun bərpa olunaraq sənət aləmində öz yerini tutduğunu bildirdi. Sərginin təşkilatçılarına minnətdarlığını bildirərək bu üslubda yaradılan gözəl sənət nümunələrini qeyd etdi.
Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov da incəsənətin inkişafında bu cür sənət növlərinin rolunu vurğuladı.
Çıxışlardan sonra sərgiyə baxış oldu. Sərgidə maraqlı əl işləri yer alıb. Mehdi Nağıyevin “Ailə”, Salar Məmmədovun “Nəlbəki rəqsi”, Oqtay Murtuzayevin “Yuxu”, İlham Səfərlinin “Hüceyrələrin idrakı”, “Sirli biliklər dünyası” və s. diqqətçəkən batika əsərləri sərgi salonuna xüsusi gözəllik bəxş edirdi. Sərgi salonunun bir zalının ortasından asılmış bir neçə batika nümunəsi isə tədbir iştirakçılarının xüsusi marağına səbəb oldu.
Qeyd edək ki, 40-dək batika ustasının 130 əsərinin nümayiş olunduğu sərgi sentyabrın 22-dək davam edəcək.
Reyhan İsayeva